Azərbaycanda bullinqlə bağlı ilk sosial sorğu - HƏYƏCAN TƏBİLİ

14-04-2019, 00:28
Oxunub: 3388
Bir çox intihar hadisəsi məhz bullinqə görə baş verib


162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbdə intihar etməsindən sonra məktəblərdəki bullinq (ing. bullying) halları gündəmə gəldi. Əvvəlcə bullinq haqqında qısa məlumat verək.

Bullinq nədir?

Bullinq insanları şifahi və ya fiziki olaraq alçaldacaq, incidəcək bilərəkdən və təkrar törədilmiş aqressiv davranışdır. Bullinqin bir neçə növü var: kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

İntiharların səbəbini araşdırdıqda məlum olur ki, bir çox intihar hadisəsi məhz bullinqə görə baş verib. Elina Hacıyevanın da məktəbdə məruz qaldığı bullinqə görə intihar etməsi bu məsələdə maarifləndirmənin vacibliyini göstərdi.

Qadınlar kişilərdən daha çox bullinqə məruz qalır

Bu intihar hadisəsindən sonra Etatist.com-un əməkdaşı Mələk Hacıyevanın təşəbbüsü ilə bullinqlə bağlı ilk dəfə sosial sorğu keçirilib. 603 nəfərin iştirak etdiyi sorğudan məlum olub ki, qadınlar kişilərdən daha çox bullinqə məruz qalır. Sorğuda iştirak edənlərin 57,2 faizi qadın, 42,3 faizi isə kişidir.

Sorğuda iştirak edənlərin yaş hədləri belədir:

Yaş: (18-ə qədər – 9,3 %; 18-25 - 66,1 %; 25-35 – 22,7 %; 35-dən yuxarı – 1,9 %)

Əsasən 18-25 yaş arası gənclərin iştirak etdiyi sorğuda 603 nəfərdən 131-i bullinqə məruz qalmadığını, 472 nəfər isə məruz qaldığını deyir. 3,9 faiz nəfər məktəblərdə bullinq əleyhinə kifayət qədər maarifləndirici təbliğat aparıldığını, 96,1 faiz isə əksini düşünür. Ümumiyyətlə, 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına qədər, sosial şəbəkələrdəki qısa, kiçik paylaşımları çıxsaq, bullinq problemi heç vaxt problem kimi gündəmə gətirilməyib və gördüyümüz qədərilə heç məktəblərdə də bunun əleyhinə hansısa bir iş görülmür.

İştirakçılardan 92,9 faizi düşünür ki, orta məktəb dərs proqramına bullinq əleyhinə maarifləndirici dərslər salınmalıdır.

 

Azərbaycanda bullinqlə bağlı ilk sosial sorğu - HƏYƏCAN TƏBİLİ

Sosial sorğunun nəticələrindən belə görünür ki, məktəblərdə, universitetlərdə gənclər ən çox maddi vəziyyətinə, fərqli imicinə və ya fiziki məhdudiyyətlərinə, qüsurlarına görə bullinqə məruz qalıblar. Sorğuda iştirak edənlərin əksəriyyəti “bullinqə məruz qalan sinif yoldaşınızı müdafiə etmisinizmi” sualına müsbət cavab verib. Amma onlar bu barədə məktəb rəhbərliyinə məlumat vermədiklərini qeyd ediblər. İştirakçılardan sadəcə 15 nəfər məktəb rəhbərliyinə müraciət etdiyini və onların da 7-si müsbət reaksiya aldığını bildirib. Qalan sorğu iştirakçıları isə rəhbərliyə müraciət etmədiyini qeyd edib. Onların isə 78 nəfəri məktəb rəhbərliyindən müsbət reaksiya gözləmədiklərini, 24-ü bunu kifayət qədər ciddi problem saymadığını, 63-ü özünün də bullinqə məruz qalacağını əsas gətirib.


Bullinqə məruz qalan iştirakçılardan bəziləri buna görə hətta məktəb vaxtı intihara cəhd etdiyini də qeyd edib. İştirakçılardan bəzilərinin bullinqə məruz qalma səbəbləri:

- Təəsüf ki, saçımı kəsərək, qaşlarımı səliqəyə salaraq məktəbin “ən tərbiyəsiz qızı” ləqəbini almışdım.

- Oxuduğum məktəbdə geyimimə və maddi vəziyyətimə görə məruz qalmışam.

- Sinif yoldaşlarım dişlərimə dəfələrlə lağ etdikləri üçün mən də Elina kimi intihara cəhd etmişəm.

- Bəli, sinif rəhbərim və sinif yoldaşlarım tərəfindən. Sinif rəhbərimin mənimlə arası yox idi, amma buna səbəb də yox idi. Rayondan gəlmişdim, 6-cı sinifdən o məktəbdə oxumağa başladım. Uşaqlar rayondan gəlmişəm deyə lağ eləyirdi, geyimimə, danışığıma. Məktəbdə intizamı pozacaq davranışlarım olmamışdı. 6 il əlaçı bitirdim. Amma psixoloji travmalar aldım o sinifdə.

- İntrovert olduğum üçün orta məktəbdə, ateist olduğum, metal musiqi dinlədiyim və idman stilində geyindiyim üçün isə universitet dövründə uzun müddətli məruz qalmışam.

- Məktəbdə oxuyarkən, əsasən 13 -16 yaşlarımda çox tez-tez bəzən isə hər gün sinif yoldaşlarım tərəfindən görünüşümlə bağlı təzyiqlər görürdüm, sakit biri olduğum üçün heç vaxt cavab verməzdim və bundan istifadə edib daha çox edərdilər.

- Mənim irsən dişlərimdə problem var idi. Bütün sinif yoldaşlarım mənə lağ edərdi. Həmişə oğlan kimi geyim tərzim olduğuna görə də lağ edirdilər. Dəfələrlə mən də təsir altına düşüb intihara cəhd etmişəm, amma sonralar hər kəslə savaşmışam, çünki qüsurlu olan mən yox onlardır.

Azərbaycanda bullinqlə bağlı ilk sosial sorğu - HƏYƏCAN TƏBİLİ

Sorğu iştirakçılarının əksəriyyəti problemin həllini məktəblərə savadlı psixoloqların təyinində, müəllim, rəhbər heyətin də öz psixoloji vəziyyətinin yoxlanılmasında və müəllim-valideyn münasibətlərinin yaxşılaşmasında gördüklərini bildiriblər.

Yuxarıdakı cavablardan da aydın olur ki, əksəriyyət məktəb dövründə bullinqə məruz qalır və digər şagirdlərin bullinqə məruz qalan şəxsi müdafiə etməməsinin əsas səbəbi bunu normal qarşılamasıdır. Bu da bir daha məktəblərdə bullinq əleyhinə maarifləndirici təbliğatın vacibliyini göstərir.

"Elinanın intiharı cəmiyyətdə şok effekti yaratdı"

Mələk Hacıyeva Etatist.com-a açıqlamasında bildirib:

“Elinanın intiharı cəmiyyətdə, belə demək olarsa, şok effekti yaratdı. Bütün sosial şəbəkələrdə münasibətlər bildirildi, yazılar yazıldı, profil rəsmləri dəyişdirildi, lakin bütün bunlar problemi həll edəcək addımlar deyildi. Etatist.com heyəti ilə birgə bullinqlə bağlı belə bir sosial sorğu keçirmək qərarına gəldik. 10 sualdan ibarət bir anket hazırladıq və sorğuya kifayət qədər maraq oldu. 2 günlük sorğuda 603 insan öz hekayəsini bizimlə paylaşıb. Hər biri təəssüf doğurur, lakin eyni zamanda bu, sosial sahədə ciddi dəyişikliklər etmək üçün kifayət qədər ciddi əsaslarımız olduğunu göstərdi. Bu məlumatları paylaşmaqda məqsədimiz aidiyyatı qurumların diqqətini bu statistikaya çəkməkdir”.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti