Bu günə qədər kümçülər 588 ton yaş barama təhvil veriblər

19-06-2019, 10:38
Oxunub: 71
Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb


Bu günə qədər Azərbaycanda kümçülər 588 ton yaş barama təhvil veriblər.

Kənd Təsərrüfatı Nazirliyindən Etatist.com-a verilən məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 74 ton çoxdur.

Ötən gün kümçülər 24,7 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Ölkə üzrə ən çox yaş barama Zərdab (65 ton), Ağcabədi (52 ton), Zaqatala (52 ton), Füzuli (50 ton), Balakən (44 ton), Şəki (40 ton), Bərdə (36 ton), Qax (26 ton) və Kürdəmirdə (23 ton) tədarük olunub. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir.

Azərbaycanda "Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən Azərbaycana 3,5 mln. ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 mln. ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Bu günə qədər kümçülər 588 ton yaş barama təhvil veriblər

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti