Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

29-08-2018, 10:41
Oxunub: 481
Festivalın təntənəli açılış mərasimi sentyabrın 19-u saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyliyə həsr olunan X Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, builki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 19-u saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbirdə xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək (solist xalq artisti Murad Adıgözəlzadə).

Festival çərçivəsində görkəmli müğənni, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunan “Azərbaycan opera səhnəmizin Nigarı” adlı silsilə tədbirlər təşkil olunacaq.

Sentyabrın 22-si saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcəklər.

Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu “Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.

Sentyabrın 23-ü saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu-rejissoru və rəssamı əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Festivalın bağlanış mərasimi sentyabrın 26-sı saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Konsertdə əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçı Pavel Milyukov çıxış edəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti