Sərdar Həmidov Kəlbəcərin işğal səbəbini açıqladı

20-08-2013, 12:01
Oxunub: 7894
"Ağdərə alındıqdan sonra, hətta Mühəndis İstehkam Bölüyünün belə buraxılmadığı, ərazilərə - Kəlbəcər yolunun açılmasından sonra, Kəlbəcərə getmək mənə nəsib oldu"


Sərdar bəylə müsahibəyə bir həftə öncə qərar verib xeyli sual hazırlamışdım. Qısa zaman içində, onun haqqında deyilən, yazılan nə varsa hamısından çıxarışlar edib, suallarıma güc qatırdım. Çünki, bu mənim birinci müsahibəm olacaqdı. Həm də Azərbaycanın müharibə boyu yeganə işğal edilə bilməyən, Tərtər rayonu icra hakimiyyətinin başçısı Tərtər batalyonunun komandiri ilə. Bu müsahibədə xeyli məsələni özüm üçün də aydınlaşdırmaq istəyirdim. Rəhbərliyə deyib, zəng elədim razılaşdıq. Xeyli məsələlərdən danışdıq, Müharibədən, 4 iyun qiyamına, Elçibəydən Heydər Əliyev hakimiyyətinə qədər, həbsindən, onu həbs olunduğu zamanlarda müdafiə etməyənlərə qədər..

Etatist.com-un müsahibi Qarabağ müharibəsi zamanı, ətraf rayonlar sırasında işğal edilə bilməyən Tərtər rayonunun sabiq icra başçısı Tərtər batalyonunun komandiri Sərdar Həmidovdur.
 
- Sərdar bəy, 1992-ci il may ayının 15-də baş verən hakimiyyət çevrilişindən öncə siz artıq Tərtərdə hər şeyi öz nəzarətinizə götürmüşdünüz. Hadisələr necə baş vermişdi?
- Elan olunmamış müharibə başlayandan Tərtərdə vəziyyət çox ağır idi. Mən o vaxt Rayon İstehlak Cəmiyyətinin sədri idim. 150 il qabaq salınmış, ermənilərlərin ən böyük yaşayış məntəqələrindən biri Mərquşavan kəndi ilə Tərtərin arası 2 kilometrdir. Ağır vəziyyət idi, Tərtəri ermənilər tez-tez "Qrad"la vururdu - Kristal-1, kristal-2 ilə. İcra başçısının qonşusunun evini "Qrad"la vurmuşdular, iki nəfər həlak olmuşdu. May ayının 12-də Rayon Sovetinin sessiyasında iştirak edirdik, rayon icra hakimiyyətinin başçısına dedim ki, sənin buranı qorumaq fikrin var yoxsa yoxdur?
O da dedi ki, qoruya bilmirəm, bacarırsan gəl qoru. Dedim əhalini səfərbər etmək lazımdır. Elə bugündən etibarən məsuliyyəti öz üzərimə götürdüm. Camaat Respublika rayonları sırasında birinci dəfə Tərtərdə, tribuna deyilən yerə toplanmışdı. Fərman yox idi, amma icra başçısının səlahiyyətini icra edirdim. Ayaz Mütəllibov hələ hakimiyyətdə idi. Mən rayona faktiki rəhbərlik edəndən sonra, ermənilər 17 kilometrə qədər geri oturdular. Artıq, "Qrad" qurğuları Tərtəri vura bilmirdi - məsafə buna imkan vermirdi. Tərtərdə mitinq keçirilən zaman orda çıxış edib, camaatı əmin etdim ki, rayonu tərk etmək lazım deyil. Buna qədər elə bir vəziyyət yaranmışdı ki, camaat rayondan qaçmaq üçün Tərtər körpüsünün üstündə biri-birini əzirdi. İnsanlar da artıq müdafiə prosesində rayon rəhbərliyinin mövqeyini görüb mənə inanmağa başladı. 

- Mayın 15-dən neçə gün əvvəl rayonda nəzarət sizin əlinizdə idi artıq?
- Rayonda üç 3 ay idi ki, gərginlik hökm sürürdü. Mən, nəzarəti aprel ayından nəzarətə almışdım. Bundan sonra da bir sıra əməliyatlar keçirdik. Hələ hakimiyyət dəyişikliyi olmamışdan 10 gün qabaq Tərtərdə vəziyyət sakitləşmişdi. Vəziyyət tam nəzarətimdə idi. Hakimiyyət dəyişdikdən sonra, həm də Ərazi Müdafiə Komitəsinin sədri oldum. Hər həftənin 6-cı günü, lazım olarsa hər gün, polis, prokuror, məhkəmə, hərbi polis hamısı ilə iclas keçirirdim. 

"Yerli özünü müdafiə batalyonlarının, rəsmi şəxsləri vecinə almadığı bir dövr idi"

- Bu iclaslar nəyə xidmət edirdi?
- İdarə etmənin güclənməsinə. Sizə bir şey danışım: Bir dəfə bizə yuxarıdan göstəriş gəldi ki, Uzundərədə "Qrad" qurğuları var, ordan gedib hərbi sursat götürək. Mən özüm də getdim. Polkovnik Elxan Orucov da orda idi. Elxan dedi ki, Qatır Məmməd vermir hərbi sursatı. Təsəvvürünüzə gətirirsiniz, yerli özünü müdafiə batalyonlarının, rəsmi şəxsləri vecinə almadığı bir dövr idi. Yaxınlaşdım ona dedim ki, mən filankəsəm sursatı aparmağa gəlmişəm. Ordakı sursat da cəbhə bölgəsi boyunca bölünmüşdü. Biz də ərazimizə düşən sursatı aparmaq istəyirdik. Bu silahlar Sovetdən qalmışdı. Dedi "mən Ağdamın sursatını heç kimə verə bilmərəm". Dedim ay kişi, bu Ağdamın sursatı deyil, bu sovet hökumətinin sursatıdır. Ağdamın zavodu var? Razı olmadı. Bir də yaxınlaşdım dedim ki, "məni tanıdın"? Bu sənin işin deyil ki, silahı verməyəsən. Tərtər Azərbaycanın rayonu deyil?- deyirsən Ağdamın silahını heç kimə verə bilmərəm. Daha o biri mərhələni demirəm... Silah sursatı aldıq, yığdıq maşına. Çox qəribə bir vəziyyət var idi. 

Ağdərənin böyük qəsəbələrindən biri, Mərquşavan kəndi düşməndən azad edildi. Hardasa 16-17 kilometr içəri girdik. Getdik Kəlbəcər yolundan Tərtər su ambarına ayrılıb gedən yola çatdıq - Ağdərənin 5-6 kilometrliyinə. Orda yüksəkliklər var, mən onların hamısını əzbər bilirəm - 420, 525, 701, 708. Heç polkovniklər onu belə göstərə bilməz. Mən orda o qədər olmuşam ki, hamısını əzbər bilirəm. 

- Marağa əməliyyatında iştirak etmisinizmi?
- Müharibənin birinci alovlanan yerlərindən biri Marağa olub. Müharibə elə bir şeydir ki, sağın, solun, alırsan düşmən məcbur olur qaçır. Ermənilər də qaçmışdılar. Elə vaxt olurdu ki, mülki əhali məndən qabaq girirdi kəndə - taxta filan aparmağa. Mən azadlıq verirdim. O, əməliyyatların hamısına rəhbərlik etmişəm.

"Briqada komandiri könüllülərdən qorxurdu"

- Elçibəy hakimiyyətə gəldikdən sonra təmas xəttində olan Azərbaycan Silahlı Qüvvələri üç istiqamətdən Qarabağa hücuma keçdi. Ancaq, yalnız Ağdərə istiqamətində nailiyyət əldə olundu bunun səbəbi nə idi? 
- Bəli, üç istiqamət - Biri Ağdam istiqaməti idi, biri Tərtər istiqaməti, biri də Fizuli istiqaməti idi. O biri istiqamətlərdə niyə uğursuzluq oldu, bu biraz çətin sualdı. Mən bildiyim qədəri ilə həm icra başçılarında zəiflik var idi, həm də könüllüləri hərbiyə tabe edən rəhbər yox idi. Briqada komandiri könüllülərdən qorxurdu. Heç bir söz deyə bilmirdi. Onlar da gedirdilər 5-6 güllə atıb qayıdırdılar ki, "müharibədən gəlirik". Elə bil idarəyə, işə gedib axşam qayıdırdılar geriyə. Getdikləri yerdə qalmalı idilər, müharibənin strategiyası bunu tələb edir. Səhər açılmamış artileriya qurub bir də irəli getməlidilər. 

Şəxsən, Tərtər batalyonun komandiri, Tərtər rayonu icra hakimiyyətinin başçısı olaraq, mən döyüş əməliyatlarında iştirak edirdim. Ağdərə işğaldan azad ediləndə, orda idim, şəhərə də əsgərlərimizlə, döyüşçülərlə birlikdə girmişdik. Hətta, Ağdərənin icra hakimiyyətinin binasının qarşısında maşını saxlayıb, Azərbaycan bayrağını verdim sürücüyə dedim "ordan erməni bayrağını çıxar bizim bayrağı tax ora". O da getdi erməni bayrağını tulladı, bayrağımızı vurdu ora. Ondan sonra əsgərlər bayrağı görüb lap ürəkləndilər. Əsgər rəhbərini yanından görməlidir. Ermənilər də təşvişdə idi, qaçırdı. Ağdərə alınandan sonra orada ilk toyu mən etmişəm. Bütün xərcini özüm çəkdim. Səhv etmirəmsə 1992-ci ilin oktyabr ayında. Elədim ki, görsünlər ki, erməni uzun müddət bura qayıdası deyil. Burda yaşayalar, qaçmasınlar. Camaat orda toy elədi, əməlli-başlı yaşayırdılar. Sonra o biri istiqamətlərdə döyüş alınmadığı üçün qorxulu oldu. Orda Mehmani yüksəkliyi var. O yüksəklik alındı.

"Könüllülər, müharibədən başı çıxan, yüksəklikləri tanıyan hərbçilərə tabe olmurdular"

- O biri əməliyyatların uğursuzluğunun səbəbi nə idi?
- Rayonlara yerləşdirilən könüllülərdə yetəri qədər silah var idi. Könüllülər, müharibədən başı çıxan, yüksəklikləri tanıyan hərbçilərə tabe olmurdular. Birlik yox idi. Ona görə də irəliləyə bilmədilər. Briqada komandirləri qorxurdular. Ağdamda briqada komandiri Elxan Orucov, Tərtərdə Nəcməddin Sadıqov, Kəlbəcərdə rəhmətlik Zaur Rzayev. Müharibənin ağır vəziyyətində komandanlığı dəyişmək olmazdı. Məsələn, Zaur Rzayev Kəlbəcər tərəfdən yaxşı hərəkətlər elədi. Kəlbəcər yolu işğal altında olan zaman da heç işğal edilə bilmədi. Ancaq Ağdərə bizim nəzarətimizdə ola-ola - silah sursatı, təması olan bir rayon işğal edildi. Çünki, komandanlığı anidən dəyişdilər. Yerinə Qənizadəni qoydular. Hansı ki, Şuşa gedəndə orda olub, Xocalı qırğınında Şuşada olub. Həmin Qənizadəni gətirdilər qoydular ora.

"Qənizadə və Elbrus Orucov harda olurdusa o torpaq "yanırdı""

- Nəcməddin Sadıqovla dostluğunuz olduğu halda Tərtərdən bir çox generalları o cümlədən Elbrus Orucovu qovmusunuz...
- Nəcməddin Sadıqovla mənim dostluğum müharibə dostluğu olub. Mən 1992-ci ilin iyun ayında tanımışam onu. Başqa mənim onunla heç bir dostluğum olmayıb. Qənizadə və Elbrus Orucov harda olurdusa o torpaq yanırdı. Bəli, mən onu qovmuşam. Onlar harda olubsa ora yoxdu.

Bir hadisə danışım: Ermənilər əks hücumu zamanı, Mərquşavanı vururdular onda dedi ki (Elbruz Orucov- red.),"armiyanı çerez pol çasa budut zdes". O, orda panika yaradırdı. Mən də saldım otağa, ağzın bağladım - hardasa 1993-cü ilin axırı idi. Ermənilər geri oturdulandan sonra qapını açdım. Nəcməddin ləyaqətli zabit idi, güclü, döyüşən, enerjili idi. Amma fərdi adamlardan, azərbaycanlılardan qorxurdu, könüllülərdən qorxurdu, ondan da qorunurdu. Həmin o adamları döyüşdən çıxartdım. Çünki döyüş vaxtdı mal çıxarırdılar, döyüşü unudurdular. Hətta 1992-ci ilin iyun ayında əllərindən silahı aldım dedim çıxın gedin. Bir dəfə döyüşdə toyuq fermasına çatanda bəziləri toyuqları qoltuğuna vurub çıxıb getmişdilər. Aparırdılar ətraf rayonlara satmağa nədisə bilmirəm... Amma Nəcməddin döyüşən idi, sadəcə şöhrətpərəst idi. Məni də həbs elədilər, ondan sonra Nəcməddin qorxusundan mənə salam verə bilməzdi ki... Nəcməddin Dərbəndli idi. Mən onların evində də olmuşam, elə o vaxt Dərbənd məscidinə bir milyon ianə də vermişəm.

- Elburus Orucov Heydər Əliyevə şikayət vermişdi...
- O şikayət vermişdi ki Sərdar məni vurub. Heydər Əliyev də dedi ki, "niyə döymüsən Elburusu?". Mən də dedim ki "mən onu döyməmişəm. Siz Tərtər su anbarının açılışına 1972-ci ildə gələndən Mərquşavan kəndini yaxşı tanıyırsız. Mərquşavan, kəndinin taxıl zavodunun idarəsi ruslarda idi. Gəlib orda camaata deyir ki, "armiyanı çerez pol çasa budut zdes". Mən də bunu saldım otağa, ağzını bağladım, sonra açdım, bir pivə də verdim içdi”. Bu da (Heydər Əliyev- red.) gülümsədi, susdu. Orda Heydər Əliyev məni müdafiə etdi, amma nə dediyi tam yadımda deyil, unutmuşam.

"Kəlbəcər çox havayı getdi"

- Kəlbəcərin işğalı ilə, Cəbhə hökumətinin çöküşü başladı. Kəlbəcərin işğalı ilə bağlı bilgiləriniz maraqlı olar. Bildiyim qədəri ilə siz Ağdərə alındıqdan sonra Kəlbəcərə gedən birinci şəxs olmusunuz.
- Kəlbəcər yolu açılanda Qorxmazlı yüksəkliyi alındı. Bu 1462-ci yüksəklik, Tərtər Kəlbəcər yolu üzərindəki ən böyük yüksəklikdir. Həmin yüksəklik ətrafında çox ağır, döyüşlər gedirdi. Qorxmazlı kəndinin ətrafında əvvəllər yunanların yaşadığı kənd var idi, sovet hökumətindən də qabaq, daş kömür ixrac edirdilər. Ordan keçəndə sonradan general-mayor rütbəsinə yüksələn Belarusiya əsilli Vasiakla görüşdüm. Mənə dedi ki, döyüşlər gedir, indi sən getmə başqası getsin. Dedim bağrım partlayır, özüm gedəcəm, atamın qəbrini ziyarət etmək istəyirəm. Oturdum maşına İlhama (sürücü- red.) dedim sür. Getdik ki, körpünü partladıblar. Aşağıda Tərtər çayının üstündə asma körpü var idi. Ordan getdik.

Bununla da Ağdərə alındıqdan sonra, hətta Mühəndis İstehkam Bölüyünün belə buraxılmadığı, ərazilərə - Kəlbəcər yolunun açılmasından sonra, Kəlbəcərə getmək mənə nəsib oldu. Daha sonra İsgəndər Həmidov gəldi, kəlbəcərlilərə də müraciət olundu ki, səfərbərlik elan olunub, sərhəddə durun, iləri getmək lazım deyil. Yol açılıb, bu yol ilə də Kəlbəcərə silah daşınır. Bilmirəm, başa düşmədilər ya nə isə, Kəlbəcər çox havayı getdi. Çünki, bayaqdan mühasirədə olan Kəlbəcər yerində idi, amma yol açıldı silah gedir, tank gedir, texnika, əsgər getdiyi halda işğal edildi. Bilirsən müharibə görməmiş insanlar idi, 1992-ci ilə kimi - 20-30 il ərzində adamlar mal-qarasını satıb hamısı övladını əsgərlikdən saxladırdı, icazə vermirdi əsgərliyə getsin. Demək olar ki, azərbaycanlı əsgərliyə getmirdi. Hamısı əsgərlikdən qalırdı, eləcə də kəlbəcərlilər.

"Bir mayor qaçırdı, əlində də "PK" pulemyotu"

Kəlbəcərə işğal təhlükəsi yaranandada Nəcməddin Sadıqovla ora getmişdim. "Hava limanı" deyilən yer var, orda bir mayor qaçırdı, əlində də "PK" pulemyotu. Qışqırır ki, "bizi satıblar". Bunu saxladım, dözmədim buna bir sillə vurdum. Dedim "hökumətin pulemyotu sənin əlində, silah əlində mülkü əhalini qoyub qaçırsan özü də çığırırsan ki, "bizi satıblar". Sən bu camaatı satıb qaçırsan, ay alçaq, gəl görüm səni kim satıb?!" Bu hadisənin ardını danışmıram ama orda onu saldım təpiyin altında döydüm. Az qala öldürürdüm. O gərək düşünə ki, erməni gələr camaatı qırar, mən dayanmalıyam.

İndi hər il Kəlbəcərin işğalının il dönümündə, bəzi öyrədilmiş adamlar deyirlər ki, "Zaur Rzayev bizi satdı". Zaur Rzayev Kəlbəcər briqadasının komandiri idi. Talışdı, lənkəranlı idi. Rusdan qalma general idi, ağıllı adam idi. Zaur Rzayevi dəyişəndə Kəlbəcərin bir kəndi də getməmişdi, yol da işləyirdi. Zaur Rzayevin Kəlbəcər yolunun açılmasında da xidməti oldu. O vaxt hətta ona dedim ki, "cənab general mənə kömək et Kəlbəcər yolu açılsın, sənə bir maşın bağışlayım". Maşını da alıb qoymuşdum Tərtərdə. O, yol açılanda Kəlbəcərdə mitinqdə maşının açarını verdim, dedim "qoy cibinə, maşın Tərtərdə İcra Hakimiyyətinin həyətindədir gedəndə götürərsən". Zaur da maşını götürdü, çıxdı getdi. Sonra ölməmişdən qabaq qarşılaşdıq - Günəşlidə yaşayırdı. O vaxt dedi ki, "yaxşı ki, bu maşını mənə bağışladın, piyada qalmadım". Qənizadə də Kəlbəcərin müdafiəsini təşkil edə bilmədi, o boyda rayon alındı, özü də indi hardasa işləyir və kef edir. Heç olmasa bir cəza da almadı ki, bu Kəlbəcər hardadı, nə də kəlbəcərli demir ki, Qənizadə cəzasını alsın. 

- Atəşkəs məsələsini Yevlaxda birinci dəfə siz qaldırmışdınız. Qarabağ və ətraf rayonlarının icra başçılarının toplantısında...
- O, toplantıda çıxış edən Qarabağın həmsərhəd rayonları və eləcə də Qarabağın icra başçılarının hamısı hələ çıxış edib deyirdilər ki, vuracağıq, dağıdacağıq...

"Heç Ağdamı qoruya bilmədilər ki, erməni ordan silah daşıya bilməsin"
Sərdar Həmidov Kəlbəcərin işğal səbəbini açıqladı
- Neçəndi il idi ?
- 1993-cü il idi, hardasa iyul-avqust ayları. Mən söz aldım Rəsul Quliyevə dedim ki, "Yaxşı olar ki, Heydər Əliyev öz nüfuzunuzdan isdifadə edib atəşkəsə nail olsun. Bunlara inanmayın. Bunlar indiyə kimi nə etdi ki? Yalandan vuracağıq, uçuracağıq, dağıdacağıq deyirlər. Bu müharibə bircə Tərtərdə olmayıb ki. Müharibə Füzulidən tutmuş Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər bunların hamısında olub. Siz elə bilirsiniz Qarabağı erməninin almağı asan idi? Erməni silahı Sırxavəndin içindən keçirib gətirirdi (Sırxavənd Ağdamın kəndidir- red.). Heç Ağdamı qoruya bilmədilər ki, erməni ordan silah daşıya bilməsin. Dedim atəşkəsə nail olmaq lazımdı, bunlar yenidən harda müharibə etmək istəyir? Boş-boş danışırlar". O da etiraz etmədi. Yəqin ki, gerçək vəziyyətdən xəbəri var idi, çıxışımdan razı qalmışdı.

- Sərdar bəy Tərtər istiqamətindən 2000 kv km ərazi düşmən tapdağından azad edilmişdi. Ermənilər bundan sonra təşvişə düşdüklərini, müxtəlif mətbuat orqanlarında yazıblar. Ermənilərin sülh istədiyi də deyilirdi. Doğrudurmu bunlar?
- Bəli. Ermənistanın bundan əvvəlki prezidenti Robert Köçəryan o zamanlar Qarabağ döyüşlərinə ermənilər tərəfindən komandanlıq edirdi. O, bir dəfə rabitə ilə əlaqəyə girib, sülh istəyirdi. Mən də dedim ki, mən balaca adamam bunu Respublikanın rəhbərliyi ilə danışmaq lazımdır. 

- Köçəryan özü danışdı sizlə?

Ardı var...

Söhbətləşdi: Sadiq Qasımov
Şərhlər : 2 Şərh yaz
Yalchin Hesensoy 20 avqust 2013 16:32  
"1994-cü il idi, hardasa iyul-avqust ayları. Mən söz aldım Rəsul Quliyevə dedim ki, "Yaxşı olar ki, Heydər Əliyev öz nüfuzunuzdan isdifadə edib atəşkəsə nail olsun"". Halbuki, butun Azerbaycan xalqi bilir ki, artiq 1994-cu ilin may ayinda Bishkek protokolu imzalanmishdi va ateshkes var idi.
ADMİN 20 avqust 2013 16:35  
Yalçın bəy, Texniki səhv idi, diqqətinizə görə təşəkkürlər.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti