Zakir Həsənov NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb

17-04-2019, 16:59
Oxunub: 111
Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Səfərin NATO-nun yaranmasının 70 illiyi və Azərbaycan-NATO əməkdaşlığının 25-ci ildönümünə təsadüf etdiyini vurğulayan müdafiə naziri Alyansla əlaqələrin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın yubileyinin qeyd olunmasına dövlət səviyyəsində xüsusi diqqətin ayrıldığını bildirib.

Müdafiə naziri NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Y.Broeks də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları və layihələri çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib və əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti