Həkim uşaqları koronavirusdan qorumağın yollarını açıqlayıb

8-04-2020, 13:42
Oxunub: 83
Bunu Mərkəzi Gömük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-reanimatoloq Telman Aytayev deyib


“Bu gün hər birimizdən tələb olunur ki, özümüzü, uşaqlarımızı və yaxınlarımızı bu virusdan qorumaq üçün ölkəmizdə tətbiq olunan bütün qaydalara ciddi riayət edək. Hamıya məlumdur ki, xroniki xəstəlikləri olan və yaşlı insanlar bu xəstəliyə tez yoluxur və ağır formada keçirirlər. Lakin dünya təcrübəsi göstərdi ki, uşaqlar da bu virusa yoluxur və bəzi hallarda bu xəstəliyi ağır formada keçirirlər”.

Bunu e-tibb.az-a açıqlamasında Mərkəzi Gömük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-reanimatoloq Telman Aytayev deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Çində koronavirusa yoluxmuş 72 000 nəfərin 2,5%-ni 18 yaşından aşağı olan insanlar təşkil edib.

 
“Çin pediatrları koronavurusa yoluxmuş 2 400 uşağın bu xəstəliyi necə keçirməsini müşahidə ediblər. Müşahidələr göstərib ki, yenidoğulmuşlar, 1 yaşına qədər olan uşaqlar və xroniki xəstəlikləri olan uşaqlar bu xəstəliyi ağır formada keçirir. 1 yaşına qədər uşaqlarda immun sistemi hələ yaranmadığı üçün onlar risk qrupuna daxildirlər. Bir qədər böyük uşaqlarda bu xəstəlik yüngül, bəzi hallarda, ümumiyyətlə, simptomsuz keçir. Üzdən sağlam görünmələrinə baxmayaraq, onlar virus daşıyıcısı ola, bu xəstəliyi digər insanlara keçirə bilərlər. Buna görə valideynlər uşaqların izolyasiya və gigiyenik qaydalarına ciddi riayət etməlidirlər. Uşaqlara axar suyun altında əllərini yumağı öyrətmək və səbəbini anlatmaq lazımdır. Əlləri maye sabunla yuduqda virus asanlıqla xaric olur. Bəzi hallarda uşaqlar nənə, babalarına və digər qohumları ilə birgə, qonşuluqda olurlar. Karantin müddətində uşaqların qohum və ya qonşuya qonaq getməsini, evə qonaqların dəvət edilməsini tamamilə dayandırmaq tələb olunur. Uşaqları mümkün qədər evdə saxlamaq lazımdır, belə ki, virus istənilən səthin üzərində 48 saata qədər qala bilir. Uşaq paltarlarını və oyuncaqları tez-tez yumaq lazımdır. Əgər uşaqda xəstəliyin hər hansı simptomu olarsa, uşağı xəstəxanaya aparmamaq və həkimi ilə telefonla əlaqə saxlamaq lazımdır. Bütün tələb olunan karantin və gigiyenik qaydalara ciddi riayət etməklə uşaqları koronavirusdan qorumuş olarıq”, - deyə pediatr qeyd edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti