Mədəniyyətlərarası savaş (III hissə) - Mədəniyyətlər nə üçün çarpışacaq?

17-11-2018, 15:35
Oxunub: 383
"Sivilizasiyalararası müxtəlifliklər əsrlər boyu ən uzun və şiddətli qarşıdurmalara səbəb olmuşdur"


Əvvəli burada

Mədəniyyət kimliyi gələcəkdə öz əhəmiyyətini daha da artıracaq və dünya 7 və ya 8 əsas mədəniyyətlərarası qarşılıqlı təsirin nəticəsində formalaşacaq. Buraya Qərb, Konfutsi, Yapon, İslam, Hindu, Slavyan – Ortodoks, Latın Amerikası və çox güman ki, Afrika mədəniyyəti daxildir. Gələcəyin ən mühüm münaqişələri bu sivilizasiyaları bir -birindən ayıran  mədəni sərhədlər boyunca baş tutacaq.

Bəs vəziyyət nə üçün bu həddə çatacaq?

İlk olaraq, vurğulamaq lazımdır ki, mədəniyyətlərarası müxtəlifliklər sadəcə həqiqət deyil, həm də ən mühüm həqiqətdir. Mədəniyyətlər bir-birindən tarix, dil, mədəniyyət, ənənələr və daha da vacibi din ilə fərqlənir. Müxtəlif sivilizasiyalara mənsub insanlar Tanrı ilə insan, fərd ilə qrup, vətəndaş və dövlət, valideyn və uşaqlar, ər və arvad arasındakı münasibətlər, hüquq və məsuliyyət, azadlıq və hakimiyyət, bərabərlik və iyerarxiya ilə bağlı fərqli fikirlərə sahibdir və bu müxtəlifliklər bir və ya iki günün deyil, əsrlərin məhsuludur. Və onlar tezliklə də yox olmayacaq. Bunlar siyasi ideologiya və rejimlər arası fərqliliklərdən daha əsaslıdır. Fərqliliklər mütləq münaqişə və münaqişə də mütləq zorakılıq anlamına gəlmir. Bununla belə, sivilizasiyalararası müxtəlifliklər əsrlər boyu ən uzun və şiddətli qarşıdurmalara səbəb olmuşdur.

2-ci səbəb isə dünyanın günü-gündən daha kiçik yer halına gəlməsidir. Müxtəlif sivilizasiyalara mənsub insanlar arasında münasibətlər genişlənir. Bu artan qarşılıqlı təsir mədəniyyət şüurunu və mədəniyyətlərarası fərqlilik və oxşarlıqların dərkini gücləndirir. Şimali Afrikalıların Fransaya köçü fransızlarda kinə səbəb olsa da, “yaxşı” avropalı sayılan katolik polyakların köçünə hörmət oyatmışdı. Amerikalılar yapon yatırımlarına Kanada və Avropa yatırımları ilə müqayisədə daha mənfi reaksiya vermişdilər. Oxşar şəkildə , Donald Horovitzin də qeyd etdiyi kimi, “bir İqbo Nigeriyanin hər hansı bir şərq bölgəsində  Ouerri İqbo və ya Onitsa İqbo ola bilər. Laqosda o sadəcə İqbodur. Londonda nigeriyalıdır, Nyu Yorkda isə afrikalı”. Müxtəlif sivilizasiyalara mənsub insanlararası qarşılıqlı təsirlər insanların mədəniyyət şüurunu artırır, bu isə öz növbəsində tarixin dərin qatlarınadək uzanan müxtəliflik və ədavəti gücləndirir.

3-cüsü isə dünyada baş verən iqtisadi modernləşmə və sosial dəyişiklik proseslərinin insanları uzun müddətdir ki, var olan lokal kimliklərindən qoparmasıdır. Onlar həmçinin bir kimlik qaynağı olan milli dövləti zəiflədir. Dünyanın əksər yerlərində din bu boşluğu doldurmaq üçün çox vaxt “fundamentalist” adı ilə adlandırılan hərəkatlar formasında hərəkətə keçmişdir. Belə hərəkatlar qərb xristianlığında, iudaizmdə, buddizm və hinduizmdə həmçinin islamda da nəzərə çarpır. Bir çox ölkə və dinlərdə fundamental hərəkatlarda fəal olan insanlar gənc, ali təhsilli, orta sinif peşəkarlar və iş adamlarıdır. Corc Veygelin vurğuladığı kimi dünyanın sekulyarlıqdan uzaqlaşması 20-ci əsrin sonlarındakı yaşayışa hakim olan sosial həqiqətdir. Gilles Kepelin “Tanrının intiqamı” adlandırdığı  dinin yenidən oyanışı milli sərhədləri aşan və sivilizasiyaları birləşdirən kimlik və bağlılığa bir əsas yaradır.

4-cü cəhət odur ki, mədəniyyət şüurunun inkişafı Qərbin ikili rolu sayəsində genişləndirilir. Bir tərəfdən Qərb qüdrətinin pik nöqtəsini yaşayır. Eyni zamanda isə və bəlkə də bunun nəticəsi olaraq Qərbli olmayan sivilizasiyalar arasında köklərinə dönmək fenomeni yaşanır. Getdikcə daha çox Yaponiyada mənəviyyata və asiyalaşmağa dönüş, Hindistanda Nehru mirasının sonu və hindulaşma, sosializm və milliyyətçilik kimi qərb ideyalarının uğursuzluğu və bunun nəticəsində Orta Şərqin yenidən islamlaşması və Boris Yeltsinin ölkəsindəki ruslaşdırılmaya qarşı qərbləşmə meylləri ətrafında gedən mübahisələri  eşidirik. Gücünün zirvəsində olan Qərb, dünyanı qeyri-qərb yolları ilə formalaşdırmaq istəyinə və qaynaqlarına sahib qərb olmayanlarla qarşı-qarşıyadır.

Keçmişdə qərbli olmayan cəmiyyətlərin elitası adətən Oksford, Sorbonna və ya Sandhurtsda təhsil alan və Qərb dəyər və davranışlarını mənimsəyən insanlar idi. Eyni zamanda qeyri-qərb ölkələrinin əhalisi adətən yerli mədəniyyətlərinə bağlı şəkildə yaşayırdılar. İndi isə bu vəziyyət tərsinə çevrilib. Qeyri-qərb ölkələrinin bir çoxunda elitanın qərbdən uzaqlaşdırılması və yerliləşdirilməsinin baş verməsi ilə yanaşı xalq kütlələri arasında qərb, xüsusilə amerikan tərz və adətləri daha geniş yayılmaqdadır.

5-ci amil isə  mədəni xüsusiyyət və müxtəlifliklərin daha az dəyişikliyə məruz qalması və nəticədə siyasi və iqtisadi məsələlərlə müqayisədə daha çətin həll olunmasıdır. Keçmiş SSRİ-də kommunistlər demokrat, zənginlər yoxsul ola bildilər, lakin ruslar eston və azərbaycanlılar əsla bir erməni ola bilmədilər. Sinfi və ideoloji münaqişələrdə açar sual “Sən hansı tərəfdəsən?” formasında idi və insanlar tərəf seçə və tərəflərini dəyişdirə bilirdilər. Sivilizasiyalararası münaqişələrdə isə sual belə qoyulur: “Sən kimsən?” Bu isə doğuşdan verilən və dəyişdirilə bilməyən bir gerçəkdir. Və bildiyimiz kimi Bosniyadan Qafqazlara və Sudanadək bu suala verilən yanlış bir cavab başa çaxılmış bir güllə deməkdir. Milli mənsubiyyətdən daha çox isə din insanlar arasında kəskin və xüsusi sərhədlər qoyur. Bir adam yarı fransız və ərəb ola və eyni zamanda hətta hər iki ölkənin  vətəndaşı ola bilər. Lakin yarı katolik və müsəlman olmaq isə.. daha çətindir.

Son olaraq bölgələrin iqtisadi müstəqilliyi artır. Gələcəkdə də yerli iqtisadi blokların əhəmiyyətinin artacağı gözlənir. Bir tərəfdən uğurla həyata keçirilən iqtisadi bölgəçilik mədəniyyət şüurunu gücləndirəcək, digər tərəfdən isə bu, yalnız ortaq bir mədəniyyətə əsaslanarsa, müvəffəq ola biləcək. Aİ Avropa mədəniyyəti və qərb xristianlığına söykənir. Şimali Amerika Azad Ticarət Zonasının uğurları isə hal-hazırda davam edən Meksika, Kanada və Amerika mədəniyyətlərinin birliyindən asılıdır. Bunların əksinə, Yaponiya özünəməxsus cəmiyyət və sivilizasiyaya malik olduğu üçün Şərqi Asiyada bənzər  iqtisadi müəssisə yaratmaqda çətinliklərlə üzləşir. Yaponiya digər Şərqi Asiya ölkələri ilə ticarət və investisiya əlaqələrini gücləndirsə belə, onlarla arasında olan mədəni müxtəliflik Avropa və Şimali Amerika nümunəsində olduğu qədər iqtisadi inteqrasiyanın baş verməsinə əngəl yarada bilər.

Əksinə, ortaq mədəniyyət  Çin Xalq Respublikası, Honq Konq, Tayvan, Sinqapur və digər Asiya ölkələrində yaşayan çinli cəmiyyətlər arasında iqtisadi əlaqələrin inkişafını açıq şəkildə sürətləndirir. Soyuq müharibənin bitməsi ilə mədəni oxşarlıqlar sürətlə ideoloji müxtəlifliklərin öhdəsindən gəlir və Çin ilə Tayvan bir-birinə daha da yaxınlaşır. Əgər mədəni oxşarlıq iqtisadi inteqrasiya üçün ilkin şərtdirsə, gələcəyin əsas Şərqi Asiya iqtisadi bloku çox güman ki, Çində cəmləşəcək. Əslində isə bu blok artıq ərsəyə gəlmək üzrədir. Murray Veydenbamın müşahidə etdiyi kimi regionda Yaponiya hakimiyyətinə baxmayaraq Asiyanın Çinə əsaslanan iqtisadiyyatı sənaye, ticarət və maliyyənin yeni episentri olaraq sürətlə meydana çıxır. Bu strateji zona texnologiyanın və istehsal qabiliyyətinin mühüm bir qismini (Tayvan), sahibkarlıq, bazar və xidmət bacarıqlarını (Honq Konq), mükəmməl kommunikaasiya sistemini (Sinqapur), nəhəng maliyyə kapitalı ehtiyatını (hər üçü) və çox geniş torpaq, qaynaq və işçi qüvvəsini (Çin) əhatə edir. .. Quançjoudan Sinqapura, Kuala Lumpurdan Manilayadək uzanan və çox vaxt ənənəvi klanların çoxluğuna əsaslanan bu güclü şəbəkə Şərqi Asiya iqtisadiyyatının onurğa sütunu olaraq təsvir edilir.

On qeyri-ərəb müsəlman ölkəsini: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Əfqanıstanı bir yerə toplayan İqtisadi Əməkdaşlıq Təşkilatının da əsasını mədəniyyət və din təşkil edir. Oxşar olaraq, Karikom, Mərkəzi Amerika Ümumi Bazarı və Merkosur da ortaq mədəni əsaslara söykənir. Bununla belə, Anglo-Latınların birləşdirilməsinə körpü ola biləcək Karib -Mərkəzi Amerika iqtisadi birliyinin yaradılması yolunda edilən cəhdlər uğursuzluğa məhkumdur.

İnsanlar öz kimliklərini etnik və dini zəmində müəyyənləşdirdiyi müddətcə, fərqli etnik mənsubiyyətə və dinə mənsub olanlarla aralarındakı əlaqələri “biz” və “onlar” kimi görəcəklər. Şərqi Avropada və keçmiş SSRİ-də ideologiya ilə qurulan dövlətlərin süqutu  ənənəvi etnik kimlik və oxşarlıqların ön plana çıxmasına imkan verdi. Mədəniyyət və dində olan müxtəlifliklər siyasi məsələlərə, insan haqlarından immiqrasiyaya, ticarətdən ətraf mühitə qədər olan bütün məsələlərə də fərqli yanaşma tərzi yaradır. Coğrafi bənzərlik Bosniyadan Mindanaoya qədər münaqişəli ərazi iddialarının yüksəlməsinə səbəb olur. Ən önəmlisi isə Qərbin demokratiya və liberalizmi dünyəvi dəyərlər olaraq aşılama, öz hərbi üstünlüyünü qoruma və iqtisadi maraqlarını irəlilətmə cəhdləri digər sivilizasiyalardan əks cavabların gəlməsinə yol açır. İdeologiyaya söykənən ittifaqlar yaratma və dəstək əldə etmə imkanı azaldıqca, dövlət  və qruplar ortaq din və mədəniyyət kimliyinə müraciət edərək dəstək alma cəhdlərini artıracaqlar.

Beləliklə, mədəniyyətlərin çarpışması iki mərhələdə baş verir. Mikro mərhələdə sivilizasiyalararası sərhədlərdəki qonşu qruplar bir çox halda zoraki yollarla ərazi və bir-birləri üzərində nəzarətə nail olmaq uğrunda mübarizə aparırlar. Makro mərhələdə isə müxtəlif sivilizasiyalara mənsub dövlətlər hərbi və iqtisadi güc uğrunda rəqabətə girir, beynəlxalq qurum və 3-cü tərəflər üzərində nəzarəti ələ keçirmək üçün mübarizə aparır və rəqabətçi bir şəkildə öz siyasi və dini dəyərlərini ön plana çıxarır.

Müəllif: Samuel Hantinqton
Tərcümə: Günay Quliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti