Şəxsiyyətin deqradasiyası

Elvin Əliyev

29-01-2016, 10:36 Oxunub: 727
Nitsşe, “Hakimiyyət Əzmi” əsərində Avropa insanının nihilizmə düçar olaraq getdikcə dəyərlərini itirdiyini və bununla bərabər mənəvi çöküşün də baş verdiyini bildirirdi. Həqiqətən də sırf şəxsi keyfiyyətlərə, dəyərlərə baxdığımızda Qərbin sosial zaman anlayışının (Premodern-Modern-Postmodern) getdikcə şəxsiyyəti inkişaf etdirdiyini yox, tam əksi, getdikcə dəyərsizləşdirdiyini müşahidə edə bilərik.

Nitsşe, Renessans dövrü insanının XIX əsr insanına nisbətən daha güclü və dəyərli olduğunu deyirdi, yəqin ki, XXI əsr insanını görsəydi bu insanı daha çox zombiyə bənzədərdi. Həqiqətən də bir neçə əsr əvvəlin insanlarına baxdığımızda onlara nisbətən çox dəyərsizləşdiyimizi görə bilərik. Biz artıq Platonun dediyi kimi “materiyaya bulaşmış” insanlarıq. Bu deqradasiya bizim cəmiyyətimizdən də yan keçməyib, biz də dəyərlərimizi, ideallarımızı itirərək sözdə “idealist”, “dindar”, “vətənpərvər” olsaq da həqiqətdə tam materialist, mənfəətçi kimi yaşayırıq.

Buna bir çox səbəblər gətirə bilərik, bunun günahını çox şeydə görə bilərik, amma səbəblərə sığınmaq nəticələrə heç bir təsir göstərmir. Nəticə isə odur ki, biz zombi kimi yaşayırıq, işə gedirik, pul qazanırıq, evlənirik, uşağımız olur, ölürük. Sanki həyat elə bu deməkdi, həyat bizim üçün pul qazanmaqdan, yeyib-yatmaqdan ibarət dəyərsiz bir şey olub. Heç bir ideal yoxdur, heç bir hədəf, məqsəd yoxdur. Biz tam olaraq nihilizmi yaşayırıq.

İnsan nədir? İnsanı insan edən onun şüuru, düşüncəsi, iradəsidir.

Düşüncə, iradə isə insanı düşünməyə və yaratmağa sövq edən məfhumlardır. Düşünməyən, yaratmayan insan heyvani instinktlərlə yaşayan adi bir məxluqdur, onun bəşəri, tarixi heç bir dəyəri yoxdur, o yalnız statistikadır. “Statistik insan” Duqinin dediyi kimi “pult”la əhvalı, düşüncəsi, baxışı dəyişən insandır. Ona tolerantlıqdan danışırsan tolerant olur, miqrantlara qucaq açır, Paris hadisələrini göstərirsən, gedib həmin miqrantların kamplarına od vurur. O, Mübariz İbrahimovu görəndə vətənpərvər, İsa Şahmarlını görəndə LGTB tərəfdarı olur və s. Bugün cəmiyyət düşüncə cəhətdən tamamilə TV kanallardan, sosial şəbəkələrdən asılı hala düşüb, onun qabağına nə atsalar onu da yeyir.

Bu “postmodernin” “post-insan”ıdı, o, varlıq deyil sadəcə illuziyadır, ondan istədikləri şeyi hazırlayıb istədikləri cavabı alırlar. O düşüncə olaraq ümumiyyətlə mövcud deyil, mövcudluğu sadəcə statistikdır.

Təbii ki, Qərbin bu “post-İnsan”ı, bu dəyərsizlik və nihilizm bizim kimi “İdeoloji boşluq” yaşayan cəmiyyətlərə də yoluxur və təsir edir. Bu, “zamanın ruhu”dur, zamana əks gedənlər isə təbii ki, düşüncəli, intellektual insanlardır. Amma təəssüf ki, burada da üzücü məqamlar var.

İntellekt sahibi olub ideallardan uzaq düşmüş insanlar da çoxdur, hətta intellektualların əksəriyyəti sırf materialist həyat yaşayırlar. İdealları, hədəfləri olmayan insan yaradıcılıqla məşğul olsa belə, ortaya çıxan yalnız bayağı, dəyərsiz şeylər olur. Buna nümunə olaraq müasir yazarlarımızı göstərə bilərik. Yeni dövr yazarlarımızın əsərlərinə, yazılarına nəzər yetirəndə mövzularının yalnız cinsəllikdən, məişət məsələlərindən ibarət olduğunu görürük. “Materiyaya bulaşmaq” deyəndə bunu nəzərdə tuturdum. Bir xalqın ki, yazarı ona heç bir ideal, xəyalını quracaq bir cəmiyyət nümunəsi, mədəniyyət modeli vermirsə o xalq çöküşü yaşamağa məhkumdur.

Bir çox dostlarım, mənim niyə məhz Etatist olduğumla maraqlanırlar. Mən ona görə Etatistəm ki, “şəxsiyyətin deqradasiyası”nın qarşısını ala biləcək yeganə ideologiya olaraq Etatizmi görürəm. Çünki digər ideologiyalardan fərqli olaraq Etatizm mənə bir mədəniyyət modeli, bir şəxsiyyət nümunəsi, insan idealı göstərib. Etatizmin idealı şüurlu vətəndaş, "vicdanlı insan"dır. İntellektual insan əgər vicdan yoxsuludursa o, hər şeyə laqeyd olmaqda davam edəcək və bilgisi, düşüncəsi heç bir şeyə yaramayacaq. Bizim xəyalını qurduğumuz cəmiyyət isə “vicdanlı intellektual”lardan ibarətdir. O insanlardan ki, onlara göstərilən, təqdim edilən və təbliğ edilən şeyləri qeyri-şüuri, düşüncəsizcə yox, düşünərək, araşdıraraq, analiz edərək qəbul və ya inkar edirlər. O cəmiyyət ki, onun dəyərləri saxtakarlığa, hansısa məntiqsiz adət-ənənələrə, əxlaqi dəyərlər yox, sırf ictimai müqaviləyə, inkişafa aparan və güclənməyə təkan verən idealara söykənəcək.

Platon, “yaxşı insanları idarəçiliyə yönəldən şey qazanc və qürur deyil, daha pislərin idarə edəcəyindən qorxmalarıdır” deyir. Bu gün hər şeydən şikayətlənib öz yaxasını kənara çəkən insan, özü başda olmaqla hər kəsə xəyanət etmiş saya bilər özünü. İntellektual, düşüncəli insanlar birlik olmayınca, laqeyd olub öz yaxalarını qırağa çəkməyə davam edincə heç bir şey dəyişməyəcək. Cəmiyyətin düşüncə xəstəliyini sağaltmaq üçün lazım olan yeganə şey intellektualların təşkilatlanaraq bir təşkilat ətrafında birləşmələridir. Bunun bir nümunəsi Milli Fikir Mərkəzidir mənə görə. Və unutmayın, xalqın düşüncə xəstəliyi dəyişməsə heç nə dəyişən deyil. Tanrı Azərbaycanı qorusun! Ümidimiz ona qalıb...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar