Qaçqınlar ABŞ-dan yardım istəyir - Fotolar

27-08-2013, 10:31
Oxunub: 980


Etatist.com-un Musavat.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında məskunlaşan bir qrup məcburi köçkün dünən ABŞ səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.


Verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları onların bu cəhdinin qarşısını alaraq adıçəkilən yataqxananın həyətinə doğru sıxışdırıblar. Məcburi köçkünlər iddia edirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onlar üçün tikilən evləri ayrı-ayrı vətəndaşlarla yanaşı məcburi köçkünlərin özlərinə də pulla satırlar.


Qeyd edək ki, etiraz edən məcburi köçkünləri tələbə şəhərciyində polis tam olaraq nəzarətə götürüb, onların yataqxananın həyətindən kənara çıxmasına imkan vermir. İnsanlar isə son ana qədər geri çəkilməyəcəklərini iddia edirlər. 

Zəngilan rayonundan olan məcburi köçkün Təranə Əliyevanın sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri məcburi köçkünlərdən rüşvət alaraq onları mənzillə təmin edir. Pul verməyənlər isə ev bölgüsündən kənarda qalıb: "Yığışıb Amerika səfirliyinin qarşısında aksiya keçirməyə çalışdıq. Ancaq hadisə yerinə tökülən polis əməkdaşları bizim qarşımızı kəsdilər. Onlar dedilər ki, probleminiz tezliklə həll ediləcəik. Ancaq problem qalmaqdadır. Bayaqdan ”Qaçqınkom" nümayəndələrini gözləyirik. Hələ ki gələn yoxdur. Biz dövlətdən bizim üçün tikilən evləri istəyirik. Başqa heç bir tələbimiz yoxdur. Ancaq heç kim bizi dinləmək istəmir. Amerika səfirliyinə getməkdə də əsas məqsədimiz bununla bağlıdır. Məmurlar bizi dinləmək istəmir, bizim problemlərimizi həll etmək istəmirlər. Ona görə də Amerika səfirliyindən kömək istəyirik. 20 ildir bu ağır şəraitdə dözüb yaşamışıq. Daha dözə bilmirik".

T.Əliyevanın sözlərinə görə, yaxın günlərdə onların problemlərini həll etməsələr, Azərbaycan vətəndaşlığından imtina edəcəklər: "Pul verən ailələrin hamısını yeni tikilmiş evlərə köçürüblər. Kimlər ki, pul verməyib onlarla maraqlanan yoxdur. Əgər bizim problemimizi ədalətli şəkildə həll etməsələr, Azərbaycan vətəndaşlığından imtina edəcəyik. Belə ədalətsizlik, belə özbaşınalıq olmaz axı”.

Deyilənləri təsdiq edən digər məcburi köçkün Yeganə Əliyeva isə bizimlə söhbətində bunları dedi: "Ev bölgüsünü ədalətsiz aparırlar, başqalarından pul alıb onlara çoxotaqlı mənzil verirlər, qaçqınlar üçün tikilən mənzilləri yerli vətəndaşlara satırlar, bu öz yerində. Heç olmasa, bizə də ev versinlər, gedək yığışaq içinə. Nə qədər siçovullu yataqxanada yaşamaq olar axı? 20 gündən artıqdır köçürülmə prosesi başlayıb, ancaq hələ də bizə ev verən yoxdur. Məgər kasıbların rüşvət verməyə pulu yoxdur deyə onlar ölməlidirlər? Mənim yoldaşım Qarabağ veteranıdır. O bu torpaq uğrunda öz sağlamlığını itirib. Bu da qarşılığında aldığı ”hədiyyə"... Bunu görən hansı Azərbaycan vətəndaşı bir daha torpaq uğrunda canını qurban verər? Mən cənab prezidentə müraciət edib deyirəm ki, cənab prezident, sizin təyin etdiyiniz məmurlar bizi saymır. Onlar bizim problemlərimizi həll etmək istəmirlər. Bizə deyirlər, gedin, kimə istəyirsiz şikayət edin. Bütün bunlar isə son nəticədə bizi dövlətdən narazı salır. Ona görə də mən "Yeni Müsavat” qəzeti vasitəsilə cənab prezidentdən kömək istəyirəm. Bizim müstəqil dövlətimiz ola-ola biz nəyə görə Amerika səfirliyindən kömək istəməliyik ki? Ancaq problemimizi həll etməsələr, səfirliyə müraciət edib sığınacaq istəyəcəyik".

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovla əlaqə saxladıq. S. Hüseynov hadisə haqda bilgili olmadığı üçün ətraflı məlumat verə bilməyəcəyini söylədi: "Mən hazırda Xətai rayonunda iclasdayam. Baş vermiş hadisə haqda məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm. Yaxşı olar ki, siz sabah (bu gün-H.K.) bizimlə əlaqə saxlayın hadisəni araşdırıb ətraflı məlumat verərik”.

Qeyd edək ki, ADNA-nın yataqxanasına məskunlaşmış məcburi köçkünlərin köçürülməsi prosesinə avqust ayının əvvəllərindən başlanılıb. Tələbə şəhərciyinə sığınan məcburi köçkünləri Masazır qəsəbəsində tikilən yeni binalara köçürürlər.

Qaçqınlar  ABŞ-dan yardım istəyir - Fotolar
Qaçqınlar  ABŞ-dan yardım istəyir - Fotolar
Qaçqınlar  ABŞ-dan yardım istəyir - Fotolar
Qaçqınlar  ABŞ-dan yardım istəyir - Fotolar
Qaçqınlar  ABŞ-dan yardım istəyir - Fotolar

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti