Radikal utopiya

Elvin Əliyev

29-03-2017, 19:23 Oxunub: 803
Günümüzün yaşayan ən məşhur filosofu, “fəlsəfənin rok ulduzu” Slavoy Jijek, “virtual reallıq” mövzusunda danışarkən utopiyalar mövzusuna da toxunur. Demək olar ki, bütün fəlsəfi məsələlərdə olduğu kimi Jijek, bu məsələyə də özünəməxsus, fərqli və hətta ziddiyyətli bir baxış ortaya qoyur.

Ziddiyyətlərin filosofu Jijek, utopiyaları üç hissəyə bölür:

1. Klassik utopiya. Jijekin fikrincə, klassik, öyrəşilmiş utopiya, gerçəklikdə mövcud ola bilməyəcək, yaşadığımız dünyaya, sistemlərə, cəmiyyətlərə, siyasi quruluşlara alternativ olaraq ideal bir quruluşun və s. xəyal edilməsidir. Bu tip utopiya, xəyalpərəstlərə, romantiklərə məxsusdur. Jijkek problemlər qarşısında konkret olaraq bir yol seçməyib, həlli yolu barədə düşünməyib, sadəcə daha yaxşı bir düzənin xəyal edilməsini klassik utopiya hesab edir. Bu tip utopiyalara nümunə olaraq Tomas Morun “Utopiya”sını, Tomazzo Kampanellanın “Günəş şəhəri”ni və s. nümunə göstərmək olar. Jijek bu tip utopiyaları, “sanki edəcək başqa bir şey yoxmuş kimi oturub xəyal qurmaq”, yəni boş və mənasız hesab edir.

2. Kapitalist utopiya. Jijekə görə ikinci tip utopiya kapitalist utopiyadır. Kapitalist utopiya da klassik utopiya kimi, bu günə deyil, gələcəyə yönəlmiş, gələcəkdə mövcud ola biləcək bir düzənin xəyal edilməsidir. Kapitalist utopiya, hər cür istəklərin tətmin edilməsini, hətta ən kiçik qrupların, onların iyrənc istəklərinin belə tətmin olunacağı bir düzən xəyal edir. Xüsusən ABŞ cəmiyyətində getdikcə yayılan bu utopiya növü, bu xəyal qurma, əslində klassik utopiyadan daha təhlükəli hesab edilə bilər. Çünki bu utopiya, hər cür mənəvi, əxlaqi dəyərlərin məhvini, mənəvi deqradasiyanı təmsil edir. Hətta “virtual reallıq”da bu utopiyanın getdikcə reallaşmağa doğru irəlilədiyini görə bilərik...

3. Həqiqi, radikal utopiya. Jijekin utopiyalar bölümündə son və ən maraqlı tip həqiqi, radikal adlandırdığı utopiyadır. Jijekin fikrincə radikal utopiyanı klassik və kapitalist utopiyadan fərqləndirən əsas cəhət, heç vaxt mövcud olmayacaq və ya gələcəyə yönəlmiş deyil, günümüzdə tətbiq edilə biləcək olmasıdır. Radikal utopiya, heç nəyin mümkün kimi görünmədiyi, problemlərin hər sahədə olduğu bir dövrdə, ideal sayılacaq düzəni hətta özünü təhlükəyə ataraq səhnələndirməkdir. Jijekin fikrincə bu utopiya, mövcud bütün koordinatları dəyişdirə, stereotipləri sındıra və insanları istədikləri düzənin mümkün ola biləcəyinə inandıra bilər. Jijek, buna misal olaraq Riçard Niksonun Çinə olan səfərini qeyd edir. Dünyanın ən qorxunc, ən amansız sayılan dövlətinə olan bu səfər, zamanında bu sahədə bütün stereotipləri qıra bilməyi bacarmışdı.

Mənə görə həqiqi, radikal utopiyaya ən yaxşı nümunələrdən biri, bu gün MFMin göstərdiyi fəaliyyət və təşkilatın özü sayıla bilər. MFM, Azərbaycanda yeganə təşkilatdır ki, cəmiyyətimizdə mövcud olan demək olar ki, bütün problemləri öz daxilində əritməyi bacarıb.

Hər kəsin şikayətlənmək və nəsə etməmək qərarına gəldiyi, heç nəyin mümkün olmadığını düşündüyü bir zamanda, öz ayaqları üstündə durmağı bacaran, bacarığı və istedadı olan, düşünməyi bacaran hər kəsə özünü ifadə etməyə şərait yaradan, yalnız iradəsinə və ideyasına arxalanaraq fəaliyyət göstərən bir təşkilat, həqiqətən də bütün stereotipləri sındırmaq iqtidarındadır.

Ümumiyyətlə istənilən yenilikçi ideya, istənilən yenilikçi təşkilat ilk zamanlarda böyük əksəriyyətin şübhə və müqavimətilə qarşılaşır. Bu, hər bir möhtəşəm ideya və təşkilatlanmanın yaşadığı və aşdığı mərhələdir. Pula, şəxslərə, hansısa kənar qüvvələrin dəstəyinə arxalanan heç bir təşkilatlanma bu mərhələni aşa bilmir. İdeya və iradə əskikliyi, əvvəl-axır özünü biruzə verir və sistem elə öz elementləri tərəfindən parçalanır.

Ölkəmizdə son bir neçə ilin ictimai sferasına nəzər salmaq və bu tip parlayıb sonra sönən təşkilatları analiz etmək, pulun və kənar qüvvəninn dəstəyinin deyil, iradə və ideyanın əsas olduğunu görməyə kifayət edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar