Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

17-04-2019, 22:46
Oxunub: 734
"Əksər müəllimlər öz ailə problemlərini şagirdlərin üstünə tökür"


Hər an yeni nələrsə baş verir. Lakin baş verən bu şeylər bəzən bizim üçün yeni olmur, hətta daxilimizdə şiddətlə istəyirik ki, bunlar bir daha baş verməsin. Böyük ümidlərlə gözlədiyimiz gələcək bəzən belə hadisələr fonunda qaranlıqlaşır. Lakin baş verən hər hadisəyə dair peşəkar və vətəndaş mövqeyi gərəkdir. Yalnız bu yolla biz nələrəsə çarə tapa bilərik. Fikir mübadiləsi, müzakirə yolu ilə bizə qaranlıq qalan bir çox hadisəyə işıq tuta bilərik. Çünki elə məsələlər olur ki, hamı anidən susur, fikrinin yanlış, mövqeyinin qəbuledilməz olduğu qənaətinə varır. Lakin hamının eyni anda güldüyü, məsxərə obyektinə çevirdiyi hadisələr daha maraqlı olur və cəmiyyət beləcə bəsitləşir.

Son dövrlərdə insan ölümləri, özünəqəsd hadisələri durmadan artır. Bu hallar yeniyetmə şagirdlər arasında da yayılıb və səbəbləri bizə həmişə qaranlıq olan bir şeyə çevriliblər. Dəqiq, konkret səbəblərin olmaması isə ağızdan-ağıza yayılan fikirlərin, bəzən nalayiq düşüncələrin yaranmasına səbəb olur. Bizə maraqlıdır ki, niyə yeniyetmələr öz həyatlarına qəsd etmək düşüncəsində olurlar? Nədir bunun ardında duran səbəblər - ailə, məktəb, ətraf, yoxsa şagirdin öz daxili çəkişməsi?

"Müəllimləri savadından öncə psixoloji testlərdən keçirmək lazımdır"

Suraxanı rayonu 281 saylı orta məktəbin rus dili müəllimi Sevinc Hüseynova məsələ ilə bağlı düşüncələrində qeyd edir ki, bəziləri bu tip hadisələr problemli ailələrdə baş verdiyini düşünür:

“Yəni, boşanma halları olan ailələr, səs-küy, dava ilə ünsiyyət quran valideynlər və onların övladlarına münasibəti belə hadisələrin baş verməsinin əsas səbəbidir. Lakin reallığa baxsaq, bu belə deyil. Ailə travmalı şəxslər mütləq ki haradasa büdrəyə bilir, amma həmin uşaqlar daim həyata hazır formada olurlar. Silahları yanında yatan əsgərlər kimi. Onlar dik dayanmağı, əyilməməyi və yaşamağı sevməyi elə həmin ailələrdə öyrənirlər. Çünki onların şüurunda başqa çıxış yolu yoxdur. Belə prosesdən keçən uşaq artıq həyata öyrəşmiş olur. Təbii ki, indi təhsildəki, müəllim heyətindəki boşluqlara başqa cür bəraət qazandırmaq olmaz. Zatən indi bizim cəmiyyətimizdə hansısa bir hal baş verəndə kişiyə də, qadına da ağır damğalar vurulur. Əsl səbəblər araşdırılmır. Birincisi, məktəbdə belə halların baş verməsinin əsas səbəbi odur ki, sinif rəhbəri sistemi işləmir, psixoloq sistemi işləmir. Məktəblərdə psixoloqların işi, dərsləri sıfır səviyyəsindədir. Nə qədər düzgündür ki, minə yaxın şagirdin olduğu məktəbə bir psixoloq təyin olunur? Nə dərəcədə düzgündür ki, ibtidai, orta və yuxarı sinifləri eyni psixoloq idarə edir, bu düzgündür? Müəllimləri savadından öncə psixoloji testlərdən keçirmək lazımdır. Müəllimlərin özlərinin bu dəqiqə psixoloqa ehtiyacı var, onların özləri ilə psixoloji tərbiyə dərsləri keçmək lazımdır. Əksər müəllimlər öz ailə problemlərini şagirdlərin üstünə tökür, qazanc niyyəti ilə məktəbə gedir. Düzdür, şərəfli müəllimlər də var, danmaq olmaz. Lakin onların sayı nisbətən daha azdır. Müəlllimlər, psixoloqlar birgə iş qurmalıdırlar. Şagird evə gec gələndə, ya da dərsə gəlməyəndə, davranışında hansısa dəyişiklik baş verəndə o uşaqla söhbətlər aparılmalıdır. O yaşda olan hər səhvi düzəltmək olur, o yaşda bir uşaq əsla əxlaqsız hadisənin şüurlu qurbanı ola bilməz. Məktəbdə 10-15 nəfərlik psixoloq ştatı işləməlidir, onların hamısına vəsait ayrılmalıdır. Onların hər birinin bütün siniflər haqqında portfoliosu, şagirdlər haqqında rəyləri olmalıdır. Çətin şagirdlər, risk qrupuna daxil olan yeniyetmələrlə bağlı iş aparılmalıdır. Bu halda xırda-xırda da olsa, dəyişikliyi görə bilərik”.

Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

"Uşaqlar aqressiyanın içində böyüyürlər, aqressiya onları formalaşmağa qoymur..."


Sevinc xanımla yanaşı ingilis dili müəllimi kimi "Master School" hazırlıq kursunda çalışan və ora rəhbərlik edən Şamama Məhərrəmidən bu mövzu ilə bağlı fikirlərini soruşdum:

"Mən 10 ildir, tələbələrlə işləyirəm. Həm tələbələrim arasında, həm də yaxın tanışlar, qohumlar arasında bu hallara şahid olmuşam. Heç gözləmədiyim tələbələrimdən bu cür xəbərlər eşitmişəm, sarsıntı keçirmişəm. Həm də müasir cəmiyyətimizdə sosial statusundan asılı olmayaraq intihara cəhd edən insanlar olur, məsələn, bu yaxınlarda 8-ci sinif şagirdi özünəqəsd etdi, psixoloqlar, yazıçılardan da belə mənfi xəbərlər eşidirik. İntihara cəhd halları dayandırıla bilmir, insan şüuruna o dərəcə nüfuz etmək olmur. Hər qəbildən insan bunu nə zamansa düşünə bilər, bu "uğurlu" və ya "uğursuz" alına bilər. Mən bir müəllim və valideyn olaraq düşünürəm ki, intiharın səbəbi sevgisizlikdir. İntihar bəzən tələb etdiyin sevginin qarşı tərəfdən qarşılanmadığı durumda gerçəkləşir. Bu halda biz mütləq övladlarımızı, şagirdlərimizi sevgi şəraitində yetişdirməliyik, onlarla söhbət etməli, aramızda sədlər qoymamalı, problemlərini can qulağı ilə dinləməliyik, birlikdə çıxış yolları axtarmalıyıq. Yaxınlarda Bakı şəhər məktəblərindən birində buraxılış imtananına hazırlıq üçün sınaq təşkil etmişdik. O şagirdlərin psixoloji vəziyyəti həqiqətən də məni dəhşətə gətirdi. Sanki cəmiyyət içində yox, qəfəsdə böyüdülmüş şəkildə təsir bağışladılar. Müəllimlərin onlarla rəftarı, davranışı, səs-küy... Və mən düşünürəm ki, uşaqlar o aqressiyanın içində böyüyürlər, aqressiya həm onları formalaşmağa qoymur, həm də ki elə intihara sövq edən səbəblərdən birinə çevrilir. Mənim tək amalım uşaqların, tələbələrimin ruhunu ən əvvəl sevgi ilə qidalandırmaqdır. Bu zaman diri cəmiyyət yetişdirmək olar”.

Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

Gənclik dövrləri uşaqlıq travmalarının, vərdişlərinin yavaş-yavaş üzə çıxdığı dövrdür. Gənclər o dövrlərin izlərini gələcək həyata daşıya da bilər, daşımaya da. Elə bu dönəmlər də universitetə daxil olmaq, işləmək, ailə həyatı qurmaq kimi ciddi məsələlər gəncləri çevrələyir. Göz açıb qapayıncaya qədər bunlar baş tutur və istəmədiyi həyatı yaşayan bir insan yetişə bilir ki, bu da təhlükəli və tez-tez baş tutan hadisədir. Bu mənada illərdir, universitetdə tələbələrlə işləyən və valideyn kimi məsuliyyətini dərk edən daha bir müəllimdən fikrini soruşduq.


"Böyüklər üçün əhəmiyyətsiz görünə bilən hallar uşaqlar üçün böyük əhəmiyyətə malikdir"

Azərbaycan Dillər Universitetinin müəlliməsi Mikayılova Azadə bildirdi ki, vaxtında atılmış düzgün addım, düzgün verilmiş qərar böyük hadisələrdən qoruya bilər:

“Hər birimiz heç nədən xəbərsiz, saf olaraq dünyaya gəlirik. Amma bu o demək deyil ki, 9 ay inkişaf dövrü insana təsirsiz qalır. Ailə qurmaq niyyətində olan iki gənc ilk olaraq münasibətlərini şüurlu şəkildə qurmalıdır ki, gələcəkdə problemlərlə, xoşagəlməz nüanslarla qarşılaşmasınlar. Və elə ilk andan özlərini gələcək nəsil yetişdirəcək cəmiyyətin yararlı üzvü hesab etməlidirlər. Artıq valideyn olacaq cütlük övladını bütün təhlükələrdən kənar, cəmiyyətə layiqli, parlaq şəxsiyyət kimi yetişdirmək istəyirsə, vaxtının mümkün qədər çoxunu onunla keçirməlidir. Övladını psixoloji, mənəvi, fiziki, mədəni sağlam görmək üçün valideynlər böyük məsuliyyət daşıyır. Hələ kiçik yaşlarından onların bütün uğurlu və uğursuz anlarını birlikdə yaşamalıdırlar. Unutmayaq ki, böyüklər üçün əhəmiyyətsiz görünə bilən istər müsbət, istərsə də mənfi hallar onlar üçün böyük əhəmiyyətə malikdir. Vaxtında atılmış düzgün addım, düzgün verilmiş qərar böyük hadisələrdən qoruya bilər. Ailədə valideynlər arasında olan problemlər uşaqlara böyük təsir göstərir. Qarşılıqlı hörmət, qayğı, məhəbbət olan mühitdə uşağa heç psixoloq lazım olmur, o ya bütün çətinlikləri özü dəf edir, ya da böyüklərin qayğısı ilə bu çətinlikləri heç özü də hiss etmədən dəf etmiş olur”.

"Bir psixoloq bütün məktəbin psixoloji durumuna nəzarət edə bilməz"

Məsələnin psixoloji tərəfi ilə bağlı psixoloq rəyi aldıq. Göründüyü kimi əsas problem olaraq psixoloq çatışmazlığı, qayğı çatışmazlığı qeyd edilib. Psixoloq Şövkət Aslanova bu barədə belə düşünür:

“Məktəblərdə psixoloq çatışmazlığı böyük problemlərdən biridir. Təbii ki, bir psixoloq bütün bir məktəbin psixoloji durumuna nəzarət edə bilməz. Ümumiyyətlə, şagirdlərin, yeniyetmələrin problemləri iş prosesində üzə çıxarılmalıdır. Əgər gərəklidirsə, individual iş aparılmalıdır. Risk qrupu adı verdiyimiz yeniyetmə qrupu var ki, həmin mühitdə uşaqlar içlərinə qapanıq olur və bir müddətdən sonra onlar da intihara meyillənə bilir. Bu zaman biz onlarla mütləq söhbət etməliyik. Əsas səbəblərin aşkara çıxarılmasında kömək göstərməliyik. Lakin valideynlər görüşə çağırılır, onlara təklif edilir ki, uşaqları ilə məşğul olsun. Valideyn bunu qətiyyətlə rədd edir. Yaxud da biz uşaqla məşğul oluruq, daha sonra valideynlərlə bu barədə müzakirə etmək istəyirik. Əlbəttə, şagirdin bizə danışdığı şeyləri deyə bilmərik. Lakin ümumi mənzərə haqqında valideyni məlumatlandırırıq. Nəticədə, valideyn evdə uşağın üstünə düşür, niyə nələrisə danışdığı barədə məzəmmət edir. Bir şeyi də qeyd edim ki, Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirirdi, burda qapalı, depressiv uşaqları müəyyənləşdirmək və onlar üzərində işləmək əsas məsələ idi. Düşünürəm ki, bu tip şeylər təkcə hansısa müsabiqə nəzdində yox, həm də ümumtəhsil müəssisələrində də keçirilsə, pozitiv nəticə əldə etmək olar”.

Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

"Uşaqları müayinə edəndə də gördüyüm ən başlıca nüans içinəqapanıqlıq olur"


23 saylı xəstəxananın həkimi Vüsalə Əliyevadan bu problemlərdə sosial səbəblərin rolu haqqında soruşduq:

“Ailə, məktəb səbəbləri ilə yanaşı sosial problemlər burda əsaslı səbəbdir. İş saatlarının çoxluğu, istirahət günlərinin azlığı, uşaqlara yüklənən dərslərin ağırlığı, tələb olunan şeylər hər biri daxili sıxıntılara səbəb olur. Uşaqlar ən azından bilməlidir ki, saat ən gec axşam saat 8-9-da ailə bir yerə toplaşacaq. Axı indi bu belə deyil. Valideynlər qazanc üçün çalışır, uşaqlar isə bir növ tənha böyüyür. Uşaqları müayinə edəndə də gördüyüm ən başlıca nüans içinəqapanıqlıq olur. Öz problemlərini açıq-aşkar söyləyə bilmirlər. Bunun da ən böyük səbəbi ünsiyyət problemidir. Ünsiyyət yoxdur, ancaq telefon, kompüterlə yaxın ünsiyyət var. Uşağın yaxın mühiti yoxdur, dalaşıb barışacağı dost mühiti getdikcə daralır və bunun yerini yeni texnologiya zəbt edir”.

Məsələ ilə bağlı valideynlərin də fikirlərini soruşduq. Çünki işindən və sosial statusundan asılı olmayaraq hər bir valideynin belə hadisələr qarşısında duyduğu dəhşət hissi eynidir. Şagird, tələbə, izləyici, pasient toplumu ilə işləməyən şəxs də intihar olayına eyni reaksiyanı verir.

 

Valideyn rəyi: "Yaşından asılı olmayaraq, onlara şəxsiyyət kimi davranmaq lazımdır"

“Bu, elə bir vəziyyətdir ki, qarşısını almaq yüz faizlik deyil. Amma çalışmaq lazımdır ki, müəyyən qədər dəf edəsən. Əvvəla, yaxşı nümunə olmaq lazımdır. Doğru nümunəsi olan uşaq hadisələri daha sürətlə anlayır. İkincisi, yaşından asılı olmayaraq, onlara tam bir şəxsiyyət kimi davranmaq lazımdır. Həyatı yeri gələndə rəngli, yeri gələndə boz göstərmək lazımdır. İntihar elə bir şeydir ki, bu özünü tətmin edə bilməyən insanlar arasında tez-tez baş tutur. Skandinav ölkələri nə qədər xoşbəxt mühitdə yaşasa da, orda intihar halları daha çoxdur. Bu, insanın məmnun ola bilməməsi ilə bağlıdır. Ən əsası insan özü ilə dost olmalıdır. Ürəyinə qulaq asıb düzgün nəticə çıxarmalıdır. Özünə qiymət və hörmət verməlidir. Təkəbbür yox, hörmət. Bu zaman ətrafdan da eyni cür münasibəti görəcək, özünü lazımlı hiss edəcək, tənha yox. İntihar isə tənhalığın ən yüksək nöqtəsidir... Uşaqlarımızı da bu cür böyütməliyik, onlar bizim məsuliyyətimiz altındadır”, - deyə Vüqar Məmmədov bildirib.

Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

İnformasiya əsrində yaşamağın verdiyi rahatlıq həm də ardında müxtəlif fəlakətlər daşıyır. Təhrif edilmiş, qeyri-obyektiv məlumatlar, əsassız, düşünülməmiş şəkildə yazılmış xəbərlər belə hadisələrə kibrit vuran məsələlərdir. Axı indi hər şey hər kəsin gözü önündədir, bir əl uzaqlığında.

"Belə mövzularda senzuraya ehtiyac var"

Jurnalistika fakültəsinin tələbəsi Şəfəq Məcid bildirdi ki, uşaqların intiharının ən böyük səbəbkarı ailədir:

“Ona görə ki, valideynlər övladlarının psixologiyalarına bələd olmalıdırlar, övladları nə düşünür, nə izləyir, nə oxuyur, hansı oyunları oynamağı sevirlər, rəftarları necədir, içinəqapalıdırmı, yoxsa cəmiyyət içində sosial uşaqdır, asosialdır - hamısına bələd olmalıdırlar. Ailə əgər bundan xəbərdar olmasa, bu uşağın daha da qapanıqlaşmasına gətirib çıxaracaq. Yeniyetməlik dövründə uşaqların 90 faizi bunu yaşayır. Sonrakı böyük səbəbkar isə məktəbdir. Ailədən geri qalmayaraq məktəb müəllimləri, ən əsas da sinif rəhbərləri şagirdlərin dərsdə özünü aparmaq qaydasından tutmuş, oynadığı oyunlara, işlətdiyi ifadələrə, yəni, özünəqapalı ya inamlı danışırmı, melanxolik cümlələr qururmu tez-tez - bunlara fikir verilməlidir. Əgər uşaq intihar edirsə, biz burda günahkar kimi əsla həmin şəxsin özünü saya bilmərik. Uşaq intiharın nə olduğunu necə dərk edə bilər ki? Düşünə bilməz axı, bu kimə ziyandır, kimə xeyirdir, nədən qurtulmaq üçün buna baş vururlar? İntiharın ən asan çıxış yolu olduğunu onlar necə bilə bilər? Onlara həyatı kim sevdirə bilər, əlbəttə valideyn, məktəb. Bunun həll yolu da elə bunu yaradan səbəblərin özləridir. Maraqlanmalıdırlar uşaqları ilə. Amma uşağın xəbəri olmadan baş tutan bir nəzarət olmalıdır bu. Uşaq özünü azad hiss etməlidir, bu halda valideyn onu müşahidə edə bilər. Basqı altında olan uşağa bu özü mənfi təsir göstərə bilər, ya da ki bu zaman uşaq özü kimi olmaya bilər, gizli ola bilər. Məktəblər də eyni formada. Həm uşağın özü ilə, həm də valideynləri ilə əlaqəli olmalıdırlar. Onu da qeyd edim ki, məktəbdə psixoloq işi bərbad vəziyyətdədir. Yaş səviyyələrinə uyğun psixoloqlar təyin olunmalıdır. Hər yaş dövrü üçün məktəbdə ən az bir psixoloq fəaliyyət göstərməlidir ki, uşaqlarla daim əlaqədə olsun. Sinif rəhbərləri nəzarət etməlidir. Şagirdlərdə öyrəşilməmiş davranış görəndə onla maraqlana bilsin. Psixoloji testlərlə belə bu işi etməyə bilərlər. Testə nə gərək var, onlarla söhbət etsinlər.

Digər böyük səbəb media fəaliyyətidir. Məsələn, biz uşaq olanda kriminal verilişlər var idi, hansı ki gecəyarısından sonra efirə buraxılırdı. Artıq günorta saatlarında televiziyada kriminal xəbərlər verilir, orda intihar da var, adamöldürmə də var. Və vəhşicəsinə ölümlərdir. İntiharlar bu qədər efirə verilməməlidir. Bu, uşaqlara mənfi təsir bağışlaya bilər. Televiziyada, xəbər saytlarında verilən bu şeylərə nəzarət edilməlidir. Heç olmasa, saat məhdudiyyətləri olmalıdır. İnternet saytlarında xüsusi xəbərdarlıqlar belə olmur. Belə mövzularda senzuraya ehtiyac var ki, insanlar bunu bu qədər rahat qəbul etməsinlər”.

Psixoloq çatışmazlığı, təhsil sistemi, media və intiharlara səbəb - RƏYLƏR

"Mediayaya və məktəb psixoloqlarına xüsusi əncam çəkilməlidir"

Jurnalistika fakültəsinin digər bir tələbəsi Selcan Əhməd: 

“Mən burda ailə və məktəb faktorundan öncə təbliğat maşınlarından danışmaq istəyirəm. İntihar, ölüm, kriminal xəbərlərin uşaqların əllərinin çatmayacağı yerdə olması daha məqsədəuyğundur. Çünki sırf psixologiyaya təsir edir, gözünlə gördüyün, qulağınla eşitdiyin şeylər vaxt keçdikcə sənə normal görünməyə başlayır. Həmişə elə olub, 10 il əvvəl qəbul olunmayan tabu indi qəbul olunur. Yeniyetmələrin intiharında ailə faktoru önəm daşıyır, o halda ki o uşağın başqa bir seçimi qalmır. Belə məsələləri nə cəmiyyətə, nə ailəyə, nə həmin uşağa yükləmək olmaz. Bu şeylərdə günahkarı tapmaq mümkün deyil. Burda günahkar hadisələrin baş tutduğu “əsr” ola bilər, insanların çoxluğu ola bilər. Bakıda üç milyon əhali var, fikir versək, metrolarda hər kəs qəmgin, aqressiv, neqativdir. Bunu elə həmin yeniyetmələr də görür. Yeniyetmə yaş dövründə isə daxili çəkişmələrdən qaçmaq olmur, bundan xilas ola bildinsə, gənclik dövründə o qədər də mane olmayacaq. Ən çox da belə xəbərləri cinsi azlıqlar barədə eşidirik,təhsil sistemi ilə əlaqəli oluruq bəziləri də. Ailə basqısı ilə uşaq univerisitetə daxil olmayanda çıxış yolu kimi ölümü görür. Çünki ona ora daxil olmaqdan başqa seçim sunulmayıb. Mediada, internetdə, televiziyada da gördüyümüz budur. Televiziyaların xüsusi bir dəstəyi yoxdur bu barədə. Onlar “obyektivəm” deyib bu cür xəbərləri efirə verirlərsə, bu düzgün deyil və düzgün yanaşma ilə göstərmirlər də. Həll yolundan biri isə məktəblərdəki psixoloq sisteminin dəyişilməsidir. O qədər böyük təhsil müəssisəsinə bir psixoloq kifayətdir? Ümumiyyətlə, bu barədə dərslər keçilməlidir. Heç olmasa, anatomiyanı düzgün keçməlidirlər. Gəlib orta məktəbdə mensturasiya haqqında danışırlar. Düşünürlər ki, qızlar utanar və buna görə oğlanlar çölə çıxır. Niyə? Cəmiyyət bu cür formalaşdırıla bilməz. Mediayaya və məktəb psixoloqlarına xüsusi əncam çəkilməlidir”.

Məktəblilərin hansısa səbəbdən intihara cəhd etməsi media üçün demək olar ki, adi hala çevrilmişdi. 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharından və bu intiharın ətrafında yaranan qalmaqallardan sonra bu məsələ ictimaiyyətin diqqətini çəkdi. Amma bu, Elina və onlarla digər şagirdlər hansısa səbəbdən intihar etməmişdən əvvəl həllini tapmalı idi. Düzdür, bu məsələni də ötr-basdır etmək istəyənlər, başqa tərəfə çəkmək istəyənlər oldu. Bu, problemdir, özü də böyük problemdir. Bunu nə görməzdən gəlmək, nə də üstündən keçmək olar. Bu problemi həll etmək üçün isə kimdənsə addım gözləməməlisən, əlindəki imkanlarla birinci addımı sən at. İnanırıq ki, bundan sonra başqa şagirdlərimizi itirməyəcəyik. 


Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti