20 Yanvar hadisəsindən 30 il ötür

20-01-2020, 00:00
Oxunub: 656
Bu qanlı hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o gecəni daim xatırlayır


Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir.

Etatist.com-un xəbərinə görə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Ermənistan SSR-ın Qarabağa qarşı ərazi iddialarına etiraz edən əliyalın xalqın üzərinə Sovet ordusunun zirehli texnikası və silahlı əsgərləri yeridildi.

Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun sayı 35 min nəfərə çatırdı) "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.


20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi.

Yanvarın 19-da gecə qoşun şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.


1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.

Bu qanlı hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o gecəni daim xatırlayır. 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti