Küləklə sovrulan Şeron Teyt

1-09-2018, 19:49
Oxunub: 813
"Həyatımın gedişatına taleyim qərar verir..."


İri, qəhvəyi gözləri və tilsimli gülüşü ilə dünyanın ən gözəl və ən bəxtsiz qadınlarından olan Şeron Teyt 26 yaşında öldürüldü. Həyat yoldaşı Roman Polanskiyə Tomas Hardi tərəfindən yazılan "Tess" romanını səhnələşdirməyi məsləhət bilən də Şeron Teyt idi. Üç Oskar mükafatlı "Tess" filmi də Şeron Teytə ithaf edilib. Onun başlıca filmləri arasında "Şeytanın gözü" (1966), "Qorxusuz vampir qatilləri" (1967), və "12+1 (On üçüncü oturacaqda)" (1969) kimi filmlər var. Şaron "12+1" filmindən 150 min dollar məbləğində pul almışdı.

Çarlz Manson təriqətinin üzvü olan Suzan Otkins "Mənasızlıq bir mənadır" fəlsəfəsi ilə heç bir səbəb yoxkən 5 dostu ilə birgə 1969-cu ildə Roman Polanskinin evinə girir və onun səkiz aylıq hamilə xanımı, aktrisa Şeron Teyti 16 yerindən bıçaqlayaraq öldürür. Evdəki toplu qətliamda öldürülmədən öncə Şeron Teyt ona yalvarır ki, "Məni öldürmədən öncə qarnımı yar, körpəmi yaşat." Ancaq Otkins bu yalvarışları vecinə belə almır. Şeronla birlikdə onun hələ doğulmamış oğlu Pol Riçard Polanski daxil bu qətliamda altı nəfər də həyatını itirir. "Pianist" filmi ilə Oskar mükafatı qazanan Roman Polanskinin anası da səkkiz aylıq hamilə ikən Polşada Auşvitz həbs düşərgəsində dünyasını dəyişir.

Gözəl, gənc, bacarıqlı Şeron Teyt

1960-cı illərin sonunda Elke Zommerə bənzəyən gözəlliyi ilə bütün diqqətləri öz üstünə çəkən Şeron Teyt Amerikan ordusunda vəzifəli Pol Teyt və xanımı Doris Teytin üç qızından ilki kimi 24 yanvar, 1943-cü ildə Texas, Dallasda dünyaya gəlir. Valideynlərinin tam adı Doris Qvendolin Villet və Pol Ceyms Teyt idi. Cütlüyün 25 yanvar, 1942-ci ildə evlənməklərindən bir ay yarım qabaq 7 dekabr 1941-ci ildə Yaponiyanın Pörl Harbor hücumunun ardınca ABŞ da İkinci dünya müharibəsinə daxil olur.

Şeron Teytin cənazəsi öz anası və oğlu ilə bir torpağa verilir. Teytin özündən balaca iki bacısı var idi, onlardan biri Debra, digəri isə Patrisia idi. O, yaşadığı müddət ərzində bacıları ilə yaxın münasibət saxlayırdı.

Teyt hələ 6 aylıq olanda uşaqlarla bağlı gözəllik yarışmasının qalibi olur. Atasının işi ilə əlaqədar olaraq 16 yaşına qədər altı şəhər dəyişib. 1959 və 1960-cı illərdə müxtəlif gözəllik yarışmalarını qazanıb. Atasının İtalyadakı Veronada vəzifədə olduğu müddətdə Silahlı Qüvvələr jurnalı olan "Stars and Stripes"-ın üz qabığına çıxır. İtaliyada yaşadığı günlərdə təhsil aldığı məktəbin "Məzuniyyət Günü Kraliçası" seçilir. O, seçilən basketbol oyunçusu idi. "Romeo və Culiyetta" məktəbdə səhnəyə qoyulan zaman o, Culiyetta rolunu oynayır. Rəvan italyanca danışmağı da bu dövrdə öyrənir.

Küləklə sovrulan Şeron Teyt

Nişanlısı tərəfindən döyülür


Şeron Teyt 1961-ci ildə Pet Bun ilə birgə reklam filminə çəkilir və çəkiliş məkanları arasında Veronanın da olduğu "Barabbas" adlı filmdə kiçik bir rol alır. 1962-ci ildə ailəsi ilə birlikdə Amerikaya qayıdır. İlk böyük çıxışını o dövrün məşhur televiziya serialı "The Beverly Hillbillies"də (1962) bank sekretariyası Canet Treqo rolu ilə edir. Elə həmin dövrdə sevgilisi Flipp Forq tərəfindən döyülür, xəstəxanaya yerləşdirilir. Beləcə, bu nişanlılıq dönəmi də sona çatır.

Evlənmədiyi halda 1964-cü ildən ölümünə qədər ayrılmadığı adam

Şeron Teyt 1964-cü ildə Varen Biti, Stiv Makkuin, Körk Duqlas və Cim Morrison kimi məşhur film ulduzları və müğənnilər üçün saç düzümü işini görən, rejissor Stenli Kubrikin "Spartak" adlı şahəsərində işləyən tanınmış saç ustası Cey Sebrinq ilə münasibət qurur. Sebrinq Teytlə evlənmək istəyirdi. Aralarına Roman Polanski girənə qədər bir müddət nişanlı olurlar. Teyt TV və kinoteatr karyerasına əngəl ola biləcəyi düşüncəsi ilə Sebrinqin evlilik təklifini qəbul etmir. Ancaq eşqləri Hollivud tarixinin bəlkə də ən böyük dostluğuna çevrilir və 1969-cu ildə qorxunc ölüm səyahətinə belə birgə gedirlər.

Küləklə sovrulan Şeron Teyt

Həyatına Polanski daxil olur


Şeron Teytin rejissor Roman Polanski ilə münasibəti "Vampirlərin rəqsi" filminin Londondakı çəkilişləri əsnasında başlayır. Polanski bu filmin həm rejissoru, həm aktyoru, həm də ssenaristlərindən biri idi. Teyt Polanskinin evinə köçür və öncəki sevgilisi Sebrinqi onunla tanış etməkdən də çəkinmir. Sebrinq Teyt üçün daim vazkeçilməz dost və həyatının sütunu kimi qalır.

1967: Şeron Teyt ili

Pleyboy jurnalı 1967-ci ilin Şeron Teyt ili olacağını öncədən görmüşdü. Ancaq Teytə ən çox istədiyi Polanskinin rejissorluğunu etdiyi "Rozmariyanın uşağı" filmindəki baş rolu bu filmin prodüserləri tərəfindən verilmir. Bu filmdə sadəcə epizodik bir rolda görünür. Bir ulduzu canlandırdığı "Kuklalar vadisi" (1967) filmi ümumən bəyənilməsə də, Teyt bu filmdəki rolu ilə "ilin ən yaxşı yeni ulduzu" nominasiyasında Qızıl Kürə mükafatını qazanır. Eyniadlı filmdə həmkarları Peti Dyuk və Barbara Parkinslə yaxın dost olur. Eyni il "Dalğalandırma!" (1967) filmində həftədə 750 dollarlıq bir məbləğlə işləyir. Malibu Barbi adı ilə tanınan Barbi kuklası Şeronun "Dalğalandırma!" filmində oynadığı obraz təməl daşı götürülərək yaradılıb. 1969-cu ildə bu film Türkiyə kinoteatrlarına gəlib.

Evlilik həyatı

1968-ci ilin yanvarın 20-sində Polanski və Teyt Londonda evləndi. Teytin qısa ömründəki ən yaxın dostlarından olan Barbara Parkins də orda idi.

Şeron Teyt eyni dönəmdə tamaşaçıların çox bəyəndiyi 1969-cu ildə yayımlanan "Qızıl oğruları" adlı komediya filmində döyüş səhnələrini dublyorsuz oynaya bilmək üçün Brüs Lidən dərs aldı. Bu rol üçün o, 125000 dollar məvacib alır. Eyni filmdə Din Martinlə birgə işləyir və qızıl saçlı qız rolunda oynayır. "Qızıl oğruları" filmində oynadığı qızıl saçlı Freya Karlson xarakteri 1999-cu ildə çəkilən “Austin Powers: The Spy Who Shagged Me” filmindəki Felisiti Şaqvel obrazı üçün ilham mənbəyi olub.

1969-cu ilin fevralında cütlük Doris Deyin oğlu, məşhur prodüser Teri Malçerin əvvəllər qaldığı evi kirayələyərək bura köçürlər. Teyt hamilə olduğu üçün kinoya bir müddət ara vermək istəyirdi.

Küləklə sovrulan Şeron Teyt


Çarlz Manson təriqətinin bilinən qətliamları

Bəşərin Aya ilk qədəm qoyduğu gündən 20 gün sonra, məşhur "Woodstock" konsertindən 1 həftə öncə 1969-cu il 9 avqustda həmin evdə səkkiz aylıq hamilə Şeron Teytlə yanaşı beş cəsəd tapılır. Onların arasında Teytin əvvəlki nişanlısı Cey Sebrinq də var idi. Cinayət baş tutmasaydı, Polanski 12 avqusta kimi Londonda qalacaqdı. Elə buna görə o, Teyti Voyçex Frikovski və Abiqayl Ann Folqerə əmanət etmişdi. Elə onlar da qurbanlar arasında idi. Bir digər qurban isə avtomobildə öldürülən 18 yaşındakı Stiv Parent idi. Teytin uşağı ilə birlikdə öldürülənlərin sayı altı nəfər olur. Onun bacıları da həmin gecə orda qalmaq istəsələr də, Şeron bunu gərək bilməmişdi.

Şeron Teytin qatillərinin 10 avqust 1969-cu ildə Los-Ancelesdə işlədiyi bir digər cinayətin qurbanlarının Paskalino Antonio Labianka və xanımı Rozmariya Labianka olduğu da aylar sonra müəyyən edilmişdi.

Küləklə sovrulan Şeron Teyt

Şeron Teyt və oğlu Pol Riçard Polanski 13 avqust 1969-cu ildə dəfn edilir. Bu cinayət dalğasının səbəbkarı olan qatillər Çarlz Mansonun hər dediyinə boyun əyən, öldürmək üçün öldürən dörd nəfər idi. Tam bir qətliam maşını olan Mansonu uşaqkən anası pivə qarşılığında satır. Uğursuz bir musiqiçi olan Manson zəif iradəli insanları ətrafına toplayaraq bir cinayət təşkilatı yaradır. Manson təriqət nümayəndələri sadəcə Şeron Teyt və dostlarını deyil, bir çox şəxsi də amansızca öldürdüklərini etiraf edib.

Cinayət hadisəsi 1969-cu ilin dekabrında həmin təşkilatdan Suzan Otkinsin etirafları olmasaydı, bəlkə də heç vaxt aydınlığa qovuşmayacaqdı. 1970-ci il 19 iyun tarixində Los-Ancelesdə başlayan istintaq işləri əyalətdə ölüm cəzasının ləğv edilməsi səbəbilə 1971-ci il 29 martda Çarlz Manson və təşkilatından dörd nəfərin həbsi ilə sona çatır. Bu hadisədən sonra Teyt ailəsi Çarlz Manson və qatillərin heç bir şəkildə əfv edilməməsi üçün bütün həyatlarını sərf eləyir.

Şeronun cinayətə qurban getməsinin ardından yaxın dostu Kristofer Cons mənəvi böhrana uğrayır, "ruhi çöküntü" diaqnozu qoyulan Cons aktyorluq fəaliyyətinə son verib inzivaya çəkilir.

Roman Polanski ən gözəl xatirələrinin Şeronla birgə keçirdiyi illər olduğunu söyləyirdi və onun ölmədən öncə oxuduğu "Tess" romanını dünyanın ən yaxşı filmlərindən biri etməklə yanaşı üç Oskar mükafatı da qazandı. Bu film xanımına həsr edilmişdi.

Bu cinayət özəl təhlükəsizlik şirkətlərinin qızıl dövrünü başlatdı

1969-cu ildə Teyt və dostlarının, 1980-ci ildə "The Beatles" üzvü olan Con Lennonun öldürülməsi və 1981-ci ildə film ulduzu Codi Fosterlə yaxından maraqlı bir şəxsin Amerika Prezidenti Ronald Reyqanı öldürmək cəhdi şok təsiri buraxmışdı. Əlbəttə ki, bu olaylar zənciri çox pul qazanan, çox məşhur şəxslərin özəl təhlükəsizlik şirkətləri tərəfindən qorunmasına gətirib çıxaracaqdı.

Şeron Teyti anımsayarkən...

Bu günə qədər Briyen Dö Bo, Tina Martin, Vitney Dilan və Leyla Conson müxtəlif filmlərdə bədbəxt Şeronu canlandırdı. Geyimləri üçün ən açıq qəhvəyi rəngini istifadə edirdi. Kəskin qoxulu parfümlərə və makiyaj ləvazimatlarına allergiyası var idi. Taleyə inanan biri idi. Şerona məxsus bəzi ifadələri də qeyd edək:

"Eşq hərtərəfli olmalıdır. O, insanı bütünləşdirir. Hər şeyi daha xəfif və əyləncəli edir. Gözəllik görünən, eşq hiss edilən bir şeydir..."

"Gerçək olan hər şeydə bir miqdar çirkinlik var. Çiçək belə solanda çirkinləşə bilir. Bir quş ovlananda, okean qabaranda çirkindir."

"Həyatımın gedişatına taleyim qərar verir. Başıma gələn heç nəyi əsla planlamamışam."

"Cazibədarlıq mənə baxan şəxsin gözlərindədir. Cazibənin mütləq olmalı olduğunu düşünürəm. Mənim bu xüsusiyyətim o qədər də bəlli deyil, məncə."
Tərcümə: Məmmədova Xuraman
Müəllif: Hakan Sonok
Mənbə: antraktsinema.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti