Turan Manafzadə: "Dinlədiyiniz musiqi sizin xarakterinizi bəlli edir" (Video/Müsahibə)

21-05-2019, 23:09
Oxunub: 700
"Mən insanların hamısına gözəl musiqi zövqü arzulayardım"


Müsahibimiz Azərbaycanın azsaylı xanım dirijorlarından biri, pianoçu, bəstəkar, Əməkdar artist Turan Manafzadədir. Turan xanım həm də vokal ifaçısıdır. Bütün bunlarla peşəkar şəkildə məşğul olmaq çox böyük enerji, sonsuz yaradıcılıq əzmi tələb edir və Turan Manafzadə bütün bu işlərin öhdəsindən böyük peşəkarlıqla gəlir.

Əvvəlcə Turan xanım haqqında qısa məlumat verim. 9 yaşına qədər Bakıda yaşayıb, ondan sonra isə İstanbula köçüb və orada Memar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub. Dəfələrlə beynəlxalq musiqi yarışlarınıın mükafatçısı olub. Turan Manafzadə 2017-ci ildə Azərbaycan Əməkdar artisti adını alıb.

O deyir ki, hiss edirəm ki, mənim dünyada bir missiyam var. Və yəqin ki, onun missiyası möhtəşəm musiqilər yaratmaqdır. Daha dəqiq onun özündən dinləyək.

Etatist.com Əməkdar artist Turan Manafzadə ilə müsahibəni təqdim edir:


*   *   *
- Sizi hər zaman Azərbaycanda və dünyada azsaylı dirijor qadınlardan biri olaraq təqdim edirlər. Amma mən istəyərdim ki, bizim izləyicilərimiz üçün siz özünüzü öz gördüyünüz formada, yəni rituallardan uzaq bir formada təqdim edəsiniz ki, mən izləyicilərim tərəfindən belə tanınmaq istəyərdim.
- İnsanın bir görünən üzü, bir də görünməyən üzü var. Özümüzə aid olan bəzi tərəflərimiz var ki, özümüzlə baş-başa olduğumuzda biz bilirik ki, biz əslində necə bir insanıq. Əlbəttə ki, mən özümü bilirəm ki, səmimiyyətimi, çox fərqli məqamlarımı özüm çox yaxşı bilirəm. Amma deyərdim ki, əslində mən səhnədə də səmimi olmağa çalışıram. Amma musiqiçilərdə, sənətçilərdə fərqli bir şey olur ki, siz səhnəyə, podiuma çıxdığınız zaman bir anda çox fərqli bir konsantrasiyaya keçirsiniz, yəni insanın eqo məsələsində bir az fərqliləşmə olur. Çünki eqo hər kəsdə olan bir şeydir. Amma insanda dediyim kimi belə fərqli bir konsantrasiya ola bilir. Mən özümü necə tanıtmaq istəyərdim? Mən hər zaman göründüyüm kimi bir insanam, özümə qarşı da, başqa insanlara qarşı da eləyəm.

- Müsahibələrinizin birində bildirmisiniz ki, mənim əlimdəki çubuğu hamı sehrli çubuq adlandırır və mən də özümü cadugər kimi hiss edirəm. Bəs cadugər olmaq necə bir hissdir?
- O reportajdan sonra atam mənə dedi ki, sən orada o sözü səhv işlətmisən. O, cadugər demək deyil, yəni sən onu sehirbaz kimi söyləməli idin. Mən isə "yox, o, cadugər kimi qalmalıdır" dedim. Bir azca yaramazcasına - elə düşünürəm, təsəvvür edirəm, ona görə mən xüsusilə cadugər demişdim. Amma həqiqətən də sehirbaz deməkdir. Yəni doğrudur, mən insanlardan elə reaksiyalar çox alıram.

- Amma məncə bu yaxşı bir şeydir...
- Məncə də yaxşı bir şeydir. Niyə də olmasın ki? Çünki bu həyatda əl ilə tutula bilən bir şeylər var, türkcədə deyirik “somut, soyut” əllə tutulan, lakin gözlə görülə bilməyən. Məsələn, musiqi kimi “soyut” şeylər. Əl ilə tuta bilməyəcəyimiz şeylər.

- İkinci sualımız da onunla bağlıdır. Dünya nümunələrindən tanıdığımız insanlar var ki, məsələn, Motsart bir dəfə eşitdiyi musiqini həmişə ifa edə bilib və yaxud da neçə il keçsə belə, xatırlayıb. Bu onun digər insanlardan fərqli bir istedadı idi. Düşünürsünüz ki, sizdə elə bir istedad var ki, digər sahələr ilə məşğul olan insanlarda yoxdur?
- Mən düşünürəm ki, öz bəstələrimi yaratmaq məndəki bəlkə də, çox insanda olmayan bir şey ola bilər. Çünki insanların reaksiyasından belə başa düşürəm ki, doğrudan da elədir. İnsanların fərqli xüsusiyyətləri ola bilər. Mən inanıram ki, özünüzü uşaqlıqdan özəl insan kimi hiss edirsinizsə, sizə nəsə bir missiya yüklənib. Mən, məsələn, özümü elə hiss edirəm.

- Çox yaxşı bildirdiniz ki, öz əsərlərimdən. Sualım da məhz öz əsərlərinizlə bağlıdır ki, “Qız Qalası” yoxsa “Kız Kulesi”? Siz bu əsərinizi yazarkən Bakıdakı Qız Qalasından ilham almısınız, yoxsa Türkiyədəki Qız Qalasından? Düzdür hər ikisi haqqında rəvayətlər oxşardır ki, müdafiə xarakterlidir və sair, amma xarici görünüşləri çox fərqlidir.
- Bəli, çox diqqətcilsiz... Mən bunu yazarkən əlbəttə ki, Bakıdakı Qız Qalasını düşündüm. Türkiyədəki Qız Qalasını gəzəndə eyni hissiyyatı vermir mənə. Orada sadəcə turistik olaraq gəzib baxırdım ki, nə gözəl bir yerdir. Mən bakılı olduğum üçün, azərbaycanlı olduğum üçün bu Qız Qalasından ilham alıb, onun üçün yazmışdım.

- Bəs “Laçın”? Niyə “Laçın”ı seçdiniz daha məşhur etmək üçün?
- Əslində “Laçın” parçasını çox bəyəndim. Sonra təsadüfi bir şəkildə ona klip çəkildi və o münasibətlə məni bir çox yerə dəvət etdilər, mən bunu sanki bir mədəniyyət elçisi vəzifəsində bir çox yerdə ifa edim.

- Bəs ifalarınızı davam etdirməyi düşünürsünüz?
- Bəli, çox gözəl xalq mahnıları var, amma inanın ki, bir neçə parçaya bölünmüşəm - pianist, dirijor, bəstəkar. Ona görə də gedişat bunu müəyyən edir ki, yəni siz nəyi edə bilərsiniz, nəyi edə bilməzsiniz.

- Başqa bir müsahibənizdə bildirmisiniz ki, musiqiçi olmasaydım, həkimliyi seçərdim. Həkimlik biologiya ilə bağlıdır, musiqi isə tamam başqa bir sahədir. İkisi arasında necə əlaqə qurursunuz ki, musiqi olmasaydı, həkimliyə gedərdim.
- Həkim dedikdə, bir qadın doğum uzmanı olmaq istəyirdim. Orada da siz bir insanı dünyaya gətirisiniz. Təbii ki, sənət və həkimlik çox fərqlidir. Amma uşaq olanda insanın ağlı qarışır, bilmirsiniz nəyi seçəsiniz. Sonra plastik cərahiyyə də istəyirdim. Amma riyaziyyatı sevmədiyim üçün vaz keçdim. Amma sonra bildim ki, riyaziyyat bəlli doğruları olan bir mövzudur və onu öyrənmək çox maraqlı olardı mənim üçün. Çünki mən universiteti bitirdikdən sonra bir universitet daha oxumaq istəyirəm. Bu dəfə isə o çox fərqli bir bölüm olacaq.

- Ola bilsin həkimlik olar...
- Xeyr, həkimlik indi olmaz, çünki o mənim həyatımı başqa bir tərəfə yönəldər, amma istəyərdim ki, siyasət elmi oxuyum.

- Hansı ölkə sizin üçün idealdır, sevimli ölkənizdir ki, vətəndən sonra ikinci bir vətən kimi gedib orada yaşayıb yaratmaq istəyərdiniz?
- Açığı heç bir ölkədə o qədər uzun müddət yaşamamışam. Hər yerdə bir həftə, maksimum iki həftə qalmışam. Amma ən çox yaşadığım yerlər, əlbəttə, 9 yaşıma qədər Bakı olub, 20 ildir İstanbulda yaşayıram. İstanbul da çox gözəldir, amma bir sənətçi üçün nə qədər yaşamağa uyğun bir yerdir... Düzdür, mənzərəsi, Boğazı hamısı möhtəşəmdir. Dünyanın hər yeri gözəldir, amma dediyiniz kimi insanın bir yerlə bağlılğı olmalıdır. Mən hələ ki, deməmişəm bura mənim aid olduğum yerdir. Amma hər zaman Bakıya gələndə düşünürəm ki, Bakı mənim üçün çox doğmadır.

- Bəs Azərbaycan musiqisi barədə nə fikirləşirsiniz? Nə kimi tövsiyə və iradlarınız var?
- Mən insanların hamısına gözəl musiqi zövqü arzulayardım. Bu, həyatda ən önəmli şeylərdən biridir. Çünki dinlədiyiniz musiqi, danışdığınız mövzular - hər bir şey sizin xarakterinizi bəlli edir...

Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti