Milli Hərəkatçılar Birliyi təsis edildi

8-08-2020, 10:44
Oxunub: 7829
"Vətən, millət və dövlət uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatı..."


Avqustun 7-də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi ictimai-siyasi, maarifçilk hərəkatı təsis edilib.

Elçibəy-Rəsulzadə yolunun davamçısı olduğunu bildirən hərəkatın təsis bəyanatında qeyd edilir ki, 100 ildən çoxdur, Güneyli-Quzeyli bütün Azərbaycanda milli və insan haqları uğrunda mübarizə gedir:

“1991-ci il 18 oktyabrdan bəri bağımsız Azərbaycan Respublikasının varlığı da bu milli iradənin son bəlirtisidir. Xalqımız hər zaman milli dövlətçiliyin müstəqillik və milli hakimiyyət, azadlıq, ədalət, demokratiya dəyərlərini daim dəstəkləmiş və bəsləmişdir. Ancaq bu yöndə qarşımızı kəsən ciddi daxili və xarici əngəllər də az deyil. Qarabağ başda olmaqla işğal edilmiş ərazilərimiz, bir milyon qaçqın və köçkün problemimiz, xalqın rifah səviyyəsinin acınacaqlı durumu, siyasi rejim və idarəetmədəki yanlışlıqlar, təkəlçilik, korrupsiyaçılıq, getdikcə dərinləşən ideoloji boşluğun doğurduğu mənəvi böhran, çağa uyğun iqtisadi inkişafın yoxluğu və b. problemlər qarşımızı kəsən əsas əngəllərdir”.

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycanda real vətəndaş fəallığının yayılıb ümumilli iradəyə çevrilməsi və dövlət-millət bütünləşməsi hədəfləri içində xüsusi bir yer tutur və dövlət-millət bütünləşməsi millətimizin xoşbəxtliyi, dövlətimizin qüdrəti, vətənimizin ərazi bütövlüyü baxımından qaçılmaz bir zərurətdir.

“1988-ci ildə başlayan milli hərəkatın yüksəlişi siyasi maarifçilik yönündə əhəmiyyətli gündəlik təcrübə və nəzəri bilik ortaya qoydu. İndi başlıca məsələmiz bu təcrübə və biliyin yeni nəsillərə ötürülməsidir. Ona görə də milli hərəkatda yetişmiş yaşlı nəsildən və günümüzdə hərəkatçılıq ruhuna yiyələnmiş gənc nəsildən olan insanların bir hissəsi toplanaraq müzakirələr aparıb, ortaq görüş birliyinə gəlib müstəqil bir Milli Hərəkatçılar Birliyi (qısaca: MHB) adlı yeni bir ictimai-siyasi maarifçilik hərəkatı yaratmağa qərar veriblər. MHB iki böyük yolbayın - M.Ə.Rəsulzadə və Ə.Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün qutsal görəvi bilən və böyük yolbay Ə.Elçibəyin öndərliyini biranlamlı olaraq qəbul edib VƏTƏN, MİLLƏT və DÖVLƏT uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir maarifçilik hərəkatıdır”,  - deyə hərəkatın bəyanatında bildirilir.

MHB üzvləri hesab edir ki, ölkədəki problemlərin həlli birbaşa olaraq vətəndaş fəallığından asılıdır və həmin vətəndaş fəallığına maarifçilik və dialoq yolu ilə çatmaq mümkündür. Bəyanatda hərəkatın yaşından asılı olmayaraq bütün insanlar üçün açıq olduğu da qeyd edilib.

Onu da qeyd edək ki, MHB 72 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən təsis edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti