Məhbuslar üçün kitab toplanılır

10-03-2019, 00:29
Oxunub: 423
"Həmin insanlara hiss etdirməliyik ki, həyat bitməyib, qarşıda xoş günlər var"


Yazıçı Nicat Həşimzadə məhbuslar üçün kitab toplama aksiyasına başlayıb.

Aksiyanın təşəbbüskarı N.Həşimzadə Etatist.com-a verdiyi açıqlamada bildirib ki, məhbusları islah etmək üçün ən təsirli vasitə kitablardır:

"Həbsxanalarda olan, bilərəkdən və ya bilməyərəkdən cinayət törətmiş məhbusları islah etmək üçün ən təsirli vasitə məhz kitablardır. Ümumiyyətlə, həbsxanalarda ciddi əhəmiyyət daşıyan, dövlət maraqlarını qoruyan filmlər nümayiş olunsa, çox gözəl olar. Axı, biz həmin insanlara hiss etdirməliyik ki, həyat bitməyib, qarşıda xoş günlər var, inamınızı itirməyin. Son günlər bu məsələlər haqqında düşünürdüm.

Dostum Azər Qismətlə bir çay süfrəsində söhbət edirdik. Qəfildən ağlıma fikir gəldi ki, məhbuslar üçün kitab toplayaq. Nəcəf də bu fikrə qoşuldu. "Facebook"-da elan verdik, ardıcıl statuslar paylaşdıq və kitablar toplandı. İnsanların reaksiyası məni sevindirdi. Bizim insanlarımız xeyirxahdırlar. Onlar həmişə ehtiyacı olana yardım etməyə çalışırlar. Azər Qismət Penitensiar Xidmətlə əlaqə yaradıb, ideyamız haqqında məlumat verdi. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov məhbuslar üçün kitab toplama fikrimizi müsbət qarşıladı. Kitablar toplandıqdan sonra Penitensiar Xidmətlə birlikdə həbsxanalara təhvil veriləcək.

4 gün ərzində 300-dən çox kitab toplanıb. Kitabların toplanmasında Azərbaycan Yazıçılar Birliyinin və şəxsən şair Dayandur Sevginin böyük zəhməti oldu. Dəstək olan hər kəsə təşəkkür edirik. Biz insanları kitab oxumağa səsləyirik. Kitab oxuyan insanlar cəmiyyətdə çoxluq təşkil etsə, ölkəmiz adına daha böyük uğurlar əldə edə bilərik".

Aksiyaya qoşulmaq istəyənlər Nicat Həşimzadə ilə əlaqə saxlayıb (055 820 12 36), kitabları ona çatdıra bilər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti