Güclü külək əsəcək - XƏBƏRDARLIQ

9-01-2019, 13:39
Oxunub: 63
Yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti