Qələbə aclığı

Elvin Əliyev

9-08-2015, 19:21 Oxunub: 1267
Bu yaxınlarda Rus filosofu, ideoloqu Aleksandr Duqinin ORT kanalına verdiyi müsahibəsinə baxırdım, çox açıqsözlü və cəsarətli fikirləri, iddialarıyla yadda qalan bir verliş idi. Ən sarsıdıcı məqam isə Duqinin “Böyük Rusiya” haqqında dedikləri idi: “Mənim xəyalımdakı Rusiyanın sərhədlərinə Azərbaycan, Gürcüstan, Ermənistan da daxildir”. Bu iddiasıyla əslində “Avrasiya İttifaqı”nın da məqsədləri bəlli oldu zənnimcə.

Maraqlısı isə budur ki, Duqin bu iddianı çox rahat, açıq şəkildə, heç nədən çəkinmədən Rusiyanın ən reytinqli verlişlərindən birində dedi. Bu əslində həm də Rusiyanın “güc göstəricisi” kimi də anlaşıla bilər. Çünki Duqin hansısa Jirinovski deyil, o, Rusiyanın ən güclü sosioloqu, filosofu, politoloqu, ideoloqu və “avrasiyaçılıq” layihəsinin lideridir. Duqin həm də sosiologiya haqqında danışarkən tez-tez “çoxqütblülük” anlayışı haqqında danışmağı sevir və bizi də “Velikorusiya”nın sərhədləri çərçivəsində düşünməyinin yəqin ki, əsas səbəbi müstəqilliyimizin iyirmi beşinci ilində olmağımıza rəğmən hələ də öz mədəniyyətimizi, dəyərlərimizi, fəlsəfəmizi, ədəbiyyatımızı, qısacası ÖZ ideologiyamızı ortaya qoymamağımız olub. Çünki Duqin həm də Nitsşeçidi və Nitsşenin “yıxılanı itələ!” fikrini bu cür məsələlərdə əsas tutur. Duqinin “çoxqütblülük” ideasına əsasən, artıq klassik sosiologiyanın çökdüyü və yerini “Sosial Struktur Sosiologiyası”na verdiyi iyirminci əsrin əvvəllərindən etibarən sosiuma qərb baxışı çöküb, yerini isə “çoxqütblülük” anlayışına verib. Yəni, yalnız hansısa “Qərb modeli” bütün dünya üçün keçərli deyil, müxtəlif tip sivilizasiyalar var və hər bir güclü xalq öz modelini yaradır. Öz modelini yarada bilməyən xalqlar isə yəni, “Qərb modeli”ni təqlid edənlər, uçurumdan aşağı itələnməyə məhkumdurlar. Son dövrlər cəmiyyət olaraq etdiklərimiz, yəni, dəyərlərimizin ölümü və qərb həyat tərzini təqlid etməyimiz, öz baxışımızı ortaya qoymamağımız bizim də “yıxılanlar”dan olduğumuzu göstərir.

Ən pisi isə odur ki, biz tamamilə nihilist bir cəmiyyətdə yaşayırıq. Ümumiyyətlə elə Duqinin rus cəmiyyətinin analizinə baxdıqda demək olar ki, biz də eyni problemləri yaşayırıq. Düşüncə tamamilə arxa plana keçib, insanı insan edən şüurdan istifadə etmək, özünü “itellektual təbəqə” sayanlardan tutmuş kütləyə qədər heç kimin ağlına gəlmir. İnsan düşünən varlıqdır, onun həyat, Tanrı, dövlət, siyasət, fəlsəfə barədə bir şərhi olmalı olduğu halda nihilist cəmiyyət yalnızca dominant ehtiyaclarını ödəməkdən, evinə bir şeylər daşımaqdan başqa heçnə barədə düşünmək istəmir. Ortaya alternativlər qoyan, yeni ÖZ ideologiyamızı yaradanlar isə hamı tərəfindən niyəsə görməzdən gəlinir. Bu məsələdə ruslardan çox fərqlənirik, nə qədər də Duqin demişkən “şizofren toplum” olsalar da hər halda bir milli ideologiya ətrafında birləşməyə hazır bir cəmiyyətdir. Bizdə isə toplum “fərdçilik” virusuna yoluxub.

Nitsşe “həyat üstün olanlara ən amansız silahlarıyla hücum edir” deyirdi. Bu günümüzdə buna ən gözəl nümunə yəqin ki, Milli Fikir Mərkəzidir. Azərbaycanda ilk dəfə ciddi siyasi ideologiya yaradan Şəhriyar Məcidzadənin rəhbərlik etdiyi bu təşkilatın gördüyü işlər, keçirdiyi tədbirlər niyəsə mətbuat tərəfindən işıqlandırılmır, başqa təşkilatlar bu tədbirlərdə iştirak etməmələri üçün üzvlərinə xəbərdarlıq edirlər və s.

Azərbaycanı sevib ona xidmət edənləri görəsən niyə blokadaya alıblar? Yəqin ki, bu özünə hörmət etməməkdən, özünə inanmamaqdan irəli gəlir. Yoxsa həqiqəti dediyini və ən güclü olduğunu iddia edənlər bu yollara niyə əl atsınlar ki?

Ümumiyyətlə xalqımızın bu vəziyyətinin səbəbini “logos”da (şüurda, səthdə) deyil, “mythos”da (şüuraltıda, dərində) axtarmaq lazımdır. Son beş yüz ildə ard-arda uğursuzluqlar, məğlubiyyətlər görən bu xalq artıq özünə hörməti itirmək üzərədir. Xalqın ruhuna “qələbə aclığı” hakim olub və bu özünü hər cür idman yarışlarında, futbol matçlarında göstərir. Xalq nə qədər də bu yarışlarla “özünütətmin” etsə də, yenə də bunlar qısa müddətlik, keçici hallardır. Xüsusən də son məğlubiyyətimiz olan Qarabağ müharibəsindən sonra deqradasiya daha sürətlə getməyə başladı. Bu qələbə aclığından, özünə hörmətin itməsindən, deqradasiyadan qurtulmağın yeganə yolu güclü sistemin, güclü dövlətin qurulmasıdır, mənə görə. Çünki, dövlətin gücünün xalqın özünə hörmətinə, özünü güclü hiss etməyinə bir başa təsiri sosiologiyada sübut edilmiş fakt sayılır. Güclü dövlət isə Etatizmin idealıdır, çıxış yolu Etatizmdir. Nə qədər də görməzdən gəlinsə, nə qədər də mətbuat tərəfindən blokada qurulsa da bu ideologiyanın möhtəşəmliyi bu blokadanı qırıb görməzdən gələnlərin gözlərini qamaşdıracaq, çünki gücü olan heç bir ideologiya hakim olmadan tarixdən silinib getmir!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar