Ümid Partiyası GT-nın qurultayı keçirildi

22-12-2012, 19:34
Oxunub: 3105


Bugün Ümid Partiyasının qərargahında Ümid Partiyası Gənclər Təşkilatının qurultayı keçirilmişdir.

 

Təşkilat komitəsinin sədri, Ümid Partiyası sədrinin gənclər üzrə müavini Ruslan İzzətli, tədbiri açıq elan etdikdən sonra, tədbiri idarə edəcək şəxslər - Elvin Camalov, İbrahim Nəsirli və Turqut Əliyev seçildi.

Qurultayda Ümid Partiyası sədri İqbal Ağazadə, partiyanın gənclər üzrə müavini Ruslan İzzətli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, VHP Gənclər Təşkilatının sədri Pünhan İmanlı, ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev, Ümid partiyasının üzvləri və jurnalistlər iştirak edirdilər.

Bundan sonra tədbir aparıcısı Elvin Camalov hesabat üçün sözü Ruslan İzzətliyə verdi. Ruslan İzzətli öz çıxışında Ümid Partiyasının 30-dan çox rayonda gənclər qolunun yaradıldığını, həmçinin universitetlərdə, özəklərin fəaliyyət göstərdiyini iştirakçıların nəzərinə çatdırdı. Daha sonra öz çıxışında siyasi proseslərdən danışaraq, İqbal Ağazadənin Qarabağda döyüşən siyasi lider olduğunu bildirdi.

 

Ruslan İzzətlinin çıxışından sonra söz Ümid Partiyasının sədri millət vəkili İqbal Ağazadəyə verildi. İ. Ağazadə, gəncləri salamladıqdan sonra, bundan sonrakı siyasi fəaliyyətdə hakimiyyəti təhvil alma vəzifəsinin gənclərdə olduğunu bildirdi: "Gənclər, siyasi liderlərin ətrafında çoxluq təşkil etməsələr və hakimiyyəti öz əllərinə almasalar, ölkədə heç nə dəyişməyəcək". Ümid Partiyasının ideoloji xəttinə toxunan İqbal Ağazadə, bildirdi ki, "Ümid Partiyasının ideoloji xətti yoxdur". Çıxışının sonunda İ. Ağazadə, Ümid Gənclər Təşkilatının fəaliyyətində uğurlar arzuladı və bildirdi ki, Ümid Partiyasının qapısı hər kəsə açıqdır.

 

İqbal Ağazadədən sonra söz Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya verildi. Tural Abbaslı öz çıxışında Ruslan İzzətlinin Qarabağda döyüşən siyasi lider İqbal Ağazadənin olması fikirnə münasibət bildirərkən dedi ki, "Bu doğru yanaşma deyil. Bəziləri bir başa döyüşübsə, digərləri də bu müharibəni idarə ediblər. Müsavat Partiyasının yüzlərlə üzvü Qarabağ döyüşünün iştirakçısıdır." Çıxışını davam edən T. Abbaslı prezident seçkiləri zamanı Ümid Partiyasının üzvlərinin də İsa Qəmbərə səs verəcəklərini bildirdi: "2003 seçkisi zamanı cəbhəçilərin bir qismi o zamanın şanslı namizədi İsa Qəmbərə səs verdikləri kimi" nümunəsini çəkdi.

 

Daha sonra tədbir aparıcısı sözü Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə verdi. Ş.Məcidzadə Ümid Partiyasının gənclər üzrə müavin təyin olunduqdan sonra, partiyanın gənclərində irəliləyiş olduğunu bildirərək, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında söz demək durumuna gəlməsini istədiyini vurğuladı: "Biz ölkənin 60 faiz gəncliyiyik. Bu ölkədə heç bir siyasi partiya, heç bir hökumət qurumu bizim səsimiz olmadan heç nəyi dəyişə bilməyəcək".

MFM sədri Azərbaycanın dövlət maraqlarının bütün partiya və ideologiyalardan daha üstün olduğunu söylədi: "Azərbaycan dövlət maraqları bütün partiyalardan daha üstündür. Partiya sədrləri başqa ideologiya daşıya bilər, amma o cibində Azərbaycan Respublikasına aid olan şəxsiyyət vəsiqəsi gəzdirir". Sonda Şəhriyar Məcidzadə "Biz özümüz qayda yaratmaq istəyiriksə, bizinci özümüz bu qaydalara uymalıyıq. Biz hamımız birlikdə bacaracağıq" deyə bildirdi.

 

Bundan sonra Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının sədri Pünhan İmanlıya söz verildi. P. İmamlı ölkədə yeniliyin yaranmasında gənclərin mühüm rol oynadığını dedi. Gənclərin sonuna qədər mübarizə aparmasının lazım olduğunu bildirən Pünhan İmamlı, bütün partiyaların gənclər təşkilatlarının birləşməyinin tərəfdarı olduğunu bildirdi.

 

Sonda, Ümid Partiyasının Gənclər Təşkilatının sədri Ayaz Həsənli seçildi.

 

 

Ümid Partiyası GT-nın qurultayı keçirildi

 

Ümid Partiyası GT-nın qurultayı keçirildi

 

Ümid Partiyası GT-nın qurultayı keçirildi

 

Ümid Partiyası GT-nın qurultayı keçirildi

 

Ümid Partiyası GT-nın qurultayı keçirildi

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti