Almaniyada Azərbaycan evi açılıb

25-12-2019, 11:28
Oxunub: 169
Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib


Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. 

Dövlət Komitəsindən bildirilib ki, növbəti belə bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək dekabrın 24-nün Azərbaycan üçün əlamətdar bir gün - Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edib. O, ölkəmizdə və beynəlxalq arenada böyük nüfuza malik dövlət başçısını bu münasibətlə təbrik edib, onun rəhbərliyi altında son illər ölkəmizin əldə etdiyi sanballı uğurlardan danışıb.

F.Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətimizi və xalqımızı sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb: “Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.

Daha sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər öz çıxışlarında ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu vurğulayıblar. Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını "xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi" adlandırıblar.

Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti