DSX: Azərbaycan və Rusiya Xəzərdə birgə təlimlər keçirib

19-09-2018, 13:23
Oxunub: 38
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant A.Buyerovun rəhbərliyi ilə “Brilliant” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Etatist.com-a verilən məlumata görə, səfər zamanı tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Rusiyanın “Brilliant” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimləri keçirilib. 

Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi kimi elementlər icra edilib.

Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmiləri ziyarət edilib.

Qonaqlar mədəni tədbirlər çərçivəsində “Heydər Əliyev Mərkəzi”ndə olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri, o cümlədən “İçərişəhər”, “Atəşgah” və “Qız Qalası” ilə tanış edilib.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti