Tacirlər və qəhrəmanlar

Elvin Əliyev

10-04-2017, 20:52 Oxunub: 320
"Tacir ruhən kasıbdır, o, həyatın ona nələr verəcəyini, həyatdan nə qopara biləcəyini düşünür. Bütün həyatını qazanmağa və yığmağa həsr edir. Qəhrəman isə fədakardır, o, daima həyata nələr qata biləcəyini düşünür. Hətta üzərinə düşən vəzifəni belə yerinə yetirdiyində, yenə də işini sona çatmamış hesab edir, yenə nələrsə edə biləcəyini düşünür". Verner Zombart - "Tacirlər və Qəhrəmanlar".

Məşhur alman filosofu və sosioloqu Verner Zombart "Tacirlər və Qəhrəmanlar" adlı kitabında insan, cəmiyyət və onların yaratdığı dəyərləri ikiyə bölür: tacirlərə və qəhrəmanlara.

Zombartın fikrincə, tacirlərin (burada söhbət ticarətlə məşğul olanlar deyil, bu psixoloji tipdir) üstünlük təşkil etdiyi və onların dəyərlərinin dominant olduğu cəmiyyətlərdə mənfəətçilik, fərdçilik, eqoizm, istismar halları geniş yayılmış olur. Bu tip cəmiyyətlər, hətta ən müqəddəs ideaları belə öz baxışlarına uyğunlaşdıraraq dəyərdən salırlar. Hər cür fədakarlığa, idealizmə, altruizmə və üstün mənəvi dəyərlərə yad olan bu cəmiyyətlər, iqtisadi cəhətdən uğur qazansalar belə, mənəviyyatın və insanlığın deqradasiyasını yaşayırlar. Onlar həyata və insanlığa yeni nələrsə qatmağı, onu zənginləşdirməyi deyil, daima ondan nələrsə qoparmağı, istifadə etməyi düşünürlər. Tacir ruhu özünü ən açıq şəkildə praqmatizmdə göstərir. Qəhrəmanlar tərəfindən qurulan, onların dəyərlərinin hakim olduğu cəmiyyət isə əksinə, fədakarlığın, kollektivizmin, mənəvi dəyərlərin üstünlük təşkil etdiyi, ideaların hər cür maddiyyatdan üstün tutulduğu bir cəmiyyətdir.

Qəhrəmanların cəmiyyəti, mədəni və mənəvi baxımdan daha çox inkişaf etmiş, çevik təşkilatlanmağı bacaran, altruizmin eqoizmə qarşı qoyulduğu və üstün tutulduğu bir cəmiyyətdir. Əslinə qalsa hər cəmiyyətdə tacir və qəhrəman ruhlular var. Məsələ onların say üstünlüyündə deyil. Əsas məsələ elit sayılan, xalqın mədəni həyatına təsir edən təbəqənin hansı kateqoriyaya aid olduğudur. Əgər bir xalqın elit təbəqəsi mənfəətçilərdən, eqoistlərdən təşkil olunubsa, o cəmiyyət və dövlətdə nə mənəvi deqradasiyadan, nə də məmur istismarçılığından qaçmaq mümkün deyil. Beləliklə, xalqın mədəni və mənəvi həyatı sırf maddiyat üzərinə qurulur. Bu tip cəmiyyətlərdə ən böyük problemlərdən biri mənəvi yoxsulluğun maddiyatla ört-basdır edilməsi istəyi, maddiyat üzərində gedən amansız rəqabətdir. Bu rəqabət, vətəndaşların arasında olduğu kimi və hətta, daha amansız şəkildə məmur sinfinin arasında özünü göstərir.

Yəqin ki, psixoanalitikayla maraqlanan hər kəsə məlumdur ki, bir insanın, eləcə də bir xalqın şüuraltısını bilmək üçün onun ən çox istifadə etdiyi sözlərə, cümlələrə, deyimlərə diqqət etmək lazımdır. Çünki dil, deyimlər şüuraltını, insanın həyata baxışını formalaşdırır.

Məşhur psixoanalitik Lakanın fikrincə, xüsusən də, valideynlərimiz tərəfindən eşitdiyimiz sözlər, deyimlər birbaşa bizim şüuraltımıza güclü şəkildə təsir edir.

Biz bu gün xalqımızdan, valideynlərimizdən hansı fikirləri eşidirik? "Soğan olsun, nəğd olsun", "Körpünü keçənə qədər ayıya dayı de", “Ehtiyac qul edər qəhrəmanı da”, “Heç kimə inanma” və s. Sizcə bu deyimlər qəhrəman dəyərlərilə nə dərəcədə üst-üstə düşür?

Ağalar Məmmədov dil fəlsəfəsi haqqında mühazirəsində, mədəniyyətin, gündəlik təkrarladığımız sözlərdə, deyimlərdə olduğunu bildirir. Məsələyə bu prizmadan baxdığımızda "mədəniyyətimiz"in hansı dəyərlər üzərinə qurulduğu yalnız təəsüf hissi doğurur.
Problem bundadır ki, qəhrəman dediyimizdə, xalq olaraq ağlımıza müharibədə xüsusi canfəşanlıq göstərən və ya özünü riskə ataraq kimisə xilas edən adam gəlir. Sözsüz ki, bu cür şəxslər qəhrəmandırlar, lakin qəhrəmanlıq təkcə bu deyil. Qəhrəmanlar istənilən sahədə ola bilərlər.

Zombarta görə ən böyük qəhrəmanlar, xalqını tacir ruhundan qurtaranlar, onun dəyərlərini yenidən, sağlam şəkildə dəyərləndirənlər və xalqın mənəvi inkişafına səbəb olan şəxslər sayla bilərlər. Buna görə də bu gün ən böyük qəhrəmanlıqları yeni yazarlarımızdan, filoloq, filosof və dilçilərimizdən gözləməliyik. Lakin çox təəssüf ki, gənc yazarlarımızın və özünü “filosof” adlandıran yaşlılarımızın mövzusu qadın və cinsi məsələlərdən o yana keçmir...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar