Əzizə Musfatazadə atasının ölümü haqqında: "Axmaq sovet rejimi ucbatından"

23-03-2019, 11:41
Oxunub: 426
"Onlar atamı utandırmaq istəyirdilər"


Əfsanəvi cazmen Vaqif Mustafazadə səhnədə dünyasını dəyişib. Qızı, "cazın şahzadəsi" Əzizə Mustafazadə 1996-cı ildə verdiyi bir müsahibədə atasının vəfat etməsi haqqında danışarkən bildirir ki, "atam möhtəşəm konsertlər verirdi, lakin adam az gəlirdi". Ümumiyyətlə, dahilər öz dövləri üçün deyillər. Vaqif Mustafazadə də belə dahilərdən idi. 

Etatist.com Vaqif Mustafazadənin qızı, uzun illərdir Almaniyada yaşayan Əzizə Mustafazadənin 1996-cı ildə atasının ölümü ilə bağlı müsahibəsini oxucularına təqdim edir:

- Həyatda bəzi şeylər çox qəribədir. Atam 10-cu doğum günümdən öncə vəfat etdi. 1979-cu il idi. Ailə tarixçələrimizin çoxunun bir-birinə bu qədər bənzər şəkildə bağlı olması həqiqətən qəribədir. Anam dekabrın 17-si dünyaya gəlib, mənim doğum günüm isə 19-udur. Atam 16-sı vəfat etdi və biz onu 18-i dəfn etdik. Beləcə, bütün bu tarixlər - 16, 17, 18, 19 dekabr - bizim üçün həm kədər, həm sevinc qarışığı idi, fəlsəfi bir paradoks yaşandı, həyat və ölüm yanaşı gəldi.

Açığı, mən həqiqətən, ölümə inanmıram. Düşünürəm ki, bu bioloji fenomendir, mənəvi yox. Mənə görə atam heç vaxt ölməyib. O, sadəcə bu dünyanı tərk edib.

Mən hələ də onun enerjisinin ətrafımda olduğunu hiss edirəm. Bilirsən, bəzən elə hiss edirəm ki, sanki onun ruhu yanımca uçur. Konsert verdiyim zamanlarda onun varlığını çox güclü hiss edirəm, bu, demək olar ki, fiziki dərəcədə baş tutur. Mənə elə gəlir ki, ona çatacam və toxunacam. Bəzən mən bunu hər gün duyuram.

İnsanlar tez-tez onun ölümünü şərtləndirən hadisələrlə maraqlanırlar. Maraqlısı budur ki, onun ölümündən öncə vanna otağımızda böyük bir güzgü yerə düşüb parça-parça olmuşdu. Bəzi insanlar buna gülə bilərlər, lakin bu, o Daşkəndə (Özbəkistan) konsert üçün gedəndə baş tutmuşdu. Mən ağlayırdım və yalvarırdım ki, “lütfən, getmə”. Əlbəttə, mən dəqiqliklə anlamırdım ki, nə baş verir. Lakin yenə də ona yaxarırdım ki, getməsin.

Son dəfə mən onunla telefonla danışanda dekabrın 15-i idi və ondan soruşurdum ki, “nə zaman gələcəksən? Mən səni sabah görmək istəyirəm”. O cavablamışdı ki, “yox, bu, mümkün deyil, çünki mənim konsertim var. Lakin əzizim, narahat qalma. Mən gələcəm və biz birlikdə ananın doğum gününü qeyd edəcəyik”. Amma bu, heç vaxt baş tutmadı.

Elə görünür ki, o, özünü yaxşı hiss etmirdi, həkimlər isə ona deyirdilər ki, ifa etməyi dayandırmalısan. Lakin o israrla “mən ifa etməliyəm” deyirdi. O, çox möhtəşəm bir konsert verir, lakin böyük zallar dinləyici kütləsi ilə dolub daşmır. Həmin gün müsəlmanlar üçün xüsusi olan Aşura günü idi ki, insanlar küçələrə axın edir və üçüncü şiə imamı olan Hüseynin ölümünə görə özlərinə fiziki xəsarət yetirirdilər. Konsert bitdikdən sonra atam şiddətli infarkt keçirir və vəfat edir. Onun sadəcə 39 yaşı var idi.

Niyə bu konsert həmin günə təyin edilmişdi? Axmaq sovet rejimi ucbatından. Həmin vaxtlar ümumiyyətlə bir çox şey tamamilə yanlış istiqamətdə edilirdi. Mən bu qoca sistemi dərk edə bilmirəm. O, insanların həyatlarını, qəlblərini, karyeralarını zədələyib. Nəticədə, mənim atam güclü stres keçirərək həyatını itirdi. Və bu, heç ədalətli deyil. Onlar bu konserti həmin gün orqanizə etmişdilər, çünki bilirdilər ki, çox az adam bura gələcək. Onlar atamı utandırmaq istəyirdilər. Ümumiyyətlə, sırf o gün ənənəvi olaraq musiqi ifa edilmir.

Atam xaricdən çox sayda dəvət almışdı və Amerikada, Avropada - hər yerdə müxtəlif beynəlxalq festivallarda iştirak etməyə dəvət edilmişdi. Bir dəfə Finlandiyada bir caz festivalına qatılmaq üçün yola çıxdığı gün uçuşa bir neçə dəqiqə qalmış bir nəfər “cənab Mustafazadə, zəhmət olmasa, geri qayıdın, kimsə sizi gözləyir”. Nə baş verdiyini görməyə gedir və qayıtdıqda ona təyyarəyə minməyə icazə vermirlər. Bu, onun xaricə getməsini əngəlləmək üçün quraşdırılmış bir şey idi. Bütün bunlar isə ona görə idi ki, atam cazmen idi. Ümumiyyətlə, belə hadisələr çox baş verib.

Tərcümə: Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti