Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlanıb

3-12-2018, 12:26
Oxunub: 28
Ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var


Bu gün Beynəlxalq Əlilliyi olan şəxslər günüdür. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Etatist.com-a verilən məlumata görə, ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var.

"Onlar nazirlik tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. 

Başqa sözlə, bu ilin 1 oktyabr tarixinə respublikada olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. 

İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, bu il nazirlik tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

Bu gün nazirliyin 14 bərpa-müalicə müəssisəsi var ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir", - nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilir: "Bu ilin 11 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub. Dövlət Məşğulluq Xidməti və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. Bu il müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib. Digərlərinin də mal və materiallarla təminatı davam edir
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti