"Məqsədimiz Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır"

28-07-2019, 20:08
Oxunub: 414
"İdeyamız insanlıq, vətənpərvərlik, yardımlaşma, gülərüzlük, sevgi, insanlara hörmət, birlikdir"


"Kitablarla inkişaf edək" şüarı altında toplanan bir qrup gənc şagirdlər arasında kitaba marağı artırmaq və kitab təbliğatı üçün layihəyə başlayıblar.

Onlar layihə çərçivəsində dərs vəsaitləri də daxil olmaqla müxtəlif kitablar və testlərtoplayıb kənd məktəblərinə aparır və həmin kitabları orada şagirdlərə pulsuz paylayırlar. Gənclərin Etatist.com-a verdiyi açıqlamaya görə layihə bu günə qədər 8 rayonda (Göyçay, İsmayıllı, Ağsu, Ucar, Tovuz, Qax, Quba, Cəlilabad) və Bakı şəhərində baş tutub:

"Tez-tez məktəblərlə əlaqə yaradırıq. Sevindirici haldır ki, şagirdlərlə yanaşı, onların valideynləri də bədii kitablar oxumağa başlayıb".

Özləri haqqında məlumat verən layihə icraçıları bildirib:

"Bizim Azərbaycanda təhsil alan tələbələrdən heç bir üstünlüyümüz yoxdur. Müxtəlif universitetlərdə təhsil almağımıza baxmayaraq (ilk əvvəl tanışlığımız olmayıb layihə əsasında yaxınlaşmışıq), bizi birləşdirən bir məqsəd var: Azərbaycanın inkişafı və gənclərin düzgün istiqamətdə formalaşması üçün çalışmaq. Bir şagird belə olsa, onun düşüncəsini dəyişmək. Vətən üçün, xalq üçün, Azərbaycanın gələcəyi üçün çalışacaq və şam kimi yanacaq gəncləri yetişdirməkdir məqsədimiz. Məqsədimiz, Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır. "Ağ zanbaqlar ölkəsi" kitabında Snelman Finlandiyanı XIX əsrdə bataqlıqdan çıxararaq necə indiki vəziyyətə gətirdisə, o ağır vəziyyətdə, bizim də məqsədimiz budur. Azərbaycanın inkişafına nail olmaq istəyirik, onlardan fərqli olaraq bu yolda çalışmaq üçün bizim daha çox imkan və şəraitimiz var.

"Məqsədimiz Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır"

Bu yolda kiçik də olsa, irəliləyişlər əldə etmişik, kəndlərdə uşaqlarla yanaşı artıq valideynlərdə də mütaliəyə maraq yaranıb. Bizə müraciət edərək uşaqlar üçün olan kitablardan əlavə onların yaşlarına uyğun kitab göndərməyimizi xahiş edirlər. Bizə dəstək hardandır? Dəstək yalnız tələbələrdəndir. Onlar oxuyub bitirdikləri kitabları layihəyə bağışlayaraq, öz ürək sözlərini məktub şəklində yazaraq kitabın içinə qoyur və məktəblərə göndərmək üçün bizə verirlər, kitablar müəyyən saya çatdıqdan sonra isə məktəblərə göndərilir, bununla da uşaqlarda yaxşılıq, yardımlaşma, insanlığa sevgi hissləri yaranmağa başlayır. Məktəblərdə, əsasən, Ana dili və Ədəbiyyat müəllimləri ilə əlaqə saxlanılır və uşaqlara kitab təbliğatını onlar həyata keçirir. Göndərilən kitablar oxu üçün götürüldükdə uşaqların adları qeyd edilir və müəyyən müddət sonra biz kitabların mövcudluğunu yoxlamaq üçün getdikdə məktəblərə ən çox kitab oxuyan şagirdlərə müxtəlif dərslə bağlı hədiyyələr veririk. Bu da uşaqlara daha çox oxumaq istiqamətində stimul verir.

"Məqsədimiz Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır"

Layihəyə kitabla dəstək olmayanlar üçün aylıq 1 manat layihəmiz də var. Hər ay 1 gün ziyanlı bir içki və ya yeməkdən imtina edərək layihənin bank hesabına 1 manat yüklənir və hesaba yüklənən pullara bədii kitablar alınır. Bir müddət sonra 1 manat layihəsini daha da genişləndirərək daha fərqli istiqamətlərdə məktəblərə yardım etmək fikrimiz var. Bunu da qeyd etmək istərik ki, layihəyə tələbələrlə yanaşı, artıq kitablar göndərdiyimiz məktəblərdən şagirdlər dəstək olaraq digər məktəblərdəki uşaqların da layihədən yararlanmasını istədiklərini bildirirlər.


İdeyamız insanlıq, vətənpərvərlik, yardımlaşma, gülərüzlük, sevgi, insanlara hörmət, birlikdir. Müəyyən yaşa çatmış şəxsləri dəyişmək mümkünsüzdür, çünki artıq onların öz həqiqətləri, doğru və yanlışları var. Amma uşaqların hələ düşüncə tərzləri formalaşmayıb və onların düzgün istiqamətdə formalaşması bizdən asılıdır. Əgər indiki gəncliyin aydınlanmasına nail olsaq, gələcək nəsillər özü aydınlanacaq, çünki bu günün şagirdi sabahın valideynidir və valideyn aydın insandırsa, öz övladlarını da aydınlatmaq üçün çalışacaq. Sevgiyə arxalanmaqla tərbiyə olunan, dərin düşünməyi bacaran, erkən yaşlarından mədəni dəyərlərə alışdırılan bir yeni nəsil yetişdirilsə, artıq mədəniyyətə başqa cür yanaşılacaq, onda doğmalıq tapacaq, öz ehtiraslarını könüllü olaraq ona qurban verəcək, ürəklə əməyə qatlaşacaq və bu mədəniyyəti qoruyub saxlamaq üçün öz yaramaz ehtiraslarını da cilovlaya biləcək. Onlar bunu məcburiyyət olmadan eləyəcəklər və onlara başçılıq eləyən insanlardan çox az fərqlənəcəklər. İndiyədək heç bir mədəniyyət insan kütləsinə belə özəlliklər aşılaya bilməyibsə, bunun səbəbi bu mədəniyyətlərdən heç birinin insanları uşaqlıq çağlarından başlayaraq gərəkli istiqamətdə formalaşdıracaq qaydaları yarada bilməməsi ilə bağlıdır".

"Məqsədimiz Azərbaycanın hər yerində maarifçilik hərəkatı başlatmaqdır"

Gənclər gələcəkdə "gəzən kitabxana" və şəhərin müxtəlif yerlərində pulsuz kitabxana yaratmaq istədiklərini bildiriblər. Eyni zamanda, onlar Azərbaycanın müxtəlif bölgələrində layihə üçün kiçik ofislər yaradıb, kitab təliğatını da genişləndirməyi planlayırlar.


Layihəyə dəstək olmaq istəsəniz, "Instagram"-da kitablarla_inkisaf_edek səhifəsinə yaza bilərsiniz.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti