Beynəlxalq Musiqi Festivalı avqustun 6-dək davam edəcək

3-08-2013, 15:57
Oxunub: 940


V Qəbələ Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir.

 

Etatist.com-un Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətin istinadən verdiyi məlumata görə, cari il iyulun 24-də start götürən festivalda xarici ölkələrdən gəlmiş tanınmış kollektiv və ifaçılar, eləcə də Azərbaycan musiqiçiləri tamaşaçılara yaddaqalan anlar, zəngin təəssürat dolu sənət bayramı yaşadırlar.

İyulun 31-də beynəlxalq festival çərçivəsində muğam axşamı keçirilib. "Ustaddan şagirdə" adlı konsertdə tanınmış xanəndə, Xalq Artisti Mənsum 

İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış ediblər.

 

Mindən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilib.


Geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.
Xanəndələrimizin ifa etdikləri "Bayatı-Şiraz", "Mahur", "Segah", "Şahnaz", "Rast" muğamları, eləcə də "Qarabağ şikəstəsi" tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

 

V Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 31-də "Qafqaz Resort" hotelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında tanınmış türkiyəli pianoçu xanım İdil Biret çıxış edib.

Qeyd edək ki, İdil Biret iyulun 29-da festivalda ilk konsertini təqdim etmişdi. Fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə qardaş ölkənin təmsilçisi görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərindən parçalar səsləndirmişdi.

 

Bu dəfə klassik Avropa bəstəkarlarının əsərlərini təqdim edən pianoçu gözəl ifası ilə dinləyicilərin qəlbinə yol tapıb. Musiqi axşamında Lüdviq van Betxoven və Frederik Şopenin əsərləri ifa səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış edib. O, yorulmadan qastrol səfərlərinə çıxaraq öz ifasını dünyanın bir guşələrində tanıdıb. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır.

 

İfaçının albomları milyon yarımdan artıq tirajla satılıb. Dünya üzrə onlarla konsertlər vermiş İdil Biret instrumental musiqinin parlaq ulduzlarından biridir, dəfələrlə tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış edib.

 

Avqustun 1-də daha bir konsert proqramı təqdim edilib. Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçıları və beynəlxalq müsabiqələrin laureatları, tanınmış pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskaya, BMA-nın professoru, Əməkdar müəllim Nəzakət Rimazi çıxış ediblər.

Azərbaycanlı musiqiçilər Yohannes Bramsın piano üçün sonatasını, Antonio Vivaldinin "Yağışın damlaları"nı, Arif Məlikovun "Skerso"sunu və digər bəstəkarların əsərlərini böyük məharətlə ifa ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Pianoçuların II respublika və orqan ifaçılarının I respublika müsabiqələrinin laureatı Nəzakət Rimazi İtaliya, Estoniya, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq seminarlarda iştirak edib.

İtaliyada keçirilmiş pianoçuların 16-cı beynəlxalq müsabiqəsinin laureatı Elnarə Kəbirlinskaya Rusiya, Latviya, Fransa, İsveçrə və digər ölkələrdə dəfələrlə geniş konsert proqramları ilə çıxış edib.


Qeyd edək ki, V Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 6-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti