Nitsşe və dövlət

Elvin Əliyev

28-08-2015, 20:19 Oxunub: 1813
Artıq bir müddətdir ki, "Nietzsche Fəlsəfəsi" adlı səhifəmdə Etatizm barədə yazdıqda, Nitsşe ilə Etatizmin tamamilə biri-birinə əks olduğunu iddia edənlərlə rastlaşıram. Təbii ki, bu çox anlaşılandır, çünki adətən “Zərdüşt belə deyirdi” əsərində Nitsşenin dövlətlə bağlı fikirlərindən onun anarxist olduğu nəticəsini çıxarırlar. Lakin Nitsşe yaradıcılığı yalnızca “Zərdüşt belə deyirdi” əsərindən ibarət deyil və Zərdüştü anlamaq üçün Nitsşenin digər əsərlərini də oxumaq lazımdır.

İlk növbədə vurğulamaq lazımdır ki, Nitsşe qətiyyən anarxizm və ya sol baxış tərəfdarı deyildi, bəlkə də fəlsəfə tarixində anarxizmi və sosializmi ən sərt şəkildə tənqid, hətta təhqir edən bir filosofdur. Nitsşenin dövlətlə bağlı fikirləri ən aydın şəkildə “İnsanca Pek İnsanca” əsərində “dövlətə bir baxış” hissəsində verilib. Nitsşe sistemsizlik, dövlətsizlik tərəfdarı yox, aristokratların (soyluların) idarə etdiyi dövlətin tərəfdarı idi. Dövrünün dövlət quruluşları və siyasi nəzəriyyələri Nitsşedə sadəcə ikrah oyadırdı, çünki bu dövlətlərin və nəzəriyyələrin hamısında bir boşluq görürdü və bu dövlətlərin, nəzəriyyələrin heç birinin məqsədi üstün fərd yetişdirmək deyildi. Onlar sadəcə kütlənin rifahını düşünürdülər. Nitsşe isə “Antixrist”də üstün insanların hər zaman xoşbəxt təsadüf olaraq müxtəlif cəmiyyətlərdə ortaya çıxdıqlarını bildirir. Lakin onları şüurlu şəkildə yetişdirməyin lazım olduğunu qeyd edir. Nitsşenin dövlət idealı - aristokratların idarə etdiyi və üstün fərd yetişdirdiyi bir dövlət idi deyə bilərik. Nitsşe dövrünün təhsil sistemlərini ən sərt şəkildə tənqid edirdi, çünki onun fikrinə görə bu sistemlər sadəcə robot yetişdirirdilər, üstün fərd yox!

Səhifədə fikir bildirənlər yəqin ki, etatizm dedikdə klassik tezis olaraq etatizmi nəzərdə tuturlar və əgər belədirsə fikirlərinə haqq qazandırıram, klassik dövlətçilik Nitsşe fikirlərilə heç də üst-üstə düşmür. Lakin mən etatizm dedikdə, Şəhriyar Məcidzadənin yaratdığı İDEOLOGİYAdan danışıram, tezisdən yox. Bunun barədə fikir bildirmək üçünsə bu ideologiyayla, onun mərhələləri ilə tanış olmaq vacibdir, bunun üçünsə etatizmin tədbirlərində iştirak etmək lazım idi... Etatizm üç mərhələdən ibarətdi- “Mütləq Etatizm”, “Sosial Etatizm” və “Liberal Etatizm”. Bu üç mərhələ biri-birindən tamamilə fərqlənir və inkişafını dövlətin hər şeyə nəzarətindən başlayaraq getdikcə geri çəkilməsi kimi görmək olar. Mənə görə Nitsşenin “dövlətin bitdiyi yerdə fövqəlinsan yaranır!” iddiası “Liberal Etatizm” dövrünə təsadüf edir. Fikrimi açıqlayım:

Nitsşe “Cahil bir cəmiyyət azad buraxılıb seçim haqqına sahib olsa belə, heç bir vaxt azad seçim edə bilməz. Sadəcə seçim etdiyini zənn edər. Cahil xalqla seçim etmək, oxuma-yazma bilməyən birindən hansı kitabı oxuyacağını soruşmaq qədər axmaqlıqdır! Belə bir seçimlə iqtidara gələnlər qurduqları səhnə ilə xalqın suverenliyini alan zalım və hoqqabaz xainlərdir!” deyir. Yəqin ki, Nitsşenin dövrünün və dövrümüzün bir çox dövlət quruluşlarına ikrahının səbəbini bu aforizm vasitəsilə anladınız. Etatizm isə cahil cəmiyyətin saflığından istifadə edib onlara sözdə “fərd azadlığı”ndan dəm vurmağı yox, həqiqətən üstün fərdləri, “vicdanlı insan”ı yetişdirib onların fərdi hüquq və azadlıqlarını təmin etməyi üstün tutur. Təbii ki, bu etatizmin təhsil sisteminin vasitəsilə mümkün olacaq. O ki qaldı Nitsşenin aristokratiya tərəfdarı olmağına, bunu həm “İnsani çox insani”, həm də “Zərdüşt belə deyirdi” əsərində çox gözəl açıqlayıb. Nitsşeyə görə aristokratlar, xalqa nümunə olmalıdırlar və bunun sayəsində zadəganlar, üstün insanlar yetişəcək. Nitsşenin aristokratiyasının ənənəvi aristokratiyadan fərqi isə ondadır ki, bu sistemdə aristokratların diktaturası qurulmur və əgər bir aristokrat özünü soyluluğa uyğun şəkildə aparmırsa, o zaman o vəzifəsindən endirilərək başqa, uyğun biri ilə dəyişdirilməlidir. Müasir dövlət quruluşuna bunu uyğunlaşdırsaq, aristokratı intellektual, vicdanlı məmurla əvəzləyə bilərik. 

Etatizm isə iki tip dövlətin olduğunu deyir: Təbii şərait nəticəsində yaranan dövlət, düşüncə və iradəyə əsaslanaraq yaradılan dövlət. Azərbaycan, SSRİ-nin süqutu nəticəsində, yəni təbii şərait nəticəsində yaranmış dövlətdir. Etatizm isə intellektual, vicdanlı, düşünən insanların dövlətin yenidən yapılanmasında iştirak etməsini lazım sayır. Bu tip dövlətdə xalqa nümunə bu günlərdə tv kanallarda camaata “ağıl verən” hansısa şəxslər deyil, məhz müstəqil, intellektual, vicdanlı, düşünən, üstün fərdlər olacaq və xalq davranış, düşüncə nümunəsini onlardan götürəcək. Bu nümunələr isə etatizmin aristokratlarıdır deyə bilərik. Bütün sahələrdə əgər rəhbərlik üstün fərdlərin əlində olsa, o zaman Nitsşenin ideaları hazırda bir çoxlarına göründüyü kimi utopiya deyil, reallığa çevrilər. Etatizm buna şərait yaradır.

Nitsşe “Ən yaxşı dövlət, bizim özümüzə hökm etməyimizə şərait yaradan dövlətdir!” deyirdi. Hansı insan özünə hökm edə bilir? Kimlər öz instinktlərinin, ehtiraslarının fövqünə, Nitsşenin təbirincə desək, öz çiyinləri üzərinə qalxmağı bacarır? Cahil insan yoxsa kamil insan?! Etatist təhsil sisteminin də hədəfi bu kamil insanları, üstün fərdləri yetişdirməkdir və “Liberal Etatizm” dövründə dövlət ona görə geri çəkilir ki, kamil insan üzərinə basqı qurmağa heç bir ehtiyac yoxdur, o, öz hüquq və vəzifələrini, öhdəliklərini çox gözəl anlayır və ona hansısa qanunlar qoymağa, üzərinə basqı qurmağa heç bir ehtiyac yoxdur. Əsl fərd azadlığı da məhz budur mənə görə, çünki azadlıq yalnız düşünən, üstün fərdlərin yaşadacağı bir məhvumdur.

Mövzu əslində geniş mövzudur, bu mövzu üzərinə qalın bir kitab yazmaq olar amma düşünürəm ki, bu yazımda təməl məsələləri aydınlada bildim və Nitsşe ilə Etatizm arasında əslində deyilənlər kimi böyük bir ziddiyyətin olmamasını göstərə bildim. Ümid edirəm ki, artıq “Nitsşe hara Etatizm hara” tipli iddialarla rastlaşmayacam.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar