"Sovetski" və "Kubinka" söküləcək?

25-12-2012, 18:30
Oxunub: 8977


Son vaxtlar keçmiş "Sovetski”, indiki Nərimanov prospektinin ətrafının və keçmiş "Kubinka”da köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı məsələ KİV-in müzakirə mövzusudur. Press24.az Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəis müavini Zülfəli İsmayılova istinadən məlumat yayıb ki, sözügedən ərazilərin fevral ayından başlayaraq söküntüsünə start veriləcək. Hətta "Sovetski” və "Kubinka” ərazisindəki evlərin sahiblərinə 1500 manat kompensasiya veriləcəyi də açıqlanıb.

Bakı Dövlət Layihə İnstitutunun layihələrin baş mühəndisi Əhliman Şükürlü isə bizimlə söhbətində "Kubinka” və "Sovetski”adlanan ərazilərdə kütləvi söküntü işlərinin yaxın vaxtlarda aparılmayacağını dedi: "Kubinka” və "Sovetski”nin kütləvi söküntüsü 10 il sonranın işidir. Ona kimi söküntü işləri hissə-hissə aparılacaq. Bu da sahibkarlardan asılıdır. Sahibkarlar maraq göstərməsə, heç sözügedən ərazilərdə söküntü işləri aparılmayacaq. Sahibkar meydana gəlsə, hansısa kvartal, hansısa bina söküləcək. Amma dediyim kimi, kütləvi surətdə söküntü 2020-ci ilədək nəzərdə tutulmayıb”.
Ə.Şükürlü mətbuatda yayılan informasiyalara da münasibətini bildirdi. Dedi ki, sözügedən ərazilərdə indiyədək hansısa kiçikhəcmli söküntü işləri reallaşıb: "Söhbət yalnız hansısa sahibkarın "Kubinka” və "Sovetski”də hansısa bir ərazini almasından gedə bilər. Belə ki, sahibkar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib Dövlət Şəhərsalma və Artxitektura Komitəsinin də razılığı olduqdan sonra söküntü və tikinti işləri başlaya bilər”.

Sözügedən ərazilər gələcəkdə söküldükdən sonra yerində nələrin salınacağına gəlincə, Ə.Şükürlü bildirdi ki, "Kubinka”da yaşayış binaları və şəhərsalma normalarına uyğun yaşıllıq zonaları salınacaq: "Yəni burada ictimai parkların olması nəzərdə tutulmur. Sadəcə, tikinti normalarına uyğun olaraq tikinti aparılan ərazinin bir hissəsində abadlaşdırma işləri aparılacaq”.

Müsahibimiz Heydər Əliyev Sarayının arxasından Azərbaycan Milli Dram Teatrının qarşısına qədər olan ərazidə 2 mərtəbəli yeraltı qarajın tikintisinin başa çatdığını bildirdi. Onun dediyinə görə, hazırda sözügedən ərazinin üzərində abadlaşdırma işləri aparılır. Qeyd edək ki, uzun müddətdir ki, KİV-də bu ərazidə "Qış bulvarı”nın tikiləcəyi barədə məlumatlar gedir. Ancaq baş mühəndis bildirdi ki, "Qış bulvarı” tikilməyəcək: "Ərazidə adi ictimai park salınır. Gələn ildən parkın ətrafındakı binaların söküntüsünə başlanacaq, məsələn, Dilarə Əliyeva küçəsində söküntü işlərinə start veriləcək. Artıq sözügedən ərazinin şimal hissəsi 5 mərtəbəyə kimi sökülməyə başlayıb. Burada 7 mərtəbəli yaşayış binaları, sosial binalar tikiləcək. Ərazidəki poliklinika, Doğum Evi sökülərək yerində yenisi ucaldılacaq. Doğum Evinin yanında 3 mərtəbəli tarixi bina var ki, yalnız bu bina sökülməyəcək, təkərin üzərində 8 metr geriyə sürüşdürüləcək”.

Ə.Şükürlü şəhərin mərkəzində 7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulduğunu da bildirdi: "Şəhərin mərkəzi Ağ şəhərin sərhədindən başlayır və Bayraq Meydanının tuşunda, Mikayıl Hüseynov küçəsində qurtarır. Yəni yeni Amay Ticarət Mərkəzindən Bayraq Meydanınadək uzanır. Cənubdan şimala doğru gedəndə isə dənizdən başlayıb Koroğlunun heykəli tərəfdə bitir. Dediyim ərazilərin əhatə etdiyi yerlərdə 7 mərtəbədən yuxarı bina tikilməsi qadağandır. Mərkəzdən kənarda isə göydələnlərin tikilməsinə hansısa qadağa yoxdur”.

 

Xezerxeber 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti