Azərbaycanla İran arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

18-07-2019, 15:03
Oxunub: 108
Tərəflər hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 18-də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a bildirilib ki, Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Nazir “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində ölkəmizin ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” müsabiqəsində Azərbaycan və İran hərbi dənizçilərinin birgə iştirakını Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsinə töhfə kimi dəyərləndirib.

Diplomat isə öz növbəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti