Hindistanı tərk edin - Mahatma Qandinin nitqi

16-05-2019, 23:34
Oxunub: 430
Həyatımın ən böyük mübarizəsini başladacağım bir ərəfədə içimdə heç kimə qarşı nifrət toxumu cücərtməməliyəm


Qətnaməni müzakirə etməzdən əvvəl bir neçə şeyi müəyyənləşdirməyimə izn verin, mən iki şeyi çox aydın başa düşməyinizi və onları sizdən öncə müəyyən etməyim doğrultusunda dəyərləndirməyinizi istəyirəm. Sizdən bunu mənim baxış bucağımla nəzərdən keçirməyinizi xahiş edirəm, çünki onu təsdiqləsəniz, mən dediyim hər şeyi yerinə yetirmək əmr ediləcək. Bu, böyük bir məsuliyyət olacaq. Mənim 1920-ci ildəki şəxslə eyni adam olduğumu və ya məndə hər hansı bir dəyişiklik olub-olmadığını soruşan insanlar var. Bu sualı verməkdə haqlısınız.

Eyni zamanda, 1920-ci ildəki həmin Qandi olduğumu təsdiqləmək üçün tələsməyimə izn verin. Təməlimdə heç dəyişmədim. O zaman müdafiə etdiyim qeyri-zorakılığa indi də eyni cür önəm verirəm. Ən azından, mənim buna olan vurğum gücləndi. Hazırkı qətnamə və əvvəlki yazılarım, sözlərim arasında heç bir real ziddiyyət yoxdur.

Günümüzdəki bu kimi hallar hər kəsin həyatında gerçəkləşməsə də, nadirən kiminsə başına gələ bilər. İstəyirəm biləsiniz və hiss edəsiniz ki, bu gün dediyim və etdiyim hər şeydə pak ahimsadan (qeyri-zorakılıq) başqa bir şey yoxdur. İşçi Komitəsinin qərar layihəsi ahimsaya söykənir, fikir mübarizəsi də özündə bənzər şəkildə ahimsadan izlər daşıyır. Bu səbəblə, əgər aranızda ahimsaya inancını itirmiş və ya bundan xəbəri olan kimlərsə varsa, bu qərara səs verməmələrinə izn verin.

İzninizlə öz mövqeyimi aydın şəkildə izah edim. Tanrı mənə ahimsanın silahında çox dəyərli bir ərməğan verdi. Mən və mənim ahimsam bu gün öz yolumuzdayıq. Mövcud böhranda dünya himsa (zorakılıq) alovları ilə yanıb, xilas üçün fəryad dilədikcə Tanrının mənə verdiyi istedaddan istifadə etməsəm, o, məni əfv etməyəcək və böyük ərməğanı yanlış dəyərləndirdiyimə görə mühakimə olunacağam. Mən indi hərəkətə keçməliyəm. Rusiya və Çin təhdid etdiyi zaman isə tərəddüd belə etmərəm.

Bizim etdiyimiz iqtidar üçün güc istəyi deyil, sadəcə Hindistanın suverenliyi üçün qeyri-zorakı mübarizədir. Zorakı mübarizədə uğurlu bir generalın hərbi çevrilişə təsir etməsi və diktatura qurması aydın faktdır. Lakin Konqresə bağlı olan bir sxemə görə, əslində, şiddətdən yoxsul bir diktaturaya heç yerdə yer ola bilməz. Qeyri-zorakı mübarizədə əsgər özü üçün heç bir şey istəməyəcək, sadəcə ölkəsinin azadlığı uğrunda savaşacaq. Azadlıq əldə ediləndə Konqres kimin idarəetmədə olacağına o qədər də önəm vermir. Güc əldə ediləndə əmanətin başına kimin keçəcəyinə Hindistan xalqı qərar verəcək. Ola bilər ki, iplər parsislərə verilsin və ya görməyi çox istərdim ki, Konqresdə adı heç eşidilməyən birinə əmanət edilsin. O zaman etiraz olaraq bunu deyə bilməyəcəksiniz: "Bu cəmiyyət mikroskopikdir. Partiya azadlıq mübarizəsində öz vəzifəsini yerinə yetirə bilmədi, niyə bütün gücə sahib olmalıdır?" Qurulduğu gündən etibarən, Konqres özünü hərtərəfli şəkildə ictimai ləkələrdən azad edib. Hər zaman xalq adından düşünüb və o istiqamətdə davranıb...

Mən ahimsamızın bəzi qüsurlarının olduğunu və hələ də idealdan nə qədər uzaqda olduğunu bilirəm, amma onda yekun uğursuzluq və ya məğbuliyyət yoxdur. Buna görə də mənim inancım var ki, bu böyük qələbə baş versə, bizim çatışmazlığımıza rəğmən və son iyirmi iki ildə susdurduğumuz Sadhana uğrunda qələbəyə görə Tanrı bizə kömək etmək istəyər.

Dünya tarixində azadlıq üçün bizim qədər demokratik mübarizə aparan başqa bir ölkə olduğuna inanmıram. Həbsxanada olanda Karlinin "Fransız əzmi" kitabını oxudum və Pandit Cəvahərləl mənə rus inqilabı haqda bir neçə şey söylədi. Amma mən əminəm ki, bu mübarizələr zorakılıq silahı ilə aparılırdı, buna görə də demokratik idealı həyata keçirə bilmədi. Mənim nəzərdə tutduğum demokratiya qeyri-zorakı yolla qurulur və hamı üçün bərabər bir azadlıq təmin edir. Hər kəs özünün ağası olacaq. Bu gün sizi belə bir demokratiya üçün mübarizə aparmağa dəvət edirəm. Bunun fərqinə varanda siz hindular və müsəlmanlar arasındakı fərqləri unudacaq və özünüzü yalnızca azadlıq mübarizəsi üçün ortaq olan hindlilər kimi düşünəcəksiniz.

Sonrasında isə "ingilislərə qarşı münasibətiniz necədir?" sualı gəlir. İnsanlar arasında ingilislərə qarşı nifrət olduğunu hiss edirəm. Onların davranışlarından usandıqlarını deyirlər. İnsanlar ingilis imperializmi ilə ingilis xalqı arasında heç bir fərq qoymur. Onların fikrincə, bu iki məfhum vahid bir varlıqdır. Bu nifrət hətta yaponları belə xoş qarşılamağa yetəcək qədər idi. Bu, çox təhlükəlidir. Bu o deməkdir ki, onlar bir köləliyi digəri ilə əvəz edəcəklər. Biz bu düşüncədən xilas olmalıyıq.

Qarşıruamamız Britaniya xalqı ilə deyil, biz onların imperializminə qarşı mübarizə aparırıq. İngilis hakimiyyətinin geri çəkilməli olduğu fikri qəzəb hissinə görə yaranmadı. Bu fikir Hindistanın indiki kritik nöqtədə öz vəzifəsini yerinə yetirə bilməsi üçün yaradıldı. Birləşmiş Millətlər Təşkilatı bu savaşa davam edərkən Hindistan kimi böyük bir ölkənin ondan nəzakətlə pul və maddi yardım alması heç də yaxşı bir durum deyil. Biz azad olmadıqca həqiqi fədakarlıq və velür ruhunu oyandıra bilmərik. Bilirəm ki, ingilis hökuməti biz kifayət qədər fədakarlıq göstərdikdən sonra azadlığımızı bizdən ala bilməyəcək. Bu səbəblə biz özümüzü nifrətdən arındırmalıyıq. Öz adıma deyim ki, mən heç vaxt nifrət hissi bəsləməmişəm. Açığı, mən indi özümü ingilislərlə həmişəkindən daha çox dost hesab edirəm. Bunun bir səbəbi onların hal-hazırda çətinlik içində olmaqlarıdır. Bu baxımdan mənim dostluğum onları etdikləri səhvlərdən qorumağı məndən tələb edir. Gördüyüm qədərilə onlar uçurumun eşiyindədirlər. Baxmayaraq ki, onlara kömək üçün uzadılmış dost əlini kəsə biləcək qədər qəzəblənə bilərlər, onları təhlükə barədə xəbərdar etmək mənim vəzifəmə çevrilir. İnsanlar gülsə də, mənim iddiam budur. Həyatımın ən böyük mübarizəsini başladacağım bir ərəfədə içimdə heç kimə qarşı nifrət toxumu cücərtməməliyəm.

Mahatma Qandi
8 avqust, 1942-ci il

Tərcümə: Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti