ARDNF Londonda əmlak aldı

17-12-2012, 17:51
Oxunub: 1282


Londonun Vest End səmtində, Seynt Ceyms,78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq olan ofisi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) alıb. 

Binanın alqı-satqı prosesində satıcı qismində «Deutsche Bank»ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan «RREEF Real Estate», Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi Klifford Çans, broker qismində isə «Cons Lanq Lasal» şirkəti çıxış edib.

Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi,78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. Qeyd edilir ki, 1845-ci ildə tikilən bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunub və «A» tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılıb. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 mln. funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilib. Qeyd edilən bank hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.

  

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı qeyd edib ki, bir çox Suveren Fondlar hazırda investisiya risklərinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirir. «Son zamanlar ARDNF-in həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artır. Londonda yerləşən bu binanın alınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır», - deyə ARDNF başçısı bildirib.


APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti