Albert Eynşteyndən M.K.Atatürkə məktub

4-09-2018, 11:00
Oxunub: 580
"Hökumətiniz istəyi qəbul edərsə, bunun həm də ölkənizə qazanc gəticərəyini ifadə etmək cürəti görürəm"


Bu gün kişinin qadınla əl sıxmasını müzakirə edən Türkiyədən Albert Eynşteyn belə iş istəyib. Cümhuriyyətin 83 -cü il dönümünü sadəcə qadınlara məxsus parkları, təriqət mənsublarının cübbələrini, yaxud qadınla əl ilə salamlaşmağın günah olub-olmadığını müzakirə edərək qeyd edirik.

Cümhuriyyətin hələ 10 yaşı olduğu günlərdəki Türkiyə ilə 83 yaşındakı Cümhuriyyət Türkiyəsinin fərqi: dünyanın gəlmiş-keçmiş ən dahi şəxsiyyətlərindən olan almaniyalı fizik Albert Eynşteyn 17 sentyabr 1933-cü ildə Ankaraya, Baş Nazirliyə göndərdiyi və “sadiq xidmətkarınız olmaqdan şərəf duyaram” sözlərinin də yer aldğı məktubunda Hitlerin iqtidara gəlməsindən sonra Almaniyada çalışmalarına imkan qalmayan 40 elm adamı üçün Türkiyədən iş istəyir. Eynşteynin xahişi Atatürk tərəfindən qəbul edilmiş və bu elm adamlarının hamısı Türkiyəyə gələrək universitet islahatında yer almışdılar.

Türkiyə Cümhuriyyət elanının 83-cü il dönümünü Bağcılar Bələdiyyə başçısının sadəcə qadınlara məxsus bir park açmağa cəhd etməsini, namazı cübbəsiz qılan kişinin səcdə anında arxadakı sırada namaz qılan kişini təhrik edib-etmədiyini, yaxud qadınla əl sıxıb görüşməyin günah olub-olmadığını müzakirə edərək idrak edir. Qutlu olsun!

Eynşteynin kim olduğunu burada izah etməyə ehtiyac yoxdur, onu hər kəs bilir. Bu səbəbdən də dərhal mövzuya, yəni dahi elm adamının məktubuna keçirəm. Almaniyada 1932-ci ilin payızında keçirilən seçkilər nəticəsində Adolf Hitlerin Nasional Sosialist Partiyası qələbə qazandı və Hitler 1933-cü ilin 30 yanvar günü baş nazir vəzifəsinə gətirildi.

Nasistlərin hədəflərindən biri - yəhudilərin, xüsusilə də, Almaniyadakı yəhudilərin yer üzündən silinməsi idi. O tarixdən bir neçə il öncə başlamış yəhudilər əleyhinə aksiyalar nasistlərin iqtidarı əldə etmlərindən sonra daha da artdı və çox sayda yəhudi Almaniyanı tərk etdi. Köç hazırlığı görən yəhudilər arasında dünyanın məşhur elm adamları da var idi və Albert Eynşteyn də onlardan biri idi. Berlin Universitetində müəllimlik edən, amma qısa bir müddət sonra artıq dərs verə bilməyəcəyinin fərqinə varan Eynşteyn 1933-cü ilin yazında Almaniyadan Fransaya köçdü və Parisdəki “Collage de France”da müəllimlik etməyə başladı. Bu vaxt nasist təhdidi altında olan musəvilərin himayəsi məqsədi ilə “Yəhudi Əhalisini Qoruma Qrupları Birliyi” adını daşıyan və qısa adı “OSE” olan bir qurum yaradılmışdı. Birliyin mərkəzi Parisdə idi və fəxri sədrliyinə də Albert Eynşteyn gətirilmişdi.

Elçiyə zaval olmaz

Albert Eynşteyn 1933-cü ilin 17 sentyabrında Ankaraya bu vəzifə ilə, yəni “OSE” nin fəxri sədri olaraq məktub göndərdi. Eynşteyn “Türkiyə Cümhuriyyəti Nazirlər Heyəti Rəhbərliyinə”, yəni baş nazirliyə xitabən son dərəcə xoş dillə yazdığı məktubunda Almaniyadakı bəzi qanunlara görə çox sayda elm adamının öz vəzifələrini icra edə bilmədiyini söyləyirdi. Elm adamlarının da çalışa biləcəkləri bir ölkə axtardıqlarını yazan Eynşteyn, həmçinin 40 nəfərlik mütəxəssis siyahısı hazırladıqlarını da yazırdı. O, bu insanların heç bir qarşılıq gözləmədiklərini və türk hökumətinin bəhs edilən elm adamlarını qəbul edəcəyi təqdirdə sadəcə insani davranış sərgiləməklə qalmayacağını, Türkiyənin də bu məsələdən qazancı olacağını ifadə etmişdi.

Eynşteyn indi baş nazirliyə bağlı olan “Cümhuriyyət Arxivi”ndə mühafizə edilən 17 sentyabr 1933-cü il tarixli məktubunu yazdığı zaman nazirlik məqamında İsmət bəy (İnönü) vardı. Sənədin üzərində yer alan və İsmət bəyin əl yazısı ilə olan qeyddən də anlaşıldığına görə İnönü 9 oktyabr günü məktubu “Maarif Vəkaləti”nə, yəni Milli Təhsil Nazirliyinə həvalə etmişdi. Milli Təhsil Naziri isə o dövrdə Rəşid Qalib bəy idi. Eynşteynin məktubunun alt qismində və yan trəfində əl yazısıyla üç maddə halında yazılmış bəzi qeydlər yer alır. Rəşid Qalib bəyə aid olduğu zənn edilən və çətinliklə oxunulan bu qeydlərdə keçən “təklif qanun və qanunvericiliyimizlə ... deyildir”, “bunları bügünkü şəraitə (şərtlərə) görə qəbula imkan yoxdur” şəklindəki ifadələrdən təklifin nazirlik tərəfindən ilk mərhələdə qəbul edilmədiyi görülür.

Ancaq Türkiyənin bu tarixdən dərhal sonra 40-dan artıq alman elm adamını dəvət edib, onlara universitetlərdə vəzifə verməsi və universitet islahatının da bu sırada keçirilməsi, Milli Təhsil Nazirliyinin qarşı çıxdığı təklifin qəbulunda çox daha yüksək bir məqamın, yəni şəxsən rəisi-cümhur Mustafa Kamalın işə qarışmasının təsirli olduğunu düşündürür. Bu məsələdəki digər sübut isə Prinston Universitetində 1949-cu ildə Eynşteyn ilə görüşən İstanbul Texniki Universitetinin təqaüdçü müəllimlərindən Prof. Dr. Munir Ülgürün ötən həftə “Cümhuriyyət” qəzetinin “Elm-Texnologiya” dərgisinə etdiyi açıqlamadır. Prof. Ülgür açıqlamasında Eynşteynin görüş zamanı “dünyanın ən böyük liderinə sahibsiniz”, “1933-cü ildəki universitet islahatı sırasında məni də ölkəniz dəvət etmişdi” dediyini nəql edir. Zənn edirəm bu ifadələr alman elm adamlarının Türkiyəyə birbaşa Atürkün təlimatı ilə gəlmiş olduqlarını göstərir.

Albert Eynşteynin 73 ildir arxivdə olmasına baxmayaraq, heç kimin fərqinə varmadığı bu məktubu tapmaq şərəfi dostum Məsud İlğıma aiddir. Uzun illər davam edən professional idarəçilik fəaliyyətindən sonra təqaüd günlərini araşdırmaçılıqla keçirən Məsud bəy indi Hitlerdən qaçaraq İstanbula gələn professorlardan olan maliyyəçi Fritz Neumarkın Türkiyə günlərindən bəhs edən “Boğaziçinə sığınanlar” adlı əsərini almancadan türkcəyə çevirməklə məşğuldur. Məsud İlğım Eynşteynin məktubunu daha öncə də yayımlanan, amma az sayda nəşr olunan bu xatirələrdən hərəkətə keçərək, geniş araşdırma etməyə başladığı sırada tapıb. Məktubu ilk dəfə yayınlamağıma izn verdiyi üçün özünə çox təşəkkür edirəm.

Məktubun tərcüməsi

“Mən, sadiq xidmətkarınız,

Prof. Albert Eynşteyn.

Əlahəzrətləri,

“OSE” dünya birliyinin fəxri sədri olaraq Almaniyadan 40 professorla həkimin elmi və tibbi araşdırmalarına Türkiyədə davam etmələrinə icazə verməyiniz üçün müraciət etməyi əlahəzrətlərindən rica edirəm. Sözü keçən insanlar Almaniyada hələ də qüvvədə olan qanunlara görə işlərini icra edə bilməməkdədirlər. Böyük təcrübə, bilgi və elmi ləyaqət sahibi olan bu şəxslər yeni bir ölkədə yaşadıqları təqdirdə çox faydalı olacaqlarını sübut edə bilərlər.

Əlahəzrətlərindən ölkənizdə yerləşmələri və çalışmalarına davam etmələri üçün izn verməniz barədə müraciət etdiyimiz böyük təcrübəyə sahib mütəxəssis və seçilmiş akademik olan bu 40 nəfər birliyimizə edilən çoxsaylı müraciətlər arasından seçiliblər. Bu elm adamları 1 il müddətində hökumətinizin təlimatları istiqamətində qurumlarınızın hər hansı birində 1 il boyunca heç bir qarşılıq gözləmədən çalışmağı arzu etməkdədirlər.

Bu müraciətə dəstək vermək məqsədi ilə hökumətiniz istəyi qəbul edərsə, sadəcə yüksək insani davranış sərgiləməyəcək, bunun həm də ölkənizə qazanc gəticərəyini ifadə etmək cürəti görürəm.

Əlahəzrətlərinin sadiq xidmətkarı olmaqdan şərəf duyan,

Prof. Albert Eynşteyn.

 
Tərcümə: Lamiyə Həbibova
Mənbə: “Hüriyyət” qəzeti
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti