"Sesame credits"

Elvin Əliyev

21-06-2016, 16:40 Oxunub: 1633
Çində 2014-cü ildən etibarən hazırlanan və getdikcə istifadəçiləri sürətlə artan "Sesame Credits" proqramı bugünlərdə bir çox sosioloq və fəlsəfəçiləri narahat etməyə başlayıb.

"Sesame Credits" nədir? Bu sənin nə qədər "yaxşı vətəndaş" olmağını ölçən bir proqramdır. Bu proqrama qoşulan şəxs, hakimiyyətin istədiyi, dövlətə xeyir verən şeylər etdikdə xallar yığmağa başlayır və bu xallar onun şəxsi hesabında görünür. Məsələn, dünyanın ən böyük online shopping saytı olan "Aliababa"dan yerli mallar, hakimiyyətin tövsiyyə etdiyi kitablar aldıqda, çin sosial şəbəkəsində hakimiyyətə dəstək çıxan fikirlər yazdıqda, vergiləri vaxtında ödədikdə və s. xallar yazılır. Xarici mallar aldıqda, vergiləri gecikdirdikdə, hakimiyyətə və dövlətə əks, tənqidi fikirlər yazdıqda isə xallar sürətlə azalır. İlk baxışdan əslində elə də pis bir şey kimi görünməyən bu proqramda əsas diqqət edilməsi gərəkən şey isə xalları az olanların işə götürülməməsi, sıxışdırılması və yəqin ki, cəzalanması məsələsidir. Və ən pisi də odur ki, indi bu proqrama qoşulmaq könüllü olsa da, 2020-ci ildən etibarən bütün Çin əhalisi üçün bu proqrama qoşulmaq məcburi olacaq. Bu isə öz növbəsində
o deməkdir ki, hər kəs hakimiyyətin dediyi şeyləri almalı, oxumalı, hətta düşünməli və yazmalıdır.

Oyunlaşdırılmış cəmiyyət

Bir çox sosioloqların fikrinə görə, bu proqramdan sonra Çin hakimiyyətinin vətəndaşların beynini yuma siyasəti daha da geniş əhatəli olacaq. Çünki, bu proqramın sayəsində insanlar özlərini bir oyunun içində hiss edəcəklər, yaxşı şeylər etdikdə mükafatlanır, pis şeylər etdikdə isə cəzalanacaqlar. Və həm də bu yığılan xallar, vətəndaşlar arasında daha "yaxşı vətəndaş" olmaq uğruda rəqabətə gətirib çıxaracaq. Sosioloqların fikrincə bu proqram həm də vətəndaşlarda "yadlaşmanın" yaranmasının və Çin hakimiyyətinin sonunu gətirə bilər. Məsələ burasındadır ki, bu proqrama cəlb etdiyin hər bir başqa vətəndaşa görə hesabına xallar əlavə edilir. Həmin vətəndaş cərimə xalları aldıqda isə cəlb edənin də xalları düşür. Bu halda isə vətəndaşlar arasında "pis"lərin uzaqlaşdırılması adi hala çevriləcək. Bu isə öz növbəsində "pislər"in də birləşmə ehtimalını doğurur.
Hər halda bu proqram heç də yaxşı şeylər vəd etmir. Əksəriyyət robotlaşacaq, düşünənlər isə cəzalanacaq...

Qapalı əxlaq

Əslində bu zehniyyət təkcə Çində deyil, "qapalı əxlaq"ın hökm sürdüyü bütün dövlətlərin vətəndaşa yanaşmasında hiss olunur. Vətəndaşından öz maraqları üçün istifadə edən bütün dövlət və hakimiyyətlər hansısa mənada bu proqramdan istifadə edirlər. Çin isə sadəcə bu yanaşmanı proqlamlaşdıraraq qanuni hala salıb. Qapalı əxlaqla idarə edilən dövlətlərdə, dövləti idarə edən bir qrupun mütləq doğru və yanlışları qiymətləndirməsinə əsasən yanlış sayılanları edənlər birmənalı şəkildə sıxışdırılır, uzaqlaşdırılır və cəzalanırlar. Burada heç bir istisnaya yol verilmir və əhlilləşməyən hər kəsə düşmən kimi baxılır. Bu "sosial əxlaq"da da özünü göstərir. Cəmiyyətin dəyərlərini mənimsəməyən, fərqli düşünən və cəmiyyətin həyat tərzindən fərqli yaşayan (hətta o dahi olsa belə) hər bir şəxs cəmiyyətin gözündə dəli elan edilərək uzaqlaşdırılır. Bunun ən yaxşı nümunəsi isə Azərbaycan valideyninin övladına münasibətidir. "Yaxşı vətəndaş"lar isə heç bir halda hakimiyyətin, cəmiyyətin, valideynərin dediklərindən kənara çıxmayan, bütün yazılmamış qayda-qaunlara, dəyərlərə, adət-ənənələrə uyğun hərəkət edən "camaatın uşağı"dır. Bu əxlaqın "qapalılığı" isə ondadır ki, bu əxlaq heç bir yeniliyə, dəyişikliyə, inkişafa açıq deyil, yalnız hansısa "avtoritetlərin" mövcud status-kvonu qorumasına hesablanır. Bu, premodern zehniyyətidir. Tarixdən də bizə məlum oluğuna görə, tarixi hərəkətə gətirən "üstün fərd"lər heç bir avtoritet, nüfuz qəbul etməyən, çərçivələri aşan və inkişafı, güclənməyi əsas götürən şəxslərdir. Bu halda bu novatorların niyə qapalı əxlaqın hökm sürdüyü şərq toplumlarından çıxmadığı yəqin ki, hər kəsə aydın oldu.

Modern İdeologiyalar

Ümumiyyətlə postmodernistlər "modern ənənələrdən qurtula bilmədi" iddiasında haqqlı sayla bilərlər. Modern dövrdə yaranmış üç əsas ideoloji yolun (liberalizm, sosializm, nasizm) hər üçündə də "qapalı əxlaq"ın izlərinə rast gəlmək olur. Buna görə də postmodern dünyada yeni ideologiyaların, fərqli əxlaqi baxışla ortaya çıxması artıq zərurətə çevrilib.

İndi bəşəriyyətin qarşısında iki əsas yol var: Ya yeni əxlaq, yeni ideologiyalar yaranacaq, ya da ki, modern ideologiyalar dünyanı yenidən faşizmə və yeni müharibələrə sürükləyəcək. Bunun əlamətləri isə artıq ABŞ-da, Avropa Birliyində və günümüzdə xüsusən Britaniyada görünür...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar