Sahil Babayev Litvanın Sosial Təminat və Əmək naziri ilə görüşüb

3-10-2019, 13:52
Oxunub: 52
Litvalı nazir Linas Kakuraitis ölkəmizdə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litva Respublikasının Sosial Təminat və Əmək naziri Linas Kukuraitis ilə görüş olub.

Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, DOST mərkəzi hər gün orta hesabla 400-450 vətəndaşa xidmət edir: ''Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərilir. Aparılan sorğu nəticəsində müəyyən edilib ki, göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 94 faizdən çoxdur. 2019-2025-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək''.

Litvalı nazir və nümayəndə heyəti üçün Azərbaycanın DOST layihəsi, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlər, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. O, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən "Məşğulluq" alt sistemindən, bu altsistemin əmək bazarı üçün faydalarından, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan e-sosial internet portalının əhəmiyyətindən bəhs edib.

Litvalı nazir Linas Kakuraitis ölkəmizdə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib: ''Sosial təminat sisteminin avtomatlaşdırılması, DOST layihəsi kimi mükəmməl bir konsepsiyanın tətbiqi ölkənin bu istiqamətdə uğurla fəaliyyət göstərməsinin göstəricisidir''.

Daha sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə də gedərək, burada yaradılan şəraitlə və əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri ilə tanış olub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti