Estoniyada Azərbaycan Evi fəaliyyətə başlayıb

25-04-2020, 16:26
Oxunub: 59
Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir


Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Estoniyanın paytaxtı Tallinn şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb.

Dövlət Komitəsindən verilən məluamta görə, Azərbaycan Evi Tallinn şəhərinin mərkəzi küçələrindən hesab edilən Estoniya prospekti 15 ünvanında yerləşir. Evin fəaliyyət göstərdiyi bina, şəhərin tarixi memarlıq abidələrindən hesab edilir. Burada Estoniya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz, incəsənətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub.

Azərbaycan evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir. Burada yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Azərbaycan Evində yaxın gələcəkdə musiqi və poeziya axşamlarının, o cümlədən müxtəlif sərgilərin də təşkil olunması nəzərdə tutulur.

Evin yaradılmasında başlıca məqsədlərdən biri Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların həmrəyliyini möhkəmləndirmək, diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

Azərbaycan Evi ölkəmizin tanıdılması istiqamətində görülən işləri intensivləşdirmək, Estoniyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, bu ölkədə fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurmaq və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaradır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti