Vahid Ələkbərov İlham Əliyevlə görüşə gəlir

25-07-2013, 10:53
Oxunub: 1498


"LUKoil” prezidenti Vahid Ələkbərov Vladimir Putini müşayiət edəcək nümayəndə heyətinə salınıb 


 

Rusiyanın ən iri özəl neft şirkəti olan "LUKoil”un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Azərbaycan dövlət başçısı ilə görüşmək üçün Bakıya gəlir. Bakıdakı enerji çevrələrindəki məlumatlı qaynaq virtualaz.org-a bildirib ki, V.Ələkbərov Rusiya prezidenti Vladimir Putini Bakıya səfərdə müşayiət edəcək nümayəndə heyətinin tərkibinə daxil edilib. Lakin  onun prezident Əliyevlə ayrıca görüşü də gözlənilir və bu istiqamətdə müzakirələr gedir.

V.Ələkbərov Rusiyanın enerji bossları arasında Putini müşayiət edəcək yeganə iri fiqur olmayacaq. Rusiya prezidentini hazırda dünyanın ən nəhəng neft-qaz şirkəti olan "Rosneft”in rəhbəri İqor Seçinin və "Qazprom”un rəhbəri Aleksey Millerin də müşayiət edəcəyi gözlənilir.

V.Ələkbərov mətbuatın "Milyarderlər ittifaqı” adlandırdığı və Azərbaycan hakimiyyətinin qəbul etmədiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvüdür. "LUKoil” prezidentinin bu ittifaqa daxil olmasından sonra onun Azərbaycanda hakimiyyət dəyişikliyi planlarına dəstək verə biləcəyinə dair iddialar ortaya atıldı. Hətta Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya səfərdən qayıdaraq Tlflisdə jurnalistlər qarşısında bildirmişdi ki, "Rusiya Gürcüstanda olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi ssenarisi” hazırlayır. M.Saakaşvili bu plana "LUKoil” prezidentinin və "Borçalıdan olan hansısa Söyün Sadıqovun” rəhbərlik etdiyini demişdi.

İddialara görə, V.Ələkbərovun Azərbaycan hakimiyyəti və prezidenti ilə münasibətləri korlanmışdı. Hətta "LUKoil”in Bakıdakı yanacaqdoldurma məntəqələrinin bağlanacağı haqda da xəbərlər yayılırdı. Ancaq bu yaxınlarda V.Ələkbərov Azərbaycan mediası ilə nadir təmaslarının birində bəyan etdi ki, onun hər hansı siyasi planlarda iştirakı yoxdur və İlham Əliyevin prezidentliyini dəstəkləyir. "LUKoil” prezidenti İlham Əliyevə dəstəyini şəxsən ifadə etmək üçün Bakıya gələcəyini də açıqladı.

Daha sonra Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibətlərində  yaranmış soyuqluq sürətlə aradan qalxmağa başladı. Artıq məlum olduğu kimi, prezident Putin gələn ay Bakıya rəsmi səfər edəcək və Kreml bu səfər barədə xəbəri nəhayət ki, təsdiqləyib. Və V.Putin V.Ələkbərovu da özü ilə Bakıya gətirir. Gözlənilir ki, Rusiya ilə Azərbaycan arasında Xəzərdə neft-qaz hasilatında əməkdaşlığa dair yeni müqavilələr bağlanacaq və "LUKoil” da bu razılaşmalarda yer alacaq. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti