Nazirlik: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22-08-2019, 15:46
Oxunub: 53
Hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7%-ə yüksəlib


Cari ilin 7 ayında Azərbaycanda 7 116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 6 167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Vergilər Nazirliyindən Report-a verilən məlumata görə, hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7%-ə yüksəlib.

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur.

Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) təlimatı yerləşdirilib.

Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti