Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

20-06-2019, 14:43
Oxunub: 131
Nazir Azərbaycan və Ukrayna arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb


İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Kanevski ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Etatist.com-a verilən məlumata görə, Ş. Mustafayev səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib, Azərbaycandakı diplomatik və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Ukrayna arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, İqtisadiyyat naziri qeyd edib ki, sənaye, energetika, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, turizm, əczaçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, Ukrayna iş adamları Azərbaycandakı sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən istifadə edə, investisiya yatıra bilərlər.

Ötən ilin iyun ayında Kiyevdə Azərbaycan Ticarət Evinin açıldığını xatırladan İqtisadiyyat naziri Ticarət Evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətinı vurğulayıb.

V. Kanevski Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, Ukraynanın strateji tərəfdaşı olan Azərbaycanda iqtisadi sabitliyi yüksək qiymətləndirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ikitərəfli əməkdaşlığın inkişafında önəmini qeyd edən səfir ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

Səfir SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini qeyd edib. V. Kanevski Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının nəzərdə tutulduğunu, həyata keçirilən tədbirlərin əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağı ifadə etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına, həmçinin, Ukrayna Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf və Ticarət naziri Stepan Kubivin ölkəmizə nəzərdə tutulan səfəri barədə fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti