Vasif Talıbovdan qadınlara qadağa

27-08-2013, 11:26
Oxunub: 981


Bu gün sosial şəbəkələrdə Naxçıvanda qadınlara saçlarını boyamaq qadağası qoyulması barədə məlumatlar yayılıb. Bu xəbəri öz facebook hesabında naxçıvanlı xanımlardan biri paylaşıb (onun adını etik səbəblərdən yazmırıq-red.)

Naxçıvanın orta məktəblərinin birində müəllimə işlədiyini bildirən həmin xanım yazır ki, qadınlara, xüsusilə də büdcə təşkilatlarında çalışan zərif cinsin nümayəndələrinə qoyulan bu qadağa insan haqlarının kobud şəkildə pozulmasıdır...

Virtualaz.org saytının müxbiri bu xəbərin nə dərəcədə doğru olub-olmamasına aydınlıq gətirmək üçün Naxçıvandakı mənbələri ilə əlaqə saxlayıb. Muxtar respublikadakı orta məktəblərin birində çalışan müəllimələrdən biri (onun adını həm etik, həm də təhlükəsizlik mülahizələrindən çəkmirik-red.) saytımıza açıqlamasında xəbəri təsdiqlyib.
Naxçıvandan virtualaz.org saytına verilən məlumatda bildirilir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar bir neçə gün öncə olaraq orta məktəblərdə iclaslar keçirilib. Yeni dərs ili ilə bağlı tapşırıqlarını verən rəhbər işçilər bildiriblər ki, bu tədris ilindən etibarən saçlarını boyayan, eləcə də qısa ətək, boynu açıq paltar və dikdaban ayaqqabı geyinən, dırnaqlarını uzadan və boyayan müəllimələr məktəbə buraxılmayacaq və onlar işdən qovulacaq. Məktəb rəhbərləri bu göstərişin yuxarıdan - Naxçıvan MR Ali Məclisi rəhbərliyindən gəldiyini də bildirərək tapşırığın nə qədər ciddi olmasına eyham ediblər.

Qaynağımız deyir ki, Naxçıvandakı bütün qadın gözəllik salonlarına bununla bağlı tapşırıq verilib. Onlara bildirilib ki, bu salonlarda qadınların saçlarını boyaması indən belə yasaqlanıb. Qadınlar xüsusilə də sarı rəngli boyalardan istifadə edə bilməzlər.

Qeyd edək ki, bundan əvvəl də muxtar respublikanın rəhbərliyi tərəfindən dövlət müəssisələrində çalışan şəxslərin qısaqol geyimlə işə gəlməsi qadağan edilmişdi. Bu yasaq həm kişilərə, həm də qadınlara şamil edilirdi.

Bu, MR Ali Məclis sədri Vasif Talıbovun ilk belə ekstravaqant və anlaşılmaz addımı deyil. Özünü sanki I Pyotr sayıb ən ağılalmaz "islahat”lara gedən Naxçıvan "xanı”bir neçə gün öncə də muxtar respublikada interneti və sosial şəbəkələrdən istifadəni yasaqlayıb, ən azı bunu hissolunacaq dərəcədə məhdudlaşdırmağa nail olub. Nəticədə ötən həftənin ortalarından etibarən Naxçıvandakı internet-klublar ucdantutma bağlanıb. Müxbirimizin bu gün əldə etdiyi məlumata görə, internet-klubların qapısı hələ də qıfıllıdır.

İnternet-klub qadağası Vasif "xan”ın bioqrafiyasına yazılan digər əcaib qadağaların siyahısını daha da genişləndirib. Belə ki, V.Talıbov indiyə qədər insanların toplaşa biləcəyi sosial obyektləri - kafeləri, çayxanaları, hətta bərbərxanaları da bağlatdırıb. Küçədə bir neçə nəfərin bir yerdə gəzməsi hallarına qadağa qoyulduğu vaxtlar da olub. Hətta balkonlardakı zivədən paltar asmaq, yas məclislərində ehsan vermək, təndirdə çörək bişirmək də Naxçıvanda yasaq edilən məsələlərdir...
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti