ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

5-04-2020, 13:54
Oxunub: 62
"Blackboard Collaborate" platforması artıq iki həftədən çoxdur ki, uğurla sınaqdan keçib


Koronavirus pandemiyasının ölkəmizdə yaratdığı təhlükədən qorunmaq məqsədilə ADA Universitetinin akademik heyəti tədris ocaqları üçün xüsusi yaradılmış "Blackboard Collaborate" platforması vasitəsilə onlayn tədris metoduna keçib.

"Blackboard Collaborate" platforması eyni zamanda 1 000-dən çox tələbəyə e-dərslərə qoşulmaq, müəllimlərlə virtual forum və müzakirələr vasitəsilə ünsiyyət qurmaq, dərslə bağlı suallarını ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlar təqdim edir.

Tapşırıqların qiymətləndirilməsi və davamiyyətin aparılması da bu sistem vasitəsilə həyata keçirilir. Tələbələr akademik cədvələ uyğun olaraq istənilən mobil cihazdan istifadə edərək tədris prosesi və akademik göstəriciləri ilə bağlı yenilikləri izləyə bilirlər.

Tələbələrin dərsləri təkrar izləməsi üçün videomühazirələr yazılır və bulud serverlərdə arxivə yerləşdirilir. Universitetin xarici tələbələri və mübadilə proqramlarından geri dönmüş azərbaycanlı tələbələr də onlayn dərslər vasitəsilə təhsillərini davam etdirirlər.

Universitet rəhbərliyi dərslərin keyfiyyətinin artırılması üçün dərslərə qoşularaq monitorinqi həyata keçirir. "Blackboard Collaborate" platforması dekanlara həftəlik icmal hesabatlar hazırlayır və bu hesabatlar akademik heyətin keçirdiyi mütəmadi videoiclaslar vasitəsilə müzakirə edilir.

"Blackboard Collaborate" platforması artıq iki həftədən çoxdur ki, uğurla sınaqdan keçib, tələbələrin canlı onlayn dərslərə cəlb olunmasını təmin edib.

Qeyd edək ki, ADA Universiteti 2017-ci ildən etibarən dünyanın 1 400 universitetinin istifadə etdiyi “Banner” tələbə məlumatı sistemindən və 2018-ci ildən etibarən "Blackboard" tədrisin idarəedilməsi sistemindən istifadə edir. 2019-cu ildə təsis olunmuş ADA Məktəbi də bu elektron platformalardan istifadə edir. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti