Yeni ədəbiyyat saytı yaradıldı - "Azərbaycan oxucusu zövqsüz deyil"

2-03-2019, 23:25
Oxunub: 1252
"Çalışacağıq ki, oxucularımızın inamını doğruldaq"


Yeni ədəbiyyat saytı - edebiyyat.az mart ayının 1-dən fəaliyyətə başlayıb.

Saytın əməkdaşı Nicat Həşimzadə Etatist.com-a yeni işləri haqqında məlumat verərkən bildirib ki, bir neçə dəfə jurnal, qəzet yaratmağa cəhd etsələr də maddi çətinliklərə görə bu istəklərinə çata bilməyiblər:

"Beləcə sayt yaratmaq qərarına gəldik. Biz Rəsulzadənin “Şübhəsiz ki, bir gün həqiqət qalib gələcək” sözlərini özümüzə və saytımıza şüar seçdik. Ancaq bizi bəzi adamlar tənqid etdilər ki, Rəsulzadənin ədəbiyyata nə dəxli var? Rəsulzadə ədəbiyyatla birbaşa əlaqəli şəxsiyyət olub. “Əsrimizin Səyavuşu”nu, “Çağdaş Azərbaycan Ədəbiyyatı”nı yazan şəxsiyyət təbii ki, ədəbiyyatla birbaşa əlaqəlidir".

N.Həşimzadə bildirib ki, tam müstəqil ədəbiyyat saytı yaratdıqlarına görə sevinclidirlər:

"Sevinirik, ona görə ki, hansısa qurumdan, hansısa fərdlərdən asılı olmayan ədəbiyyat saytı yaratmışıq. Boğazdan yuxarı ədəbi təriflərin çoxaldığı, ədəbi mühitin çökdüyü bir zamanda çalışdıq ki, müstəqil fikirli gənclər üçün azad tribuna yaradaq. Çalışacağıq ki, üzərimizə düşən böyük məsuliyyətin öhdəsindən layiqincə gələk. Qəribə məqamlardan biri də bu oldu ki, bizi facebook mesajlarında təbrik edən redaktorlar, jurnalistlər saytımızın yaranması haqqında öz qəzetlərində, öz saytlarında məlumat dərc etmədilər. Biz heç kimdən incimirik, hər kəsi anlamağa çalışırıq. Bəlkə də onları Rəsulzadənin adı narahat edir. Biz isə öz ali dəyərlərimizlə fəxr edirik və özümüzü həmin dəyərləri yaşatmağa borclu bilirik. Azərbaycan oxucusu zövqsüz deyil. Sadəcə reytinq naminə oxucu zövqünü korlayırlar. Biz Azərbaycan oxucusunun zövsüz olmadığını, ciddi informasiyalara, ciddi bədii mətnlərə laqeyd qalmadığını sübut etmək niyyətindəyik. Saytın fəaliyyətə başladığı ikicə gündə bölgələrdən xeyli yazılar göndərilib, oxucuların təbrik mesajlarını almışıq. Çalışacağıq ki, oxucularımızın inamını doğruldaq. Azərbaycanda təəssüf ki, udulmuş ciddi qələm adamları var, onlar haqqında da məlumatlar paylaşacağıq".

Qeyd edək ki, edebiyyat.az saytının təsisçisi Nemət Mətindir.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti