Bakının Moskva prospektində yeni asma piyada keçidi inşa edilir

2-10-2018, 18:12
Oxunub: 132
Yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək


 Bakının Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Etatist.com-a verilən məlumata görə, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək.

Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.

Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək. Tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti