Mədəniyyətlərarası savaş (II hissə) - Mədəniyyətlərin təbiəti

16-11-2018, 15:00
Oxunub: 101
İnsanın mənsub olduğu mədəniyyət onu tanımağın ən əsas yoludur


Əvvəli burada

Soyuq müharibə dövründə dünya 1-ci, 2-ci və 3-cü dünya ölkələrinə bölünmüşdü. Lakin bu bölgü artıq öz qüvvəsini itirib. İndiki halda ölkələri siyasi və ya iqtisadi sistemlərindən, iqtisadi inkişaf səviyyələrindən daha çox mədəniyyət və sivilizasiyalarına görə qruplaşdırmaq daha məqsədəuyğundur.

Bəs bir sivilizasiyadan bəhs etdiyimiz zaman nəyi nəzərdə tuturuq? Sivilizasiya mədəni bir  quruluşdur. Kəndlərin, rayonların, etnik və dini qrupların, milliyyətlərin hamısı mədəni çeşidliliyin müxtəlif səviyyələrində müəyyən mədəniyyətlərə sahibdirlər. Cənubi İtaliyadakı bir kəndin mədəniyyəti şimaldakından fərqli ola bilər, lakin hər ikisi də onları alman kəndlərindən fərqləndirən ortaq italyan mədəniyyətini paylaşırlar. Avropalı cəmiyyətlər də öz növbəsində onları ərəb və ya çin cəmiyyətlərindən ayıran mədəni xüsusiyyətlər daşıyacaqdır. Bununla belə, ərəblər, çinlilər və qərblilər daha böyük mədəni quruluşun parçası deyil. Onlar sivilizasiyaları təşkil edirlər. Mədəniyyət insanları digər canlılardan fərqləndirən bir amil olmaqla yanaşı insanların yüksək mədəni qruplaşması və mədəni kimliyin ən geniş səviyyəsidir. Bu, dil, tarix, din, ənənələr, qurumlar kimi ümumi obyektiv elementlərlə, həm də insanların subyektiv eyniləşdirilməsi ilə müəyyənləşir. İnsanlar müxtəlif kimlik səviyyələrinə malikdir: Bir Roma vətəndaşı  özünü Romalı, italyan, katolik, xristian, avropalı və ya  qərbli kimi təsnifləndirə bilər. İnsanın mənsub olduğu mədəniyyət onu tanımağın ən əsas yoludur. İnsanlar öz kimliklərini yenidən müəyyənləşdirə bilirlər və nəticədə mədəniyyətlərin tərkib və sərhədləri dəyişir.

Mədəniyyətlər Çinlilər kimi geniş miqyaslı əhalini də (Lusian Pienin dediyi kimi dövlət olmaq iddiasında olan mədəniyyət) və ya Karayiblərdəki kiçik saylı Anqlofonları əhatə edə bilər. Bir sivilizasiya Qərb, Latın Amerikası və Ərəb mədəniyyətlərində olduğu kimi müxtəlif və ya  Yapon mədəniyyətindəki kimi tək bir milli dövləti özündə ehtiva edə bilər. Mədəniyyətlər kəsişə və ya uyğunlaşa və subsivilizasiyalara bölünə bilərlər. Qərb sivilizasiyası Avropa və Şimali Amerika kimi və İslam da ərəb, Türk və Maleyza kimi qollara bölünür. Mədəniyyətlər müzakirəyə açıq olmayacaq şəkildə əhəmiyyətlidirlər və onlar arasındakı münasibətlər tez-tez kəskin hal almasa belə, danılmaz bir həqiqətdir. Onlar dinamikdir:  yüksəlir, tənəzzül edir, bölünür və birləşirlər.Hər bir tarix tələbəsi bilir ki, sivilizasiyalar qeybə çəkilir və zamanın qumları ilə axıb gedir.

Qərblilər milli dövlətləri qlobal hadisələrin əsas aktorları olaraq düşünməyə meyllidirlər. Bununla belə, bu, yalnız bir neçə əsr belə olmuşdur. İnsanlıq tarixinin daha geniş dövrünü isə sivilizasiyalar tarixi əhatə etmişdir. Arnold Tonbi “Tarixin tədqiqatı” əsərində 21 əsas mədəniyyət müəyyənləşdirsə də, onlardan yalnız altısı müasir dövrdə mövcudluğunu qorumağa nail olub.

Müəllif: Samuel Hantinqton
Tərcümə: Günay Quliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti