Ötən ay istehlak kreditləri artıb

30-09-2019, 21:25
Oxunub: 117
Avqust ayına sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib


2019-cu ilin avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu il avqustun 31-ə qədər Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,269.1 mln. manat, cəmi öhdəlikləri isə 25,655.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,613.6 mln. manat olub.

Avqust ayına sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.4% (184.1 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13,526.4 mln. manat təşkil edib. Kredit portfelinin 61.5%-ni biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4%, biznes kreditləri isə 0.8% artıb. Aktivlərin 45.7%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.

2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8,456.9 mln. manat təşkil edib. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1.5 % (79.7 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5,437.1 mln. manat olmuşdur. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0.8% (24.8 mln. manat), milli valyutada isə 2.3% (54.9 mln. manat) artmışdır.

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0.3% (30.3 mln. manat) artaraq 10,603.4 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 1.3% (32.2 mln. manat) artaraq 2,543.0 mln. manat təşkil etmişdir.

Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, məcmu kapital 4,161.7 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14.9% çoxdur. Balans kapitalı avqust ayı ərzində 0.7% (30.6 mln. manat) artaraq 4,613.6 mln. manat təşkil etmişdir.

Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 mln. manat) artaraq 554.3 mln. manat, xalis mənfəəti isə 13.8% (55.9 mln. manat) artaraq 462.1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artmışdır.

Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.7% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1.9 dəfə üstələyir (56.9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir;

Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 514, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,588 olub. Bank sektorunun işçi heyətinin sayında artım avqust ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin avqust ayında işçi sayı 1.5% (277 nəfər) artaraq 18,711 nəfər təşkil edib.

31 avqust 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika). (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti