Mədəniyyətlərarası savaş (IV hissə) - Mədəniyyətlərarası sərhədlər

7-12-2018, 17:00
Oxunub: 765
"Sivilizasiyalararası qarşılıqlı təsirlər zorakılıqla müşaiyət olunma dərəcəsinə görə fərqlənir"


Əvvəli burada

Soyuq müharibənin böhran və qətliamlar üçün parlama nöqtəsi olan siyasi və ideoloji sərhədlər artıq mədəniyyətlərarası sərhədlərlə yer dəyişdirir. Soyuq müharibə Dəmir pərdə Avropanı siyasi və ideoloji baxımdan parçalayanda başlamışdı və Dəmir pərdənin enməsi ilə də sona çatdı. Avropanın ideoloji bölünməsi aradan qalxan kimi bir tərəfdən Qərb xristianlığı, digər tərəfdən isə ortodoks xristianlığı və İslam arasında yaranan kultural ziddiyyətlərin timsalında yenidən peyda oldu.

Avropada ən mühüm bölünmə xətti Uilyam Uollesin irəli sürdüyü kimi qərb xristianlığının 1500-cü ildəki şərq sərhədləri ola bilər. Bu xətt Finlandiya və Rusiya, eyni zamanda Baltik dövlətləri ilə Rusiya arasındakı indiki sərhədlər boyunca uzanaraq daha katolik olan qərbi Ukraynanı ortodoks şərqi Ukraynadan ayırıb Belarusiya və Ukraynanın içindən keçir, Transilvaniyanı Rumıniyadan ayırıb qərbə yönəlir və daha sonra indiki Xorvatiya və Sloveniyanı Yuqoslaviyanın qalanından ayıraraq Yuqoslaviyanı yarıb keçir. Balkanlarda bu xətt təbii ki, Habsburq və Osmanlı imperiyaları arasındakı tarixi sərhədlə üst-üstə düşür. Bu xəttin şimal və qərbində yaşayan xalqlar protestant və ya katolikdirlər; Avropa tarixinin feodalizm, intibah, inqilab, aydınlanma, Fransız və sənaye inqilabı kimi ortaq təcrübələrini paylaşıblar; onlar şərqdə yaşayan xalqlarla müqayisədə iqtisadi cəhətdən daha yaxşı təmin olunublar. Bu xəttin şərq və cənubundakı insanlar isə ortodoks və ya müsəlmandırlar; onlar tarixən Osmanlı və ya çar imperiyalarına tabe olmuş və Avropanın qalan hissəsində baş verən hadisələr onlara xəfif şəkildə təsir etmişdir və ümumilikdə iqtisadi cəhətdən elə də irəlidə deyillər; stabil, demokratik siyasi sistemlər yaratmaq mövzusunda da elə parlaq görünmürlər. Mədəniyyətin İpək  pərdəsi Avropadakı ən mühüm parçalanma xətti olan ideologiyanın Dəmir pərdəsini əvəzləmişdir. Yuqoslaviyada baş verən hadisələr göstərir ki, bu, nəinki fərqləndirici xətt, həm də vaxtaşırı baş verən qanlı münaqişələr xəttidir.

Qərb və İslam mədəniyyətləri arasındakı qarşıdurmalar 1300 ildir ki, davam edir. İslamın yaranmasından sonra qərb və şimala yayılan ərəb və məğribi dalğası yalnız 732-ci ildə Toursda sona çatmışdır. 11-ci əsrdən 13-cü əsrədək Xaçlılar Müqəddəs torpaqlara xristianlığı və xristian idarəetməsini gətirmək uğrunda müvəqqəti uğurlarla nəticələnən cəhdlər etdilər. 14-cü əsrdən 17-ci əsrə kimi isə Osmanlı Türkləri öz hakimiyyətlərini Orta Şərq və Balkanlara qədər genişləndirməklə, İstanbulu zəbt etməklə və iki dəfə Vyananı mühasirəyə almaqla nizamı alt-üst etmişdirlər. XIX və XX əsrin əvvəllərində Osmanlı qüvvələri gerilədikcə Britaniya, Fransa və İtaliya Şimali Afrikanın böyük bir qismi və Orta Şərq üzərində Qərbin nəzarətini təsis etdilər.

II dünya müharibəsindən sonra Qərb növbə ilə gerilədi; müstəmləkəçi imperiyalar çökdülər; ilk olaraq ərəb milliyyətçiliyi və daha sonra İslam fundamentalizmi özünü büruzə verdi; Qərb enerji qaynaqlarına görə İran körfəzi ölkələrindən ağır halda asılı vəziyyətə düşdü; neftlə zəngin müsəlman ölkələrinin maddi baxımdan varlanmaqları istədikləri anda silahlanmağa yol açdı. Ərəblər və İsrail arasında  bir sıra müharibələr baş verdi. Fransa 1950-ci illərin böyük bir hissəsini Əlcəzairdə qanlı və amansız savaşa həsr etdi; İngilis və fransız qüvvələri 1956-cı ildə Misiri işğal etdi; Amerikan qüvvələri 1958-ci ildə Livana daxil oldu; daha sonra amerikan qüvvələri yenidən Livana qayıtdı, Liviyaya hücum etdi, ən azı üç Orta Şərq dövləti tərəfindən dəstəklənən, “Zəiflərin silahı”ndan istifadə edərək Qərb təyyarə və təsisatlarını bombalayan və Qərbliləri əsir tutan İran, ərəb və islam terroristləri ilə müxtəlif hərbi qarşıdurmalara girdi. Ərəblər və Qərb arasındakı bu savaş 1990-cı ildə ABŞ-ın bəzi Ərəb ölkələrini digərlərinin hücumundan qorumaq üçün İran körfəzinə böyük bir ordu göndərməsilə kulminasiya nöqtəsinə çatdı. Nəticədə, NATO-nun öz cənub tribunasından gələcək  potensial təhdid və qeyri - stabilliyə qarşı planlaşdırılma tədbirləri getdikcə gücləndi.

Qərb və İslam dünyası arasında əsrlərdir ki, davam edən bu hərbi münasibətlərin səngiməsi ehtimalı görünmür və daha da öldürücü ola bilərdi. Körfəz müharibəsi bəzi ərəblərin İsrailə hücum edən və Qərbə qarşı duran Səddam Hüseynlə qürur duymasına səbəb oldu. Bu, həmçinin onlarda Qərb hərbi qüvvələrinin İran körfəzində mövcudluğunun, əzici hərbi üstünlüyünün və öz müqəddəratlarını təyin edə bilməməyin aşkar acizliyinin yaratdığı utanc və qəzəbə yol açdı. Neft ixracatçılarından savayı diktaturanın yaramadığı və demokratiyanın təşəkkülü üçün edilən cəhdlərin gücləndiyi bir çox ərəb ölkəsi iqtisadi və sosial inkişafın müəyyən səviyyəsinə çatmışlar.  Ərəb siyasi sistemlərində artıq bəzi boşluqlar ortaya çıxıb. Bu boşluqlardan əsas faydalananlar isə islami hərəkatlar olmuşdur. Qısası, Qərb demokratiyası ərəb dünyasında anti-qərb siyasi qüvvələrini gücləndirir. Bu keçici bir hadisə də ola bilər, lakin islam ölkələri ilə qərb arasındakı əlaqələri çətinləşdirəcəyi şübhəsizdir.

Bu münasibətlər həmçinin demoqrafiya səbəbi ilə də qarışıq hal alır. Ərəb ölkələrində, xüsusilə də Şimali Afrikada əhalinin təəccüb doğuracaq sayda artması Qərbi Avropaya olan miqrasiyanın da çoxalmasına yol açıb. İtaliya, Fransa və Almaniyada rasizm meylləri getdikcə daha da çoxalır və 1990-cı ildən etibarən ərəb və türk miqrantlarına qarşı olan siyasi reaksiyalar və zorakılıq halları daha intensiv və ümumi hal almağa başlayıb.

İslam dünyası və Qərb arasındakı bu qarşılıqlı əlaqəni hər iki tərəf də mədəniyyətlərin toqquşması olaraq görür. Hindli müsəlman müəllif M.J.Əkbərin müşahidəsinə görə “Qərbə növbəti meydan oxuma mütləq müsəlman dünyasından gələcək. Məğribdən Pakistanadək uzanan İslam ümmətində yeni dünya nizamı uğrunda mübarizə genişlənəcək”. Bernard Levis də oxşar nəticəyə gəlib:

Biz dövlətlərin izlədiyi siyasətləri aşan bir əhval-ruhiyyə və hərəkatla qarşı-qarşıyayıq. Bu məhz mədəniyyətlərin çarpışmasıdır – irrasional səslənsə də, bizim yəhudi - xristian mirasımıza, sekulyar mövcudluğumuza və hər ikisinin də dünya miqyaslı əhatəsinə qarşı köhnə rəqibin  şübhəsiz ki, tarixi reaksiyasıdır.

Tarixən, Ərəb İslam sivilizasiyasının digər böyük antaqonistik münasibəti paqan, animist və cənubdakı xristian zəncilərə qarşı olmuşdur. Keçmişdə bu antoqonistizm ərəb əsir tacirləri və əsir zəncilərin timsalında özünü büruzə vermişdir. Bu, Sudanda ərəblərlə qara dərililər arasında davam etməkdə olan vətəndaş müharibəsində, Çadda Liviya tərəfdarı qiyamçılarla hökumət arasındakı savaşda, Afrika Buynuzundakı ortodoks xristianlarla müsəlmanlar arasındakı gərginliklərdə, Nigeriyada müsəlman və xristianlar arasında iğtişaş və zorakılıqların təkrarlanmasına yol açan siyasi münaqişələrdə əks olundu. Afrikanın müasirləşdirilməsi və xristianlığın yayılması çox güman ki, bu sərhəd boyunca zorakılıq ehtimalını artıracaqdır. 1993-cü ilin fevralında Xartumda Papa II Paulun Sudanın İslami hökumətinin oradakı xristian azlığa qarşı yürütdüyü hərəkətlərlə bağlı çıxışı bu münaqişənin şiddətləndiyinin göstəricisidir.

İslamın şimal sərhəddində ortodoks və müsəlman əhali arasında Bosniya və Sarayeva qətliamları, serb və albanlar arasındakı zorakılıq, bulqarlar və ordakı türk azlığı ilə gərgin münasibətlər, osetinlər və inquşlar arası şiddət, ermənilər və azərbaycanlılar arasında mütəmadi şəkildə baş verən qırğınlar, Mərkəzi Asiyada ruslar və müsəlmanlar arasında gərgin münasibətlər və Qafqaz və Mərkəzi Asiyada Rusiyanın maraqlarını qorumaq üçün rus qoşunlarının mənzillənməsi də daxil olmaqla münaqişə getdikcə daha da alovlanır. Din etnik kimliklərin oyanışını gücləndirir və Rusiyanı cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı qorxularını yenidən canlandırır. Bu məsələ Arşi Ruzvelt tərəfindən mükəmməl şəkildə izah edilmişdir:

"Rusiya tarixinin böyük bir hissəsi slavyanlar və türklər arasındakı minilliklərə dayanan mübarizəyə həsr edilib. Rusların şərq qonşuları ilə min illərdir davam edən qarşıdurmasının səbəbi təkcə rus tarixinin deyil, həm də rus xarakterinin anlaşılmasında gizlidir. Bu gün Rusiya reallıqlarını anlamaq üçün əsrlər boyu rusları dəfələrlə özünə tabe edən qüdrətli türk etnik qrupu haqqında da bilgiyə sahib olmaq mütləqdir." 

Mədəniyyətlərarası münaqişə Asiyanın digər yerlərində də dərin kök salmışdır. Yarımadadakı müsəlman və hindular arasındakı tarixi savaş özünü yalnız Pakistan və Hindistan arasındakı rəqabətdə deyil, həm də Hindistanın daxilində getdikcə artan hərbi hindu birləşmələri və mövcud müsəlman azlığı arasında güclənən dini nifaqda göstərir. 1992-ci ilin dekabrında Ayodhya məscidinin dağıdılması Hindistanın sekulyar demokratik və ya hindu dövlət olaraq qalacağı məsələsini ön plana çıxartdı. Şərqi Asiyada Çinin qonşularının bir çoxu  ilə nəzərə çarpan ərazi münaqişələri mövcuddur. O, Tibetin buddist əhalisinə və türk-müsəlman azlığa qarşı amansız siyasət yürüdür. Soyuq müharibənin bitməsi ilə Çin və ABŞ arasındakı təməl fərqlər özünü insan haqları, ticarət və silah istehsalı kimi sahələrdə göstərdi. Deng Xaiopinqin 1991-ci ildə dediyinə görə bu müxtəlifliklər çox güman ki, azalmayacağına görə Çin və Amerika arasında yeni bir soyuq müharibənin başlanacağı qaçılmazdır.

Eyni vəziyyət Yaponiya və ABŞ arasında getdikcə mürəkkəbləşən əlaqələrə də şamil olunur. Bu halda mədəni fərq iqtisadi münaqişəni şiddətləndirir. Hər iki tərəfin insanları digərini irqçilikdə günahlandırır, lakin ən azından Amerika tərəfi öz antipatiyasını rasist deyil, mədəni formada bildirir. İki cəmiyyətin təməl dəyər və davranışları bundan daha fərqli ola bilməzdi. ABŞ ilə Avropa arasındakı iqtisadi problemlər Yaponiya ilə olduğundan daha az ciddi deyil, lakin onlar bənzər siyasi qabarma və emosional gərginliklər yaşamırlar, çünki Amerika ilə Avropa mədəniyyəti arasındakı fərqlər Yaponiya ilə olduğu qədər deyil.

Sivilizasiyalararası qarşılıqlı təsirlər zorakılıqla müşaiyət olunma dərəcəsinə görə fərqlənir. İqtisadi rəqabət Qərbin Amerika ilə Avropa subsivilizasiyaları və eyni zamanda hər ikisi ilə Yaponiya arasında hökm sürür. Avrasiya materikində etnik münaqişənin böyüməsi heç də az təsadüf olunmayan “etnik təmizləmə”nin şiddəti ilə ölçülür. Bu, fərqli mədəniyyətlərə mənsub olan qruplar arasında daha tez-tez və amansız şəkildə baş verir. Avrasiyada sivilizasiyalararası nəhəng tarixi sərhədlər bir daha alovlanmışdır. Bu, xüsusilə də Afrika burnundan mərkəzi Asiyayadək yaşayan millətlərin hilal-şəkilli İslami blokunun sərhədləri boyunca daha gerçəkdir. Digər tərəfdən isə müsəlmanlar, Balkanlardakı ortodoks serblər, İsraildə yəhudilər, Hindistanda hindular, Burmada buddistlər və Filippindəki katoliklərin bir-biriləri arasında da zorakılıq halları müşahidə olunur. Bir sözlə, İslam dünyası qanlı sərhədlərə sahibdir.
Müəllif: Samuel Hantinqton
Tərcümə: Günay Quliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti