Lüks həyat vergisi

Elvin Əliyev

5-12-2016, 14:29 Oxunub: 985
Jean Baudrillard yaşadığımız dövrü, onun reallıqlarını "Simulyakr və Simulyasiyalar" anlayışı ilə ifadə edir. Bu anlayışla o, dövrümüzdə gerçəyə necə müdaxilə edildiyini, KİV-lər və digər vasitələrlə gerçəyin necə təhrif edildiyini izah edir.

Simulyakr-orginalı olmayan surət (kopya) deməkdir. Yəni, bizə gerçək kimi ötürülən, təqdim edilən məlumatların bir çoxunun reallıqla demək olar ki, heç bir əlaqəsi yoxdur. Xüsusən də hansısa qüvvələrə xidmət edən (bu qüvvə hakimiyyət, hakimiyyətə əks qüvvələr və ya hər hansısa şəxslər, şirkətlər və s. ola bilər) KİV-lər bu məsələdə çox böyük rol oynayırlar. Baudrillard simulyasiyalara nümunə olaraq ABŞ KİV-lərinin rolunu xüsusilə qeyd edir. Məsələn son 100 ildə ABŞ dövlətinin birbaşa və dolayı yolla iştirak etdiyi müharibələr, istifadə etdiyi və ya istifadəyə verdiyi kütləvi qırğın və kimyəvi silahlar, bunların nəticəsində törədilən qırğınlar və qurbanların sayı, bu dövlətin necə vəhşi siyasət yürütdüyününün təsdiqidir. Lakin aparılan təbliğat və simulyasiyasın nəticəsində ABŞ demokratiyanın beşiyi, insan haqqları qoruyucusu və "Yer üzündəki cənnət kimi" tanınır.

Təbii ki, bu proses yalnız ABŞ-da deyil, demək olar ki, dünyanın bütün dövlətlərində gedir. Özlərini sübut etmək istəyən hakimiyyət nümayəndələri, gücə və sosial statusa sahib müxtəlif şəxslər simulyakrlar vasitəsilə özlərini dünyaya xoşniyyətli, xilaskar, önəmli şəxsiyyətlər və s. kimi göstərirlər. Həmçinin, çirkli pulların və əməllərin də üstünün örtülməsi, gerçəyin təhrif edilməsi bu prosesə daxildir. Xüsusən son illərdə, internetin həyatımıza daxil olması ilə məlumat axını içinə düşən insanların araşdırma qabiliyyətinin zəifləməsi simulyatorların işinə çox ciddi təkan verdi.

Hər şeydə olduğu kimi analoqu olmayan ölkəmizin simulyakr və simulyatorlarının da dünyada analoqu yoxdur. Məsələ burasındadır ki, gerçəyi birbaşa görən və hadisələrin içində yer alan şəxslərə gerçəyi simulyasiya etmək mümkün deyil. Axı necə ola bilər ki, AZTV-də dolların bahalaşmasının qiymət artımına heç bir təsiri olmadığını deyən "sadə vətəndaşlara" xalq inansın? Gün ərzində ən azı bir dəfə marketdən alış-veriş edən xalq nümayəndələri bu qiymət artımını birbaşa müşahidə etdikləri halda kimlərinsə onlara "siz yanlış görürsünüz, qiymət artmayıb" deməsi gülünc olduğu qədər də ikiüzlü və alçaqcadır. Və yaxud son aylarda artan çörək və s. yaşamaq üçün vacib olan ərzaqların oğurluqlarının baş alıb getdiyi bir ölkədə qaz və işığın qiymət artımını "lüks həyat vergisi" kimi təqdim etmək, artıq simulyasiya və yalan deyil, bir başa vətəndaşın üzünə durmaq deməkdi. Həyatımızın nə dərəcədə "lüks" olduğunu bilmək üçün, Məşğulluq İdarələrinin 160 azn maaş müqabilində təklif etdiyi işə düzəlmək üçün növbəyə düzülən gənclərin sayına baxmaq kifayət edir.

Bu tip simulyasiyalar adətən "qapalı siyasi sistem"lər tərəfindən yürüdülən uğursuz siyasəti ört-basdır etmək üçün edilir. Bu tip sistemlər dəyişiklik və yeniliyə dərhal uyğunlaşa bilmir, buna görə də tez-tez iqtisadi böhran yaşamağa məcbur olurlar. Problemin həlli isə bu böhranları, əslində bu böhran deyilmiş kimi göstərmək deyil. Problemin həlli yolu yeni sistem tipinə, yəni açıq sistemə keçiddir. Çünki yalnız açıq siyasi sistemlər, digər sistemlərlə birbaşa informasiya və s. əlaqəsində olduğuna, dəyişikliklərə dərhal uyğunlaşa bildiyinə, xaosdan nizama rahat keçə bildiyinə, mütəşəkkillik səviyyəsi yüksək olduğuna görə belə vəziyyətlərlə nadirən rastlaşır və problemi tez bir zamanda həll edə bilirlər. Qısacası, qapalı sistemlər böhran vəziyyətində özünü yeniləyə bilmədiyinə, digər sistemlər və altsistemlərlə lazımi əlaqədə olmadığına və s. səbəblərə görə böhran vəziyyətlərində öz sonunu hazırlayır. Bu sistemlər üçün xaos və nəhayətində tənəzzül qaçılmazdır.

Bu günlərdə bir psixoanalitiklə təsadüfi söhbətim zamanı çox maraqlı bir informasiya aldım. Onun dediyinə əsasən, psixoanalitik olmaq üçün ən azı 300 saat özün professional psixoanalitik qəbulunda olmalısan. Bu proseduranı keçməyən psixoanalitiklər və psixoloqlar, özlərində olan travma və psixoloji problemləri pasientlərə, analiz etdikləri şəxslərə yükləyir, onlarda bu problemin olduğunu bildirirlər. Bu proses şüurdan kənar baş verdiyinə görə bu insanları da qınamaq olmaz. Bu məsələ zənnimcə siyasi və xüsusən də qapalı siyasi sistemlər üçün də keçərlidir. Bu sistemlər özlərində, daxili və xarici siyasətdə rastlaşdıqları və yaşadıqları problemləri heç cür həzm edə bilmir və bu problemləri başqa ölkələrdə görməyə başlayırlar.

Bəli, Almaniya dağılır...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar