Məcburi köçkünlər ayağa qalxdı

31-05-2013, 12:25
Oxunub: 797


Bu gün saat 11:00 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb.
 
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və "20 yanvar” küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir.

Məsələ ilə əlaqədar İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakiminin I müavini İlham İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda məsələ araşdırılır.

"Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək”, - deyə İlham İsmayılov bildirib.

Problemlə əlaqədar Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsilə də əlaqə saxladıq. Qurumun şöbə müdiri Elmar İsmayılov ANS PRESS-ə açıqlamasında hazırda hadisə yerinə getdiyini bildirib. "Bizə də məlumat veriblər ki, məcburi köçkünlər aksiya keçirir. İndi Mingəçevir şəhərinə gedirik. Onlarla görüşüb, danışacağıq. Məcburi köçkünlərin məskunlaşdırılması, onlara yeni mənzillərin verilməsi, onlar üçün şərait yaradılması məsələsi həmişə diqqətimizdədir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti