Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru Azərbaycana gəlib

22-05-2019, 10:52
Oxunub: 103
Yanne Holst mayın 21-də Baş prokuror Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfər edib


Azərbaycan Baş Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını eyni qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Azərbaycan Prokurorluğu ilə qurulmuş sıx əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivlərinin müzakirəsi məqsədi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru xanım Yanne Holst mayın 21-də Baş prokuror Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfər edib.

Səfər zamanı Yanne Holst Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Assosiyasiyaya fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşüb.

Tədbirdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Assosiasiya ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələri və göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

Assosiyasiyanın yeni üzvləri ilə görüşdə çıxış edən Yanne Holst təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və iş prinsipləri barəsində məlumat vermiş, gənc əməkdaşlara öz xidməti fəaliyyətləri zamanı təşkilatın imkanlarından faydalanmağın yollarını izah edib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda Assosiasiyaya qəbul edilən yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti