Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə

13-12-2018, 13:26
Oxunub: 2282
"Biz başqalarına nə etməli olduqlarını demirik, sadəcə öz ölkəmizi necə inkişaf etdirdiyimizi göstəririk"


Finlandiya Prezidenti Sauli Niinistö qeyd edir ki, "İlkka Taypaleyə nəyə görə istədiyindən asılı olmayaraq, həmişə pul vermək lazımdır. Çünki o, istənilən halda xeyirxah işlərə sərf olunacaq". "Finlandiyadan 100 sosial innovasiya" kitabını da belə işlərdən hesab etmək olar. Çünki bu kitab dünyanın 40 ölkəsində nəşr olunub və bu ölkələrə Finlandiyanın inkişaf modelini təqdim edir.

Müsahiblərimiz “Finlandiyadan 100 sosial innovasiya” kitabının ideya müəllifi, Finlandiya Parlamentinin keçmiş üzvü İlkka Taypale və onun həyat yoldaşı keçmiş Sosial Məsələlər və Səhiyyə naziri Vappu Taypaledir. 50 ildən çoxdur ki, sosial işlərlə məşğul olsalar da “hələ çox işimiz qalıb” - deyirlər - “dünya hələ bizim nəvələrimiz üçün istədiyimiz kimi deyil”.

Onlarla İlkka Taypalenin redaktoru olduğu kitabdan, Finlandiyanın inkişaf yolundan, fin təhsilindən, səhiyyəsindən, Azərbaycanda olduqları müddətdə gördüklərindən və Azərbaycanda keçirilən kitab təqdimatından danışdıq. “Finlandiyadan 100 sosial innovasiya” kitabının Azərbaycanda keçirilən təqdimatından çox razı qalıblar və “Azərbaycanı belə təsəvvür etmirdik” deyirlər... Daha geniş isə müsahibədə oxuya bilərsiniz.

Etatist.com Şəhriyar Məcidzadənin İlkka və Vappu Taypaledən aldığı müsahibəni təqdim edir:

Şəhriyar Məcidzadə: Xoş gördük sizi. Öncəliklə soruşmaq istərdim ki, “Finlandiyadan 100 sosial innovasiya” kitabının fikri nədən yarandı?
İlkka Taypale: Vappu Finlandiyada Rifah və Səhiyyə üzrə Milli Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri idi. Bu mərkəzdə 500 nəfər çalışırdı, ancaq bununla bərabər, texnoloji innovasiyalar üzrə fəaliyyət göstərən mərkəzdə daha çox işçilər çalışırdı və onlar daim pula nə qədər ehtiyacları olduğu, xərcləri haqqında danışırdılar. Beləliklə də düşündük ki, buna etiraz etməliyik.
Vappu Taypale: Qeyd etmək istəyirəm ki, texnoloji inkişaf hər zaman sosial innovasiyalardan qaynaqlanır. Çünki onlar sosial fabrikdən gəlir, təhsilli işçilər, hazırlıq və yoxlama tələb edir. Bütün bunların hamısı da sosial innovasiyadır. Bunlarsız texnoloji inkişaf da irəli gedə bilməz...
İ.T.: ...Və texnoloji innovasiya ilə sosial innovasiya arasında fərq budur ki, sosial innovasiyanı patentləşdirmək mümkün deyil. Bu innovasiyalar adi ev şəraitində evdar qadınlar tərəfindən də yaradıla bilər... 

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə

"Bizim prezidentlə səmimi münasibətimiz var"

Ş.M.: Mən kitabınızda da oxumuşdum, qeyd etmişdiniz ki, sosial innovasiyaları patentləşdirmək olmaz. Bu kitabın ön sözündə Finlandiyanın Prezidenti yazır ki, İlkka Taypalenin istənilən təklifinə hər zaman dəstək olmaq lazımdır...
İ.T.: (Gülür) Bu ona görədir ki, bizim prezidentlə səmimi münasibətimiz var. Məsələ budur ki, Finlandiyada bizim çox yaxşı dostluq əlaqələrimiz var. Finlandiya Parlamentində arxa palata fəaliyyət göstərir və bu palatada olanlar çox təcrübəli şəxslərdir. Mən də bu palatanın rəhbəri olmuşam. Həmin ərəfədə orada müxtəlif partiyalardan təmsilçilər var idi və biz hamımız çox yaxşı dostluq əlaqələri qurmuşuq.

Ş.M.: Bəs bu kitab haqqında necə, müzakirə apardınız? Məsələn, Finlandiyada bir millət vəkili prezidentlə birbaşa görüşə bilirmi?
V.T.: Finlandiyada Prezident öz partiyasından olmayan fərqli partiya nümayəndələrinə də hər zaman açıqdır. Ancaq əlbəttə ki, biz onu çox da narahat etməməliyik. Ona görə də, bir ideyanı bölüşərkən mütləq şəkildə bunun üzərində ciddi düşünmək lazımdır.

Ş.M.: Kitabda olan hər bir innovasiyanın müəllifi Finlandiyada müxtəlif, yüksək vəzifə tutan və eyni zamanda da vətəndaş cəmiyyətindən olan aparıcı şəxslərdir. Bütün ideyaların hamısını, başlıqları cənab Taypale özü müəyyən edirdi, yoxsa müəlliflər bu innovasiyaları, ideyaları təklif edirdilər?
İ.T.: Bəli, biz ilk öncə 70 məqalə toplamışdıq. Daha sonra müxtəlif insanlara da müraciətlər etdik. Bununla da 110-a yaxın və deyərdim ki, ondan da çox şəxslərlə söhbətimiz oldu. Biz çalışdıq aralarından ən yaxşısını seçək, xüsusilə, diqqət etdik ki, müəlliflər cəmiyyətin müxtəlif çevrələrindən olsunlar. Təbii ki, bura nazirlər, millət vəkilləri və bu innovasiyaların yaranmasında iştirak edən şəxslər daxildir. Məsələn, Vappu özü uşaqlara bağçaların pulsuz xidmət göstərməsi ideyasının təşəbbüskarıdır. Və tezliklə bizdə bağçalar pulsuz oldu. Yaxın 5 ildə bu, bir çox ölkələrdə belə olacaq, ancaq biz buna 1980-ci illərdə nail olmuşuq.

Ş.M.: Kitabın arxasında da qeyd edilib ki, kitab dünyada 27 dilə tərcümə edilərək nəşr olunub. Bu kitabların tərcüməsindən sonra bütün ölkələrdə təqdimatda iştirak etmisiniz?
İ.T.: Əslində kitab 40 dilə tərcümə olunub və daha 10 dildə də yayımlanması planlaşdırılır. Belə deyə bilərik ki, 50 dildə. Demək olar ki, əksəriyyətində iştirak etmişik. Bəzən bu kitabın çapı çox tez bir zamanda edilirdi. Məsələn, deyə bilərəm ki, alman dilinə, fransız dilinə və başqa 20 dilə bu, belə olub.

Ş.M.: Kitabın təqdimatı müxtəlif ölkələrdə keçirilib. İştirak etdiyiniz təqdimatlara dair təəssüratlarınız nələrdir, sizi və fin innovasiyalarını necə qarşıladılar?
V.T.: Bilirsiniz ki, müxtəlif ölkələrdə siyasi vəziyyət də müxtəlifdir. Lakin çox az ölkədə kitaba senzura qoyulub. Bəzi ölkələrdə kitabın təqdimatı çox rəsmi, bəzilərində çox şən keçib. Ancaq bütün bunların içərisində ən maraqlı məqam odur ki, hər ölkə bu kitabdan öz siyasi düşüncəsinə tətbiq edəcək nələrsə tapıb.

"Bakıdakı təqdimat bu günədək kitabımızla bağlı keçirələn ən şən, ən maraqlı təqdimatlardan biri idi"

Ş.M.: Bəs, kitabınızın Azərbaycanda keçirilən təqdimatı ilə bağlı təəssüratlarınız necə oldu?
İ.T.: Oo... mən rəqs edirdim. Bakıdakı təqdimat bu günədək kitabımızla bağlı keçirələn ən şən, ən maraqlı təqdimatlardan biri idi. İnsanlar çox açıq, səmimi idilər, deyə bilərəm ki, heyran qaldıq.

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə
("Finlandiyadan 100 sosial innovasiya" kitabının təqdimatından)

Çünki, məsələn, biz bəzi ərəb ölkələrində, İordaniya, Liviya, Tunis və Misirdə də olmuşuq. Bu ölkələrdə təqdimat, əsasən, univeristetlərdə, akademik və rəsmi yerlərdə keçirilib. Təbii ki, bu ölkələrdə təqdimat da çox çox fərqli keçirilib. Bir çoxunda deyərdim ki, çox çətinliklə olub, ancaq Tunisdə məsələn, təşkilatlatçılar və iştirakçılar ancaq QHT nümayəndələri idi. Xüsusilə, Vyetnamda təşkil edilən təqdimata biz heyran qaldıq. Biz akademiyaya dəvət olunmuşduq, hansı ki, hökumətin düşünən beyinləri burada təmsil olunurlar. Bu, açıq bir tədbir oldu. Müxtəlif partiyalardan nümayəndələr də iştirak edirdi və onlar gördülər ki, biz gələcəyimiz üçün hansı yolu seçmişik. Təbii ki, biz Finlandiyadan danışmırıq. Biz skandinav modelindən danışırıq. Biz başqalarına nə etməli olduqlarını demirik, sadəcə öz ölkəmizi necə inkişaf etdirdiyimizi göstəririk. Hər bir ölkə də öz yolunu özü seçməlidir.
Çox maraqlı tədbirlərdən biri də Rusiyada olmuşdu. Kitab rus dilinə artıq 3 dəfə nəşr olunub. Onlar dedilər ki, siz bəzi fikirləri bizdən oğurlamısınız. Bu ideyaların bəziləri bizdə hələ kommunizm dövründə vardı. Məsələn, bərabərlik, sosial siyasət kimi və s. Biz əslində düşünürdük ki, tamam fərqli bir reaksiya görəcəyik. Lakin onlar bizə qarşı çox açıq, səmimi oldular. Qeyd edim ki, bu kitabda Rusiyaya qarşı 10 bölüm yer alıb: “Molotov kokteyli”, Finlərin hərbiləşdirilməsinə qarşı dirənişlər - biz çox üsyankar idik, Qandi ideyalarına sahib idik - və həmçinin kareliyalılar, hansılar ki, onların torpaqları Rusiya tərəfindən alınmışdı və finlandiyalılar bununla da, torpaqlarının 10 faizini itirmişdi. Orada yaşayanlar isə Finlandiyaya gəldi. Həmçinin kitabda müharibə əlillərinin qayğısına qalınması ilə bağlı bölüm var və onlar bunların heç birinə neqativ reaksiya vermədilər. Onlar da bilirlər ki, bu, tarixin parçasıdır, biz heç zaman nəyin yanlış, nəyin doğru olduğunu demirik. Bu, bizim tariximizdir.

Ş.M.: Mənim kitabda diqqətimi çəkən bu idi ki, kitab həm də çox demokratik dillə yazılıb. Çünki orada olan saami cəmiyyətinin rəhbərinin yazısında Finlandiyanın tənqid olunduğu elementlər gördüm, ancaq buna baxmayaraq, bu, kitaba salınmışdı.
İ.T.: Bəli, qaraçılar və saamilər cəmiyyətin bir kənarında qalan kiçik icmalar idilər. Onlar öz dillərində danışa bilmirdilər, lakin daha sonra onlar öz dillərində təhsil almağa başladılar. İndi mən 50 yaşında bir saami ilə tanış olmuşam və o, fincə bir söz belə bilmir, fin hərflərini də tanımır. Bu böyük dəyişiklikdir. Buna görə də deyə bilərəm ki, çoxdillilik bizim cəmiyyətin ən yaxşı xüsusiyyətlərindəndir. Vaxtilə isə bu olduqca çətin idi

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə

Ş.M.: Sizin Azərbaycanla bağlı müşahidələriniz nələr oldu? Çox güman ki şəhəri gəzdiniz. Məsələn, gender məsələləri və yaxud əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəyə dair gördükləriniz təsəvvürlərinizdən fərqli idimi?
V.T.: Düzü nə ilə qarşılaşacağımızı bilmirdik. Bizim təəssüratlarımız çox müsbətdir. İnsanlarınız çox mehribandırlar və gənc qızların inkişafı üçün çox böyük fürsətlər olduğunu gördük. Qadınlarınız bağlı deyillər, üzləri açıqdır və şəhər multikulturaldır, bu isə çox maraqlıdır. Ancaq məsələn, vaxtı ilə bizim də bəzi problemlərimiz olub. Bizim ölkədə vətəndaş müharibəsi olub. İlkkanın ailəsi qalib gələn, mənim ailəm isə məğlub olan tərəfdə olub. Ancaq uzlaşmaya varmaq hər zaman mümkündür. Bu, zaman alır, ancaq biz ümid edirik ki, siz də bu prosesə başlayacaqsınız.
İ.T.: Biz həqiqətən inanırıq ki, Cənubi Qafqazda olan bu 3 ölkə və deyərdim ki, ümumilikdə Qafqazda 6 ölkə skandinav ölkələri kimi birləşəcəklər. Bizə görə burada 2 mümkün həll yolu var: 60 il gözləmək, yaxud da prosesə başlamaq və 20 ilə nəticə əldə etmək. Yavaş-yavaş. Qanlı keçmişə və bu kimi başqa neqativ hadisələrə baxmayaraq, hər bir ölkə uzlaşma haqqında düşünməlidir.
Biz burada fundamentalizm görmədik. Qadınların üzləri açıqdır, hər yerə çox rahatlıqla gedə bilirlər. Əlbəttə, demək olar ki, haradasa kişi dominantlığı da var, elə bizim cəmiyyətimiz kimi. Ancaq cəmiyyətiniz açıqdır və bu yaxşıdır. Həmçinin, deyə bilərəm ki, məsələn nefti olan ölkədə kimsə birdən varlananda biz buna çox şübhə ilə yanaşırıq. Biz bilirik ki, neft neçə cəmiyyəti necə dağıdıb. Ancaq məsələn Norveçin də nefti var və onların fəaliyyəti, gəlirlərin paylanması sual altında deyil. Müşahidəmə əsasən deyə bilərəm ki, şəhər mərkəzi və ətrafında çox fərqli inkişaf xətti var. Ancaq düşünürəm ki, siz bu problemi də həll edəcəksiniz və hər zaman hər ölkənin öz problemini özü həll etməsi çox vacibdir.

"Hər yerə aid olmaq sizin ən böyük üstünlüyünüzdür"

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə

Ş.M.: Müşahidələrinizə əsasən Azərbaycanı Avropaya inteqrasiyada görə bildinizmi? Çox qısa müddətdə burada oldunuz bilirəm, ancaq ilkin təəssüratınız nədir? Azərbaycan nə qədər Şərqə, nə qədər Qərbə aiddir?
İ.T.: Deyə bilərəm ki, hər yerə aid olmaq sizin ən böyük üstünlüyünüzdür. Siz keçmiş Sovet İttifaqının tərkibində olmusunuz. Sizin Rusiya ilə yaxşı və müxtəlif səviyyələrdə əlaqələriniz var. Ancaq bilmək vacibdir ki, Qərb mədəniyyəti hər zaman çoxlu yeni imkanlar verir. Dil bilmək də bu üstünlüklərdən biridir. Fərdi, QHT səviyyəsində əlaqələr və dil bilgisi bu üstünlüklərə aiddir. Hər ölkənin özünəməxsus problemləri var, məsələn, İran kimi. İranın 30 milyon cənubi azərbaycanlı problemi var. Artıq kimsə uzlaşmaya varmalıdır. Biz Finlandiyada hər zaman deyirik ki, biz finlər başımızı aşağı əyirik, çünki qazandığımız nailiyyətlərlə fəxr etmirik. Biz Rusiya ilə dost olmağa çalışırıq və onlar da bilirlər ki, bizim sərhədlərimiz var. Biz bu sərhədlərdən qorxmuruq, çünki biz Qış Müharibəsini də görmüşük və bu kifayətdir! Bizdə artıq bir daha müharibə olmayacaq.

Ş.M.: Baltikyanı ölkələr iqtisadi, sosial sahələrdə qısa müddət ərzində ciddi irəliləyiş əldə etdilər. Qısa olaraq bunun əsas kökünü, səbəbini nədə görürsünüz?
V.T.: Təbii ki, təhsil. Onlar öz milli qürurlarını qazandılar və dillərini qoruyub saxladılar. Öz xalqlarını bir yerə yığmağı bacardılar və bütün bunlardan sonra inkişafa nail oldular.

"Yaşa və izn ver başqaları da yaşasın! İnan və izn ver başqaları da inansın!"

Ş.M.: Bizim bəzi dostlarımız Estoniyada təhsil alır, biz onlarla “Skype”-da danışanda bildirirlər ki, burada yaşayan insanlar deyirlər ki, biz Finlandiyaya getmək istəyirik...
İ.T.: Deyərdim ki, onlar çox da milliyətçi deyillər, ancaq öz dillərini, mədəniyyətlərini və kitablarını qoruyub saxladılar. Kitablar çox önəmlidir. Əgər Azərbaycan nə vaxtsa daha möhtəşəm bir ölkə olmaq istəyirsə, universitetlər və kitablar ən önəmlisidir. Təbii ki, başqa xarici dil bilmək... Siz bizdən daha çox dil bilirsiniz. Dünyanın demək olar ki, hər yerində milli hisslər var. Məsələn, Rusiya kimi. Ruslar düşünürlər ki, rus mədəniyyəti və Ortodoks kilsəsi ən önəmlidir. 20 faiz müxtəlif millətdən ibarət əhalisi olan ölkə çox multikultural olmalıdır. Necə ki, bir zamanlar elə idilər. Beləliklə, əgər ölkə daxilində kiçik azlıqlar varsa, onlara azadlıqlar verilməlidir. Alman dilində belə bir deyim var “yaşa və izn ver başqaları da yaşasın! İnan və izn ver başqaları da inansın!”. Bizim də ölkəmizdə problemlərimiz var idi, ancaq yavaş-yavaş həll edə bildik. Siz də heç bir tərəfdən kömək gözləməməlisiniz, özünüz qərarlar verməlisiniz. Bu da gənc nəsillərlə mümkündür.

Ş.M.: Noyabr Hərəkatının özündən onlarla təşkilatlar yarandı və bunun yaradılmasında sizin birbaşa iştirakınız, rəhbərliyiniz, dialoqlarınız olub...
İ.T.: Biz cəmiyyətin ən aşağı, belə desək, arxada qalan kəsimlərinə yardım edən böyük bir qrup idik. Onlara məhbuslar, ruhi xəstələr, spirtli içki aludəçiləri, işsiz, evsiz insanlar və hətta homoseksuallar da daxil idi. Həmin vaxtlarda homoseksuallıq qanunla qadağan idi və bununla da biz çox güclü hərəkatlar yaratdıq. Xüsusilə də, evsiz insanlar üçün apardığımız mübarizə bu problem həll etmək üçün 50 ilə yaxın vaxt aldı. Həmin dövrdə bu hətta bizim üçün də çox çətin idi. Məsələn, ruhi xəstələrlə bağlı nəticələri 40 ilə ala bildik. Amma biz dəyişiklikləri gördük. O vaxtkı prezident Kekkonen bütün bu prosesləri özü şəxsən dəstəkləyirdi. Yavaş-yavaş, ancaq nail olurduq. Ölkənin kənd təsərrüfatında çalışanların çoxu müharibə veteranları idi və onlar yaşlı şəxslərdir. Ancaq onlar bizə qarşı mühafizəkar davranmadılar, əksinə bizi dəstəkləyirdilər. Biz pasifist idik və Finlandiyanın silahsızlaşdırılmasını tələb edirdik. Bu tələbi edənlərdən biri daha sonralar prezident, bir digəri baş nazir, ikisi xarici işlər naziri, üçü beynəlxalq münasibətlər üzrə professor, biri prezident ofisində mühüm siyasi qulluqçu oldu və ancaq biz ikimiz ruhi xəstəxanada çalışdıq (gülür).

"Dünya bizim nəvələrimiz üçün arzuladığımız kimi deyil"

Ş.M.: Cəmiyyətdəki bütün insan qruplarını əhatə etmiş 50 təşkilatın əsasını qoyan bir şəxs kimi öz missiyanızı tamamlanmış hesab edirsiniz, yoxsa hələ davam edəcəksiniz?
V.T.: Yox, hələ ki yox. Dünya bizim nəvələrimiz üçün arzuladığımız kimi deyil. Biz hələ işləməliyik. Bu isə zaman alır. Biz müəyyən irəliləyişlərə nail olmuşuq, ancaq dünyanın hərbsizləşdirilməsi və silahsızlaşdırılmasını istəyirik. Məsələ budur ki, bəzi ölkələrdə bunun üçün fürsətlər var. Bunlar pasifist hərəkatlardır, faşist hərəkatlar deyil. Bizim ölkəmizdə heç kim immiqrantlara qarşı deyil.

Ş.M.: Çox istərdim ki, Azərbaycandakı orta və yaşlı nəsil cəmiyyətdəki proseslərə sizin kimi baxsın. Sizin fəaliyyətiniz nəticəsində 30 ildən çoxdur ki, Finlandiyada demək olar ki, bütün əhali qrupları hamısı bir-birinə inteqrasiya olunmuş şəkildədir.
V.T.: Bəli. Deyə bilərəm ki, biz bir-birimizə qarşı məsuliyyətli cəmiyyətik.

Ş.M.: Mənim xanım Taypaleyə sualım var. Siz hökumətin naziri olmusunuz və cənab Taypale də deputat olub. Demək olar ki, siz hakimiyyətin icraedici və qanunverici orqanlarının nümayəndələrinin olduğu bir ailədə yaşamısınız. Münasibətinizdə, fəaliyyətinizdə, həmrəyliyinizdə bu hər hansı bir problem yaradıb və yaxud cəmiyyətin problemlərinə ortaq olaraq necə baxmısınız?
İ.T.: Həqiqətləri danış (Vappu Taypaleyə deyir və gülürlər).
V.T.: Bizim fikirlərimiz və məqsədlərimiz eynidir. Biz dünyanı sülh, bərabərlik və ədalətlə qurmağa çalışırıq. Əsas məsələ budur. Bəlkə də ailədaxili bəzi anlaşılmazlıqlarımız olub, lakin bu, artıq yoxdur.
Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə
İ.T.: Vappu nazir olduğu vaxt biz Çin səfirliyində nahara dəvət olunmuşduq. Səfir mənə tərəf yaxınlaşaraq mənimlə danışmağa başladı və mən Vappunu göstərərək ona dedim ki, “bağışlayın, amma nazir burdadır”. Mən orada iştirak edən nazirlərin həyat yoldaşları arasında yeganə kişi idim. Beləliklə, qadınların necə hiss edə biləcəyi haqqında kifayət qədər anlayışım var (gülürlər).
Mənim deputat olduğum vaxtlar boşanma halları çoxalmışdı. Bunların çoxu da şəhər ətrafı yerlərdən paytaxta gələnlər idi. Ancaq bu, əkinçilərə və fermerlərə aid deyil. Fermerler Helsinkiyə gəldikdə onların həyat yoldaşları kənd təsərrüfatı işləri ilə məşğul olurdu. Çünki onlar arasında müəyyən bir iş bölgüsü var idi. Bu, keçid dövrü sayılırdı. Lakin indi bu, o qədər də çətin deyil.
Bizim 4 uşağımız var idi və mən 12 il boyunca siyasətlə məşğul olmağı dayandırdım. Biz seçki kampaniyasında idik və bir dəfə oğlum zəng edib kobud şəkildə dedi: “Ata bəsdir, daha danışma. Evə qayıt”. Həmin vaxt onun 12 yaşı var idi. Beləliklə mən 12 il siyasətlə məşğul olmadım. Bu üsyanı yatırmağa qərar verdim və mən qalib gəldim. Onlar tələbə olduqdan sonra yenidən siyasətə başladım (gülür).

"Prezident istədiyi yerə gedə, öz pivəsini özü ala bilər"

Ş.M.: Siz gəlməmişdən 1 həftə əvvəl sosial mediada belə bir şəkil yayılmışdı. Azərbaycan cəmiyyətində bu şəkil böyük bir rezonans yaratdı. Çünki belə təqdim olunur ki, Finlandiya Prezidenti tədbirə gecikir və o tədbiri pozmamaq üçün sadə insanların arasında əyləşir.

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə
(Söhbət bu fotodan gedir - Etatist.com)

İ.T.: Bu, olduqca adi bir haldır. Prezident istədiyi yerə gedə, öz pivəsini özü ala bilər. Prezidentin bir mühafizəçisi var. Lakin onun həyat yoldaşı istənilən yerə mühafizəçisiz gedə bilər, bu, heç bir problem yaratmır.
V.T.: Bizim Prezidentimiz Niinstönün yaxın vaxtlarda övladı dünyaya gəlib. Uşağın hələ 1 yaşı tamam olmayıb. Və cənab Niinstö Prezident İqamətgahından çıxıb köşkə gedərək, ordan övladı üçün bez alır.
İ.T.: Bizim sabiq Prezidentimiz Tarya Halonen marketə özü mühafizəçisiz gedir, baxmayaraq ki, onun dövlət tərəfindən təmin edilmiş köməkçiləri, mühafizəçisi var. Yeganə problem budur ki, o, harasa getdikdə, hamı onunla şəkil çəkdirmək istəyir. O, isə bəzən sadəcə tək gəzmək istəyir.

Ş.M.: Bəs, məsələn, deputat, nazir kimi xidməti avtomobildən istifadə edirdinizmi?
İ.T.: Bizim xidməti maşınlarımız var idi. Lakin Finlandiyada siz xidməti maşından yalnız iş vaxtı istifadə edə bilərsiniz. Şəxsi həyatda istifadə etmək olmaz. Deputat olduğum vaxtlar da ictimai nəqliyyatdan istifadə edirdim, lakin rəsmi şəkildə də pulsuz aviareys, qatar və avtobus biletləri verilirdi. Evdən nazirliyə getməli olsanız, xidməti maşın gəlib sizi aparır, lakin şəxsi həyat üçün istifadə yolverilməzdir. Helsinkidə deputatlar taksidən istifadə edirlər. Lakin buna nəzarət olunur. Sarı mətbuat deputatların taksidən nə qədər istifadə etdiyini izləyir. Mən parlamentdə olduğum vaxt parlament üzvlərinin maaşı aşağı idi. Beləliklə qərara alındı ki, maaşlar artırılsın. Bizim parlamentdə həqiqətən də varlı üzvlərimiz var. Lakin qeyd etməliyik ki, bizim parlamentarilərimizin çoxu orta təbəqədəndirlər. Sən necə düşünürsən, Vappu?
V.T.: Bütün Finlandiya orta təbəqədir.

Ş.M.: Finlandiyada bir müəllimin maaşı nə qədərdir?
İ.T.: Mən sizə avroyla deyəcəm, amma xərcləri nəzərə aldıqda özünüz müqayisə edə biləcəksiniz. Orta məktəb müəllimləri minimum 2100 avro, həkimlər 2000-4000 avro maaş alır. Baş həkimlərin maaşı bir qədər çox olur. Həmçinin gecə növbəsində işləyənlərin maaşında da fərq olur. Biz şəhərətrafı yerlərdə işlədikdə, mənim maaşım ofis işçisinin maaşından 15 dəfə çox idi. Hal-hazırda mənim təqaüdüm ofis işçisinin təqaüdündən 2,5 dəfə çoxdur. Biz xoşbəxtik. Biz sosial demokratlar bunun üçün vaxtı ilə mübarizə aparmışıq və indi bəziləri deyirlər ki, bu ədalətsizlikdir (gülür).
V.T.: Mən RND Milli İnstitutunda baş direktor olduğum vaxtlar maaşım klinikada çalışan qadınların maaşından 3 dəfə çox idi. Beləliklə müxtəlif səbəblərdən asılı olaraq maaş da fərqli olur.
İ.T.: İndiki ailələr daha böyük evlərdə yaşayır. Biz iki uşağımız olduğu vaxtlar 50 kvadrat metrlik bir evdə yaşayırdıq. İndi isə iki uşaqlı ailələr 70-80 kvadrat metrlik evlərdə yaşayırlar. Kirayələr özəl bazarlarda 1500 avro ola bilər, amma bir çox bazarlarda bu, adətən, 1000 avro ilə limitlidir. Lakin hökumət bu ailələrə yaşayış üçün kreditlər verir.
V.T.: Amma bunu izah etmək çox çətindir, çünki siz ərzaq qiymətlərini və gündəlik xərcləri bilməlisiniz.
İ.T.: Biz pivəxanaya gedəndə yarım litrlik bir pivə minimum 4 avroya başa gəlir. Sizin pulla desək, 8 manat. Biz İçərişəhərdə yemək yeyəndə bu, çox az tutdu. Mən həyatımda ilk dəfə olaraq dəvə əti yedim. Əlavə olaraq quzu kababı, bir pivə və 3 Azərbaycan çaxırına birlikdə 80 manat ödədik. Finlandiyada hesab bundan iki dəfədən də çox olardı. Bu, çox münasib qiymətdir.
Ölkəyə daha çox turist gəldikdə gəlirlər həmişə artır. Lakin mən düşünürəm ki, biz buranı elə sevdik ki, başqalarını ölkənizə gəlməyə təşviq edəcəyik.
V.T.: Biz artıq poçtla 40 açıqca göndərmişik.

Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə

Ş.M.: Son olaraq, Azərbaycandakı gənc, orta yaşlı və yaşlı nəsil oxucularınıza nə demək istəyirsiniz?
V.T.: Ortaq macəralar, ortaq ideyalar tapmağa çalışın. Bir-birinizi tapın və əməkdaşlıq edin.
İ.T.:Əlbəttə, gələcək gənc insanlarındır. Lakin onlar yaşlıları təqdir etməlidirlər. Bu da çox vacibdir ki, yaşlılar gəncləri və onların yeni-yeni ideyalarını qiymətləndirsinlər. Hərbi yönümlü yox, beynəlxalq yönümlü olmaq lazımdır. Əlbəttə, cəmiyyətinizi öz mədəniyyət və tarixinizi əsas tutaraq formalaşdırmalısınız, lakin bunu başqalarına nifrət etmədən həyata keçirmək lazımdır. Xüsusilə, biz istərdik ki, bu regiondakı 6 ölkə düşüncə olaraq birləşsin. Onlardan üçü hazırda Rusiyanın tərkibindədir. Deməliyəm ki, Rusiya onlara bütün bu problemləri həll etmələri üçün müstəqillik verməlidir. Bütün ölkələr öz problemlərini özləri həll etməlidirlər. Bu, nə vaxtsa baş verəcək. Bunlar üçün yeni situasiyalar meydana gələcək. Bizim Murmansk, Kareliya və s. ilə əlaqələrimiz var. Lakin siz qonşularınızla olan əlaqələrdən qorxmamalısınız. İrandakı azərbaycanlılarla daha sıx əlaqələr qurmalısınız və İran bundan narahatlıq duymamalıdır. Beləliklə, bu, bütün ölkələrin gələcəyidir. Siz nə baş verdiyini xatırlamalı, lakin olanları bağışlamalısınız. Həmçinin barışıq əldə etməlisiniz. Bunun üçün başqa həll yolu yoxdur.
Şəhriyar Məcidzadə
Etatist.com


Finlandiyanın sabiq nazir və deputatından eksklüziv müsahibə
Kitabı əldə etmək istəyənlər 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kitabı sizə çatdıracaqlar.

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti