Etatizm Akademiyası - kitabların önəmi

Elvin Əliyev

22-07-2017, 20:13 Oxunub: 711
Yəqin ki, siyasi düşünmə və doğru qərar vermə qabiliyyəti bir xalqın sahib ola biləcəyi ən yaxşı xüsusiyyətdir. Çünki xalqın taleyində elə xüsusi anlar olur ki, veriləcək qərar, xalqın və dövlətin bütün gələcəyini formalaşdıra və ya məhv edə bilir. Bu anlarda doğru qərar verə bilmə və doğru davranmaq üçün insanların siyasi dünya görüşü formalaşmalıdır.

İnsanlar milli maraqları dərk etməsələr heç bir halda doğru qərar verə bilməzlər. Milli maraqların dərki xalq üçün ən vacib məsələlərdən biridir. Təbii ki, romantik demokratiyadan uzaq düşünsək, xalqın hər zaman bir neçə öncül şəxslər tərəfindən düşüncəsinin və davranışının yönləndirildiyini görərik. Lakin əsas məsələ, xalqın düşüncəsini formalaşdıran şəxslərin məsələlərə nə dərəcədə realist yanaşa bilməsidir.

Romantika siyasətdə yolverilməzdir. Çünki siyasi romantikərin tariximizdə xalqımızı dəfələrlə uçuruma sürüklədiyinin şahidi olmuşuq. Xalq nümunələrlə düşünür, onun doğru düşünmə və qərar vermə qabiliyyətini formalaşdırmaq üçün doğru nümunələr təqdim etmək lazımdır.

Etatizm Akademiyası olaraq nəşr etdiyimiz dörd kitabın hər birində oxuculara siyasi düşüncənin və davranışın müxtəlif yönlərinə məxsus nümunələri təqdim etmişik. Lakin bu nümunələr dünya siyasətindən olduğuna görə siyasi romantiklərimiz bizə yersiz iradlar bildirirlər. Birincisi bu məsələdə yersiz milliyətçilik etmək, xalqı dünyanın ən möhtəşəm nümunələrindən məhrum etmək çox böyük yanlış olar. İkincisi isə təbii ki, xalqımızın da siyasi arenada böyük şəxsiyyətlərinin olduğu doğrudur, onlar haqqında öz dilimizdə kifayət qədər kitab var. Sadəcə oxumaq lazımdır. Diqqət etsəniz, kitablarla təqdim etdiyimiz nümunələrin mübarizə vasitələri və formaları nə dərəcədə müxtəlif olsa da hamısının bir ortaq yönü var - iradə!

Bu mübariz şəxsiyyətlərin hər biri böyük əksəriyyət kimi gördüyü problemlərə göz yummayıb. Əksinə, öz iradələrinə və mübarizə əzmlərinə güvənərək sosial və ya siyasi problemlərə savaş açaraq sonadək mübarizə aparıblar. Bu özəlliyin dərki etatizmin insana baxışını və əxlaq fəlsəfəsini öyrənmək üçün mükəmməl vasitədir.

Etatizmə görə vətəndaş siyasi proseslərdən kənar qalmamalı, dövlətin yapılanmasında iştirak etməli və önəmli anlarda şəxsi mənfəətini xalqın mənafeyi uğruna qurban verməyi bacarmalıdır. Yalnız bu cür şəxsi keyfiyyətlərə sahib fərdlər xalqın gələcəyini qurur, tarixini yazır. Buna görə də biz hansısa şəxsiyyətlərin bütləşdirilməsindən, şəxsiyyətə pərəstişdən tərəf deyilik. Bu, cahil cəmiyyətlərin və insanların işidir. Biz təqdim etdiyimiz nümunələrin şəxslərinə deyil, onların şəxsi keyfiyyətlərinə, iradə və əzmlərinə daha çox diqqət edilməsini istəyirik. Əks təqdirdə bu insanları mübarizəyə tətikləyən qüvvə gözdən qaçır və şəxslər önə çəkilir.

İstər Snelman, istər Hertzl, istər Qandi və ya Atatürk olsun - bu mübarizə insanlarının heç biri özünü mübarizə yolundan, xalqından, vətənindən və dövlətindən üstün tutmayıb. Bu, xalqımızın siyasi düşüncəyə sahib şəxsləri üçün əsas nümunə olmalıdır. Belə olmadıqda insanlar asanlıqla yollarından dönür, mübarizələrinə xəyanət edirlər.

Son olaraq onu da qeyd edim ki, sevgidən, sədaqətdən, cəsarətdən, fədakarlıqdan və iradədən yoxsul şəxslərin siyasi arenada, üzdə olmaları xalq üçün çox böyük travmalarla nəticələnir. Xüsusən də, siyasi təfəkkürə sahib olmayan cəmiyyətlərdə bu cür şəxslər özlərini xalqa mübarizə insanı kimi “sırıyırlar” və onların uğursuzluqlarına görə bu insanlara güvənən, onların ardınca gedən xalqın mübarizə əzmi sınır. Buna görə də siyasi təfəkkürün formalaşması, xalqın əsl mübarizə insanlarını tanıması istər öz, istərsə də dünya tarixində mövcud olmuş böyük şəxsiyyətlərin həyat və mübarizə yollarını, onların şəxsi keyfiyyətlərini öyrənməkdən keçir. Etatizm Akademiyası olaraq bu cür nəhəng şəxsiyyətləri, mübarizə hərəkatlarını oxuyuculara təqdim etməyə davam edəcəyik. Dünyanı Azərbaycan üçün oxuyaq!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar